QƏLƏNDƏRİLƏR
yoxsulluq içində yaşayan, dilənçiliklə məşğul olan, şəriət qanunlarına əməl etməyi özlərinə vacib bilməyən sufi təriqətlərindən birinin mənsublarıdırlar.
Onlar özlərini müsəlman hesab etsələr də, dini ayin və ibadətləri yerinə yetirmirdilər.
Heç bir əmək fəaliyyəti ilə məşğul olmayan qələndərilər dilənçiliklə məşğul olurdular. Qələndərilərin öz şəxsi mülkiyyətləri də olmamışdır. Onlar qeyri-adi görkəmləri ilə insanlardan seçilirdilər. Onlar saçlarını, qaşlarını, kirpiklərini qırxmış, qısa xirqə, eləcə də iri tüklü papaqlar geyinirdilər.
Onlar boyunlarından ağır bəzək əşyaları asıb, barmaqlarına iri üzüklər taxırdılar. Bu təriqətin mənsubları yalnız öz təkkələrində yaşayırdılar.
Qələndərilərin dünyagörüşü, eləcə də həyat tərzinə hinduizm və buddizmin təsiri olmuşdur. Bu təriqətin yaradıcısı monqol yürüşləri dövründə Səvadan Dəməşqə gəlmiş, fars əsilli Cəmaləddin Məhəmməd Yunus Səvaci (630/1232-ci ildə vəfat etmişdir) olmuşdur. Qələndərilik İslam dünyasının bir çox yerlərində yayılmışdır.