Ako qisası
47 ronin və ya Ako qisası — XVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir.
1701-ci ildə Yaponiyanın Ako bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir.
Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir.
47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.