Taclı Bəyim
Taclı Bəyim və ya Şahbigə Sultan (1485, Mosul – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyə[mənbə göstərin], Şah Təhmasibin anasıdır.
Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur, onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi
Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi.
Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur.