Qarabağbozartması
İkinci növ ismi birləşmə əsasında formalaşan xörək adıdır. İkinci növ ismi birləşmələrdə tərəflərdən birincisi ikincisini müəyyənləşdirərək mənsubiyyət əlaqəsi yaradır. Bu zaman ikinci tərəfdəki söz mənsubiyyət şəkilçisi qəbul edir. (-ı, -i, -u, -ü; -sı, -si, -su, -sü). Birinci tərəfdəki söz isə forma cəhətdən adlıq hala oxşasa da qeyri-müəyyən yiyəlik halda olur. Tarixən söz birləşmələrinin bu növündə sözlər arasındakı əlaqə o qədər möhkəm olmuşdur ki, onların arasına üçüncü bir söz artırmaq mümkün olmadığından belə birləşmələrin bir qismi tədricən mürəkkəb söz kimi dildə sabitləşmişdir. Tərəflərinin nitq hissələri ilə ifadə olunması nöqteyi-nəzərindən ikinci növ ismi birləşmələr birincilərdən fərqlənir. Çünki bu zamanan bütün nitq hissələri substantivləşərək isim kimi çıxış edir. İkinci növ ismi birləşmələrin bu xüsusiyyəti “Qarabağ bozartması” adında da öz əksini tapmışdır.
Xüsusi hazırlanma üsulu var. Altı aylıq quzunu kəsir, dərisini bütöv çıxarırlar. Ayaq hissələrini iplə möhkəm bağlayırlar. Boğaz hissəsindən isə kəsilmiş heyvanın ətini iri-iri tikələrə doğrayıb yenidən dərinin içərisinə doldururlar. Torpağı bir az qazıb ət doldurulmuş dərini qazılmış yerə basdırıb, üstünü torpaqlayırlar. Həmin yerdə böyük bir tonqal çatırlar. Tonqal yanıb qurtarır, köz düşür. Həmin közü sonuncu odu sönənə qədər gözləyirlər. Sonra torpağı qazıb ət doldurulmuş dərini çıxarırlar. Dərinin içindəki ət tamamilə bişmiş olur, əl vuran kimi sümüyündən ayrılır. Bu yemək növündən daha çox çobanlar istifadə edir.