Reyhanlı (Zəngibasar)
Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd.
== Tarixi ==
Kənddə ancaq azərbaycanlılar yaşamışlar. 1832-ci ildə kənddə 80, 1873-cü ildə 277, 1886-cı ildə 308, 1905-ci ildə 405, 1914-cü ildə 599 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə Zəngibasar mahalının başqa kəndləri kimi, Reyhanlı kəndi də ermənilərin təcavüzünə məruz qalmış, kənd dağıdılmış, talan edilmiş, yandırılmış, əhalisinin bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar didərgin salınmışdır. Sovet hakimiyyətinin ilk illərində kəndə qayıtmaq imkanı qazanmış reyhanlılar oranı yenidən bərpa etmişlər. 1931-ci ildə kənddə 133 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, Reyhanimin əhalisi 1950-ci ildə Uluxanlı stansiyasında yük vaqonlarına doldurularaq Azərbaycana deportasiya edilmişdir. 1953-cü ildə İ. Stalinin vəfatından sonra əhalinin bir qismi kəndə qayıtmışdır. Lakin bu vaxt Reyhanlı bir kənd kimi ləğv edildiyindən onlar öz kəndlərində yaşasalar da, Həbilkənd (Kalinin) qəsəbəsinin sakinləri sayılmışlar. Kənd əhalisinin sonrakı taleyi isə 1988-ci il soyqırımı ilə nəticələnmiş, onlar öz ata-baba yurdlarından növbəti dəfə zorakılıqla qovulmuşlar.