Sonuncu mogikan (roman)
Sonuncu mogikan (ing. The Last of the Mohicans, 1826) — Ceyms Fenimor Kuper tərəfindən yazılmış tarixi roman.
Amerika tarixinin ən əlamətdar hadisələrinə müraciət edən C.F.Kuper yenidən "Pionerlər" romanının üzərinə qayıdır və "Sonuncu Mogikan" (1826) adlı "Dəri Corab" silsilə romanlarının ikincisini yazır.
Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır.