Yuvelian Sumbatov-Topuridze
Yuvelian Davıdoviç Sumbatov-Topuridze (rus. Ювелья́н Дави́дович Сумба́тов-Топури́дзе; 1889, Senaki qəzası[d], Kutaisi quberniyası – 29 avqust 1960 və ya avqust 1960, SSRİ) — Azərbaycan SSR xalq daxili işlər komissarı.
Yuvelian Sumbatov-Topuridze 1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstan Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan SSR Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır.
1927–1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938–1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir.
Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır.