Tənzimlənən radikal polimerləşmə
Tənzimlənən radikal polimerləşmə- Radikal polimerləşmənin yeni istiqamətlərindən olub əvvəlcədən məlum quruluşa və funksional imkanlara malik polimer və oliqomerlər, eləcə də, kompozitlər sintez etməyə imkan verir.
TRP-nin özəlliyi ondan ibarətdir ki, tələb olunan molekul kütləli və dar dispersliyə malik homo- və sopolimerlər, həmçinin müxtəlif monomerlər əsasında calaq və blok sopolimerlər almağa imkan verir. Bu polimer və oliqomerlər həmçinin, “canlı” xarakter göstərirlər. Belə ki, onlar sistemə yeni monomerin daxil edilməsi ilə polimerləşməni davam etdirə bilən reaksiyayaqabil qrup sonluqlarına malik olurlar. Tənzimlənən radikal polimerləşmənin göstərilən üstünlükləri bütün dünyada bu istiqamətə artan marağı izah edir ..
Zəncirin tənzimləyiciləri - aktiv əlavələrin istifadəsindən asılı olaraq “canlı” zəncir rejimində baş verən prosesləri şərti olaraq aşağıdakı istiqamətlərə bölmək olar:
1. Stabil radikallar vasitəsilə polimerləşmə (Stable Free Radical Polymerization, SFRP);
2. Atomun ötürülməsi vasitəsi ilə polimerləşmə (Atom Transfer Radical Polymerization, ATRP);
3. Molekul və ya atomlar qrupu fraqmentinin bir radikaldan digərinə dönən keçidi ilə polimerləşmə (Reversible Addition Fragmentation Transfer, RAFT).
Tənzimlənən radikal polimerləşmə (TRP), eləcə də adi (sərbəst radikallı) RP radikal hissəciklər iştirakında baş verir və bu proseslər ümumi xüsusiyyətləri ilə xarakterizə olunur və praktiki olaraq bir və ya neçə sinif monomerlərin polimerləşməsi üçün tətbiq oluna bilər.