Bala Əfəndiyev
Bala İbrahim oğlu Əfəndiyev (1893, Çaykənd, Qazax qəzası – 1938, Bakı) — bolşevik dövlət xadimi, Azərbaycanda və Ermənistanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, repressiya qurbanı.
== Həyatı və fəaliyyəti ==
Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulub. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən nəsillərdən idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Balanın tərbiyəsi ilə əmisi molla Məhəmməd Əfəndi və atalığı Hacı Əhməd Əfəndi məşğul olurlar. Bala öz kəndlərində molla məktəbini bitirir. Daha sonra əmiləri Balada elm və sənətə olan böyük həvəsi görüb, onu 1907-ci ildə Qazaxda təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağa göndərirlər. Bala Əfəndiyev həmin siniflərdə təhsilini davam etdirir, rus dilinə yiyələnir[2]və 1912-ci ildə məktəbi bitirir.
Sərbəst həyat arzusu gənc Balanı 1913-cü ildə Bakıya gətirir.