Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi.
Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi.
İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.