Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır.
Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir.
Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.