Səfalı Nəzərli
Səfalı Nəzərli (14 dekabr 1948, Ləmbəli) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri.
Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb. 1993-2000-ci illərdə respublikada ilk Azərbaycan – Türkiyə birgə müəssisəsi olan "Göytürk" şirkətində Baş redaktor-direktor müavini vəzifəsində çalışıb.