1. Qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. Saçları qıvrılmaq.
– Onun … bir tutumluq ağ saqqalı ətsiz çənəsi üzərindən boğazına doğru qıvrılaraq uzanmışdı.
[Tutubəyimin] iri hörüyü ilan kimi ağ yastığın üstündə qıvrıldı.
// Təşbehlərdə.
Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm; Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm.
2. Halqa şəklində burulmaq, bükülmək, büzüşmək, yaxud bir tərəfdən o biri tərəfə əyilmək. İlan qıvrılıb yatmışdı.
– Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi.
3. Qatlanmaq, bükülmək, bürüşmək, büzüşmək. Soyuqdan yarpaqlar qıvrılmışdır.
4. Ağrıdan, sancıdan, hirsdən və s.-dən əyilib bükülmək, yığılmaq, büzüşmək (bədən haqqında). Xəstə dəhşətli ağrıdan qıvrılırdı.
– İki cəngavər, ilan vurmuş kimi, yerində qıvrılan yasavulbaşını … sicimlə çinarın gövdəsinə sarıdılar.
// məc. Əziyyət çəkmək, əzab çəkmək, iztirab çəkmək.
Fəxrəddin bu qədər əzici fikirlərin təsirindən qıvrıldığı zaman, oxuyan qız da … qəzəlləri oxumağa başladı.
5. Düz olmayan, əyri-üyrü, dalğavari şəkildə uzanıb gedən şey haqqında.
Qəhrəman … şəhərə girən yolun ağzına çıxır, uzaqdan qıvrılıb gələn yola tamaşa edirdi.
Ayağımız altında ilan-ilan qıvrılan çaylar var.