Qüdsi (film, 2007)
Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biri Abbasqulu ağa Bakıxanov olmuşdur. Film məhz Abbasqulu ağa Bakıxanovun əsərlərinin əlyazmaları əsasında, onun həyat və yaradıcılığına həsr edilmişdir. A.Bakıxanovun həyat yoluna işıq tutan Tiflis mühiti, Varşava, Sankt-Peterburqdan söz açmaqla yanaşı böyük mütəfəkkirin görüşdüyü gürcü, rus ziyalılarının da bədii obrazları filmdə öz əksini tapmışdır. Bakıxanov tarix, coğrafiya, dilçilik, din, astronomiya, bədii ədəbiyyat sahəsində irs qoyub getmişdir. Polkovnik Bakıxanovun rəsmi arxiv sənədlərindən film boyu istifadə olunmuş, eləcə də onun orden və medallarla təltif olunması faktları da filmdə öz təcəssümünü tapmışdır. Ən maraqlı məqamlar isə Qubadakı "Səkinəxanım" məscidində lentə alınmış ki, bu məscid də polkovnikin xanımı tərəfindən Abbasqulu ağa Bakıxanovun xatirəsinə ucaldılmışdır.
Alim, diplomat, hərbçi, yazıçı, şair, filosof olan Abbasqulu ağa şərəfli həyat yolu keçmiş və Ərəbistanın isti səhralarını dolaşarkən, Mədinə ilə Məkkə arasında "Vadii Fatimə" adlanan yerdə, vəba xəstəliyindən dünyasını dəyişmişdir.
Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, "Fətəli xan", "Leyli və Məcnun" və "Üzeyir ömrü" bədii filmlərinin fraqmentlərindən istifadə olunmuşdur.
Filmin bədii səhnələri ağ-qara çəkilmişdir.
Film proloq və epiloq hissələrindən ibarətdir.