Plateresko
Plateresko (isp. Plateresco) — XV əsrin sonlarından başlayaraq 2 əsr davam edən, İspaniya və onun müstəmləkələri üçün ənənəvi olan və ispan mədəniyyətində əsas yer tutan memarlıq üslubu. Bu, qotik məkan anlayışının mudexar, qotik flamboyant və Lombardiya memarlığının dekorativ ünsürlərinin və Toskana mənşəli İntibah elementlərinin eklektik qarışığıdır.
Bəzən bu terminin adını "yastı" (plato — yayla) sözü ilə əlaqələndirsələr də, onun adı ispan dilində gümüş mənasını verən "plata" sözündən yaranmışdır və binaların incə, zərgər işinə bənzər şəkildə bəzənməsi nəzərdə tutulur. Bu termini ilk dəfə XVII əsrdə Dieqo Ortiz de Zunyiqa Sevilya kafedral kilsəsinin kral kapellası barədə işlətmişdir.
Bu üslub öz inkişaf tarixində 2 mərhələdən keçib və İntibahın ispan variantı hesab edilir. İlkin mərhələ XV əsrin sonuna təsadüf edir və kral Ferdinandın həyat yoldaşı kraliça İzabellanın şərəfinə isabelino adlandırılır, lakin XIX əsrdə yaranmış və kraliça II İzabellanın şərəfinə adlandırılan isabelino üslubu ilə səhv salınmamalıdır. Bu dövrdə qotik ənənələr güclü idi, mavritan elementləri də vardı və ümumilikdə bu dövr müxtəlif üslubların qarışığından ibarət idi. Həmin dövrdə Pireney yarımadasında hələ də ərəblər və ispanlar arasımda siyasi və dini qarşıdurmalar mövcud idi. Sonradan İtaliya incəsənətinin klassik formalarının İspaniyaya təsiri hiss olunmağa başladı.