Sulux
Dialektual baxımından bir qədər geniş areala malik olan bu söz “qoyunun ilk südündən hazırlanan yemək növü” mənasında Ağdam, Ağdərə, Cəbrayıl, Gədəbəy, Xocavənd, Kəlbəcər, Sabirabad, Tovuz, Ucar, Yevlax, Zəngilan şivələrində “meşənin ən qalın, keçilməz yeri” mənasında Quba dialektində, “qoz çırpmaq üçün nazik, uzun ağac” mənasında Qazax dialektində işlənir. (11, 447)
Gədəbəy şivəsində isə “nəfsini saxlaya bilməyən, hər şeyə tamah salan” mənasını bildirir. (11, 447)
“Sulux” sözü Qərbi Azərbaycanın Çəmbərək, Dərələyəz, İrəvan, Üçkilsə, Vedi, Zəngibasar şivələrində “əldə, bədəndə yanıq və s. nəticəsində əmələ gələn köpmə”, Çəmbərək və Qarakilsə şivələrində isə “qoyunun ilk südündən hazırlanan yemək növü” mənasında işlənir. (10, 338)
Çəmbərək şivəsində işlənən “suluxlamaq” feili dialektizminin də əsasında “sulux” sözü dayanır.
“Sulux” yemək adı kök+ şəkilçi modeli əsasında yaranmışdır. “-luğ” müasir türk dillərində məhsuldar şəkilçilərdəndir. Əksərən dörd variantda işlənən bu şəkilçi bəzi türk dillərinin morfologiyasında iki variantda qalmışdır. Halbuki Azərbaycan dilinin dialektlərində bu şəkilçinin 40 variantına rast gəlinir. İ. Kazımov qeyd edir ki, Axısqa türklərinin dilində -lux//nux şəkilçisi adlara artırılaraq keyfiyyət, xasiyyət, əlamət, peşə, hal vəziyyət, yer və əşya ifadə edən isimlər əmələ gətirir: adamlux, insannıx, qullux, satqunlux, eylux, azlux, çoxlux, samannux, dirgənnux, əgrənnux və s. lux şəkilçisi qohumluq bildirən sözlərə əlavə olunaraq ögey qohumluq mənasını ifadə edən isimlər əmələ gətirir: bacılux, qardaşlux, analux, babalux və s. (16, 195)