Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti — elmi mərkəz.
1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi kimi yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. Sədri maarif xadimi Vahab Həsənzadə, elmi katibi Mir Bağır Mirheydərzadə olmuşdur. Cəmiyyətin fəal üzvləri Məhəmməd Rasizadə, Xəlil Hacılarov, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə və başqaları idi. Cəmiyyətdə 3 bölmə: — 1. iqtisadi, ictimai, təbii bölmə, 2. arxeoloji bölmə, 3. etnoqrafiya, türkologiya, tarix və ədəbiyyat bölməsi fəaliyyət göstərmişdir. 1925–1928-ci illərdə Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya, tarix və ədəbiyyatını, iqtisadiyyat və təbiətini öyrənməklə məşğul olmuşdur. Naxçıvan Muxtar Respublikasını müxtəlif bölgələrində arxeoloji qazıntılar aparmaqla qiymətli maddi mədəniyyət abidələrinin aşkarlanması, 1926-cı ildə Bakıda keçiriləcək I Türkoloji qurultaya hazırlıq aparması (bu məqsədlə cəmiyyət üzvlərindən M. Rasizadə "Dillərin tüluu və qürubu", H. Səfərli "Azərbaycan dilinin mənşəyi və tarixi inkişafı", Ə. Rüstəmov "Azərbaycan dilinin bugünkü vəziyyəti, ərəb və latın əlifbası ilə islah və tövsihi", Ə. Qılmanov "Türk tayfalarının ibtidai tarixi və dini təsəvvürü" mövzularında ictimaiyyət qarşısında məruzələr etmişlər), respublika ərazisində xalq ədəbiyyatı nümunələrini toplayıb qeydə alması, müxtəlif bölgələrə (Cəhri, Camaldın, Qızılburun, Türküş, Şərur, Nürgüt, Milax və s.) elmi komissiya və ezamiyyətlər təşkil etməsi, Naxçıvan muzeyini qiymətli eksponatlarla zənginləşdirməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətini geniş miqyasda təbliğ etməsi cəmiyyətin fəaliyyətinin əsasını təşkil etmişdir.