Ruzi Musayev
Musayev Ruzi Əbdürəhman oğlu — texnika elmləri doktoru
Musayev Ruzi Əbdürəhman oğlu 1933-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra "Bibiheybət" NQÇİ-də operator, usta köməkçisi, usta və Dövlət şəhər texniki nəzarət idarəsində mühəndis-inspektor (müfəttiş) işləmişdir. 1961-ci ildən Azərbaycan EADNQYPİ-da mühəndis, kiçik elmi işçi, böyük elmi işçi işləmişdir. 1961-ci ildə bu institutun aspirantı olmuşdur. 1992–2015-ci illərdə Azərbaycan MEA Geologiya və Geofizika İnstitutunda "Layın fiziki kimyası" laboratoriyasının rəhbəri olmuşdur. 1965-ci ildə "Neftdə həll olunan səthi-aktiv maddələr, onların adsorbsiyası və quyudibi zonanın emalı üçün tətbiqi şəraitləri (Abşeron yarımadasının yataqları timsalında)" mövzusunda namizədlik, 1991-ci ildə isə "Neft hasilatının intensivləşdirilməsi üçün neft emalı və neftkimya məhsullarının tətbiqinin fiziki əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Musayev R. Ə. neft və qaz quyularının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: laylarda baş verən səthi-molekulyar, kapilyar proseslər; neftin su ilə sıxışdırılması mexanizmi; layların neftverimi; SFM, qələvilərin, turşuların, aralıq neft emalı və neft kimyası maddələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin, məhsuldar qatda və quyudibi zonada fiziki və fiziki-kimyəvi üsulların təsiri altında baş verən mikroproseslərin öyrənilməsi; kimyəvi məhsulların əsasında sinergetik səmərəsi olan kompozisiyaların axtarışı; neft hasilatını intensivləşdirilməsinin yeni texnologiyalarının işlənilməsi; hasilat və suvurucu quyuların məhsuldarlığının artırılması; müəllif nəzarəti və texnologiyaların tətbiqi barədə alınmış barədə alınmış materialların təhlili; məhsuldar qatın (layın) ekologiyası.
Musayev R. Ə. 140-dan artıq elmi məqalənin, 8 təlimatın (instruksiyanın) müəllifidir.