Qiyaslı (Ağdam)
Qiyaslı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qiyaslı bir oymaq kimi 1727-ci ilə aid Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri adlı mənbədə Otuziki elinin (tayfasının) oymaqları arsında adı çəkilərək yaşadığı yerləri göstərilir. Mənbəyə görə, Otuzikilər tayfasının Qiyaslı oymağı Həsir adlı yerdə qışılayır, Kotan və Kələki adlı çayların kənarında əkinçiliklə məşğul olur, yataqları Müşkəbad kimi tanınan Qarabaldır çayının kənarında və Dərdan kəndində olan yaylaqları Mağavuz, Kuhistan yeri, Çağlı, Alagöl, Ərdaş və binək kəndi tərəfdədir.
XVIII əsrin əvvəllərində Qiyaslı kəndi yox, Qiyaslı oymağı var idi və bu oymaq köçərilərdən ibarət olmaqla yanaşı, yaylaq və qışlaqlarda yaşamını keçirir, əkinlərini isə aran Qarabağda edirdilər.
Digər mötəbər bir sənəd - Gürcüstan əyalətinin baş qubernatoru Yermolovun əmri ilə faktiki dövlət müşaviri Mogilyov və polkovnik Yermolov tərəfindən 1823 -cü il üçün tərtib edilmiş "Qarabağ əyalətinin təsviri" adlı sənəd Qarabağ əyalətinin vergi reyestri idi. Bu sənədə görə, Qiyaslı köçü 27 tüstüdən (yəni ailə) ibarət idi. Onlardan vergi ödəməyənlər maaf Yüzbaşı Bəylər – 1 tüstü, onun dayısı – 1 tüstü, bağban – 1 tüstü, rəncbərlər – 2 tüstü, bərbər və çavuş 2 tüstü, kasıblar 6 tüstüdən ibarət idi. Qiyaslıdan olan ailələr bir zamanlar Şuşa qalasında yaşayan və bir qoluda Şəkidə yaşayan Allahverdi ailəsinin soyundan idi.
Əlimizdə olan müfəssəl xəritələrdən ən qədimi 1817-ci ildə əlahəzrət imperatorun baş qərargahının hərbi topoqrafik depoda qravirovka etdirdiyi xəritə və 1837 ci illərə aid general mayor Baron fon Xovenin tərtib etdiyi Qafqaz vilayətinin xəritəsidir.