RƏQAİB

müsəlmanların Rəcəb ayında qeyd etdikləri müqəddəs gecələrdən biridir. Bu gecə Rəcəb ayının ilk cümə axşamında qeyd edilir. Bəzi təriqətlərin inancına görə bu gecə Məhəmməd peyğəmbər zamanların əvvəllərində yaradılmış və ona peyğəmbərlik verilmişdir. Bəzi rəvayətlərə görə Rəcəb ayının birinci cümə axşamı günü Məhəmməd peyğəmbər orucunu tutmuş, gün batandan sonra isə 12 rükətli namaz qılmışdır. Müsəlmanlar VI/XII əsrdən başlayaraq Rəqaib gecələrini qeyd etməyə başlamışdırlar. XII/XVIII əsrdən başlayaraq bu adət kütləviləşmişdir. Rəqaib gecələrinin qeyd edilməsini sufilər çox sevirlər. Onlar bu gecələrə xüsusi sayğı bəsləyir, bunun üçün “rəqaibiyyə” adlı qoşmalar da yazıb oxuyurdular. Osmanlı imperiyasında bu gecələrdə məscidlərin minarələrində qəndillər yandırılırdı. Bundan sonra Rəqaib gecəsi xalq arasında da yayılmış və müasir dövrümüzdə də keçirilməkdədir. Rəqaib gecəsində müsəlmanlar etdikləri günahlara görə Allah qarşısında tövbə və çoxlu sayda dualar edirlər. Ancaq bəzi ilahiyyatçılar bu gecənin keçirilməsinə, eləcə də o gecə xüsusi namazın qılınmasına qarşı çıxırlar. Onlar bu adətin bidət olduğunu iddia etmiş, bu barədə rəvayət edilən hədisləri isə uydurma hədislər hesab edirlər.
RƏCM
RƏSUL