Karotaj
Karotaj - geoloji kəsilişdə faydalı qazıntıların (neft, qaz, kömür, müxtəlif filiz və b.) müəyyən edilməsi, quyu kəsilişlərinin öyrənilməsi və başqa geoloji məsələlərin həlli üçün aparılan geofiziki quyu tədqiqatları
== Haqqında ==
Kəsilişdə hansı fiziki və ya kimyəvi parametrlərin öyrənilməsindən asılı olaraq elektrik, radioaktiv, akustik, qaz və b. karotaj növlərindən və onların kompleksindən istifadə olunur. Kompleks karotaj isə kəşfiyyatın hansı faydalı qazıntıya aparılmasından, rayonun geoloji quruluşundan, qazımanın texniki şəraitindən və b. asılı olaraq seçilir. Karotaj prosesində alınmış məlumatlar karotaj stansiyası kompleksinə daxil olan aparaturanın köməyi ilə qeydə alınır. Karotaj dioqramı öyrənilən parametrlərin verilmiş miqyasda quyu kəsilişi üzrə fasiləsiz dəyişməsini əks etdirir. Bəzi tədqiqatçılar karotaj termini əvəzinə "üsul", "-metriya" (məsələn: radiometriya, qamma-üsul) və "Quyuların geofiziki tədqiqatları" terminlərindən istifadə olunmasını məqsədəuyğun hesab edirlər.
== Elektrik karotajı ==
Elektrik karotajı (elektrokarotaj) quyu tədqiqatlarının geofiziki üsullarından biridir, süxurların və faydalı qazıntıların xüsusi elektrik müqavimətinə (r), polyarizasion potensiala və ya dielektrik keçiriciliyinə əsaslanır. Müqavimət karotajı (MK) və təbii elektrik sahələrinin karotaj üsulları (xüsusi polyarizasion potensial üsulla, SP, PÜ) daha geniş tətbiq olunurlar. Neft quyularında əsasən süxurların xüsusi elektrik müqavimətini təyin etmək üçün yan karotaj zondlaşdırılmasından, kömür və filiz yataqlarına qazılan quyuların tədqiqində isə süni partlayış potensiallarının (PP) karotajı və cərəyan qeydiyyatı üsullarından (TK, TKÜ) istifadə olunur.