is. [
ər. ]
1. Tale, nəsib, qədər, bəxt; bəxtə çıxan şey. [Falçı qarı:] Ay cavan, atdan düş, bir falına baxım.
Sənin qismətində, deyəsən, bir gözəl var. Çəmənzəminli.
Bizim qismətimiz göz yaşı deyil; Bizimdir yaşamaq, gülmək həvəsi. S.Vurğun.
// məc. Pay.
Bu günəşdən mənim niyə qismətim olmasın? Mir Cəlal.
Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı.
□ Qismət olmaq – bəxtinə çıxmaq, nəsib olmaq, payına düşmək, çatmaq.
Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir.
Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir.
[Hacı Həsən:] Bir belə müqəddəs şəxs ilə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. C.Məmmədquluzadə.
2. Parça, hissə.
Həmin hekayə iki qismətdən ibarətdir: biri o idi ki, mən indi nəql elədim. C.Məmmədquluzadə.
3. riyaz. Bir ədədin başqa ədədə bölünməsindən alınan ədəd.