Talmud
Tövratı təfsir edən alimlər-ravvinlər yəhudi xalqının həyatında mühüm rol oynadılar. Onlar Tanahı (Tövrat) təfsirlə sadə camaata izah edirdilər. İnsanlar müxtəlif məsələlərlə bağlı ravvinlərə müraciət edir, onlardan gündəlik problemlərlə bağlı məsləhət alır, Əhdi-Ətiq müəllimləri isə öz növbəsində, yaranmış məsələlərə uyğun hökm çıxarırdılar. Bu hökmlər, qaydalar, təfsirlər əzbərlənərək nəsildən-nəsilə ötürülürdü.
Zaman keçdikcə, şifahi ənənənin yazıya alınması zərurəti yarandı. Çünki hər gün məhkəmələrdə nikah, təsərrüfat və s. bu kimi məsələlərlə bağlı yüzlərlə iş qaldırılırdı; təəssüf ki, bunlara dair Əhdi-Ətiqdə heç bir şey deyilmirdi. Bunu nəzərə alan ravvinlər, Yəhudi dininin gələcəyini düşünərək, Tövratın nəsildən-nəsilə keçən təfsirini və izahını yazıya aldılar, nəticədə çoxcildli külliyat meydana gəldi. Qələmə alınan bu külliyyat Talmud adlandırıldı.
Talmud ibranicə "təlim" deməkdir.