is. [
ər. ]
1. Bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan; oturan, oturucu. Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri.
– Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə.
Aulun sakinlərindən heç biri ləkəli namusla yaşamaq istəmədi. M.Hüseyn.
// Yaşayan, yerləşən. Binanın sakinləri. Mehmanxananın sakinləri.
– Üç ildir ki, [evin] sakinləri bir qoca qarı, bir də onun nəvəsi balaca Svetlanadır. Ə.Məmmədxanlı.
Bütün ev sakinləri ya qonaqlar bu darvazadan qəsəbəyə çıxırdılar. Ə.Əbülhəsən.
□ Sakin etmək (eləmək) – yerləşdirmək, məskən saldırmaq, oturtmaq.
Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada o öz qardaş və bacısını sakin eləsin. C.Cabbarlı.
Sakin olmaq – bir yerdə (evdə və s.-də) yerləşmək, yaşamağa başlamaq, məskən salmaq.
Görürəm mən dünən gecə yuxuda; Yenə də sakin olmuşam Bakıda. M.Ə.Sabir.
[Qonça:] Mənim sakin olduğum evin yaxınlığına bir daha dolaşmayın. S.Hüseyn.
2. Sakit, səssiz, hərəkətsiz.
Sakin küçələr [Midhətə] geniş göründü, əsir şəhər hürr və məsrur idi. Çəmənzəminli.
Yorğun maral kimi sakin baxışlar; Bir öpüşdən daha kəskin baxışlar; Səndə nələr yoxdur, nələr, ah, nələr… M.Müşfiq.
□ Sakin olmaq – sakitləşmək, rahatlanmaq.
Dağlarda əkin olmaz; Heç kəs mən təkin olmaz; Sən yanıma gəlməsən; Ürəyim sakin olmaz. (Bayatı).
3. Ərəb əlifbasında: hərəkəsiz, hərəkəsi olmayan, hərəkə ilə oxunmayan. Sakin hərf.
– Habelə sakin “nun”dan (ن) ibarət olan tənvinlər də yazıda qeyd olunmalıdır. M.F.Axundzadə.