Aygün Səmədzadə
Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.
== Həyat və yaradıcılığı ==
Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra
respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir.