RİFAİLƏR

sufi təriqətlərindən birinin ardıcıllarıdırlar. Təriqətin adı Əhməd ibn Əli Rifai (578/1183-cü ildə vəfat etmişdir) ilə bağlıdır. O, İraqın cənubunda Bətaih bölgəsində yaşamış, sufiliklə əmisi Mənsur Bətaihinin vasitəsi ilə tanış olmuşdur. Şeyxi isə tanınmış sufi Əli Vasiti olmuşdur. Əhməd Rifai bir çox əsərlər yazmışdır. O,Vasitidə vəfat etmiş, orada da torpağa tapşırılmışdır. Rifai təriqəti ən qədim sufi təriqətlərindən biridir. Onları əhmədilər və bətaihilər də adlandırırlar. Rifailik bir çox müsəlman ölkələrində geniş yayılmışdır. Onlar Yaxın Şərq, Misir, Anadolu və Balkanlarda fəaliyyət göstərirdilər. Rifailərin mənəvi təcrübələrinin əsasında insanın öz qüsurları və nəfsi ilə mübarizə aparma ideyası durur. Rifailərdə qırx gün davam edən xəlvətə çəkilmə ənənəsi mövcud idi. Eləcə də, onların Məhərrəm ayında yeddi gün sürən “məhərrəmiyyə” adlanan xəlvətə çəkilmə adəti də vardır. Bu zaman rifailər qadınları ilə yaşamır, tərkibində ət olan yeməkləri yemir və oruc tuturdular. Onlar tərki-dünya olub təklikdə və səssizlikdə ibadətlərini yerinə yetirirdilər. Rifailər qara çalmalarda gəzirdilər. Toplantılarında xalçaların üstündə əyləşib qavalların müşayiəti ilə ucadan zikrlər oxuyurdular. Tarixçilər yazırdılar ki, bunu edərkən onlara od toxunsa belə onun yanqısını duymurdular, hətta odu belə uda bilirdilər. Rifailər şüşə yeyib ilanlarla oynamağı bacarırdılar. Rifailikdə birlik olmamış, onlar bir çox təriqətlərə bölünmüşdürlər.
RİFAİ ƏHMƏD İBN ƏLİ
RİZA MƏHƏMMƏD RƏŞİD