SƏLMAN FARİSİ

(36/657-ci ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin ən tanınmış səhabələrindən biri olmuşdur. O, İranda İsfəhan şəhərinin yaxınlığındakı bir kənddə doğulmuşdur. İslamı qəbul edənə qədər onun adı Büzəxşənin oğlu Məbah olmuşdur. Onun atası zərdüşt dininə sitayiş etmiş, evində bu dində müqəddəs hesab edilən alovu yandırıb, onu qoruyurdu. Oğlunu da bu dinin qaydalarına uyğun böyütmüşdür. Ancaq sonra Məbah şübhələrə düşmüş və Suriyaya getmişdir. Orada o xristian olmuş və rəvayətlərə görə bir rahibin sonuncu peyğəmbərin gələcəyi haqqında söhbətini eşitmişdir. Bundan sonra Məbah Hicaza yollanmışdır. Ancaq ərəblər onun karvanına hücum etmiş və o əsir düşmüşdür. Sonra onu Vadi əl-Qurrədə bir yəhudiyə kölə kimi satmışdırlar. Daha sonra o yəhudi onu Mədinənin Qureyzə qəbiləsindən olmuş başqa bir yəhudiyə satmışdır. Məhəmməd peyğəmbər Mədinəyə hicrət etdikdən sonra Məbah onunla görüşüb İslamı qəbul etmişdir. Bundan sonra o, Səlman Farisi adı ilə tanınıb Məhəmməd peyğəmbərə ən bağlı səhabələrindən biri olmuşdur. Hicrətin 5-ci ilinə qədər Səlman köləlikdə qalmışdır. Buna görə də o, Xəndək döyüşünə qədər bütpərəstlərə qarşı olan savaşlara qatıla bilməmişdir. Sonra müsəlmanlar sahibinə pul ödəyib, Səlmanı azad etmişdirlər. Hicrətin 5-ci ilində Xəndək döyüşü zamanı onun təklifi ilə şəhər ətrafında müdafiə məqsədi ilə böyük çuxurlar qazılmışdır. Onu da düşmənlər aşa bilməmişdirlər. Bu taktikanın işlənməsi müsəlmanlara qələbə qazandırmışdır. Sonrakı illərdə də Səlman Farisi Məhəmməd peyğəmbərin yanında olmuş, onun vəfatından sonra isə Əbu Bəkrin xilafəti dövründə Mədinədə yaşamışdır. Ömərin xilafəti zamanı Səlman İrana qarşı aparılan müharibələrdə iştirak etmiş, iranlıları İslamı qəbul etməyə dəvət etmişdir. Daha sonra Səlman Fərat çayı sahilindəki Küfə şəhərinin (17/638) salınmasında iştirak etmişdir. Daha sonra o, İranın Mədainin şəhərinin valisi olmuşdur. Səlman Farisi hicrətin 36-cı ilində təxminən 80 yaşında vəfat etmişdir. Səlman Farisi tərki-dünyalığı ilə də seçilmişdir. Müsəlman ənənəsində ən inanclı səhabələrdən biri hesab edilir. Rəvayətlərə görə Məhəmməd peyğəmbər onu öz əhlibeyti elan etmişdir. Sufi təriqətlərinin bəzilərində və şiə ənənəsində ona böyük ehtiram bəslənilir. Bundan başqa Şəlman Farisinin adından çoxlu hədis də rəvayət edilmişdir.
SƏLƏFLƏR
SƏMA
OBASTAN VİKİ
Səlman Farsi
Salman Farsi (ərəb. سلمان الفارسي‎, fars. سلمان فارسی‎; 568, Kazeroun, Sasanilər dövləti – 657, Ktesifon) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.