Suspenziya
Suspenziya — qaba dispers sistemlərdə dispers mühiti maye, dispers fazanı isə həll olmayan bərk maddə hissəcikləri təşkil edir. Məsələn, natrium-karbonat məhluluna kalsium-xlorid məhlulu əlavə edilərsə, süd rəngdə maye- kalsium-karbonatın çox kiçik hissəciklərinin suda qarışığı alınır.
Na2CO3 + CaCl2 = CaCO3↓ + 2NaCl
Bu qayda ilə hazırlanmış suspenziya sakit qaldıqda bir müddət sonra kalsium-karbonat qabın dibinə çökür.
Narın əzilmiş gilin suda qarışığı çalxalandıqda, həmçinin suspenziya alınır. Suspenziyanın dispers fazası filtirləmə və ya onun bir yerdə sakit saxlanılması zamanı ayrılır. Suspenziyanın dispers fazasının belə ayrılmasına "sedimentasiya" deyilir. Bu prosesin sürəti hissəciklərin ölçüsündən asılı olaraq müxtəlif olur. Hissəciklər iri olduqda onların ayrılması da sürətlə gedir.
Mineral suspenziya (su-kömür suspenziyası) bir mayedə (adətən suda) bərk materialın hissəciklərindən əmələ gələn kompozit dispers sistemdir.
Suspenziyanın davamlılığını artırmaq məqsədilə ona stablizator (elektrolitlər və səthi-aktiv maddələr) daxil edilir.