Uruqvay milli futbol komandası
Səma-mavilər ilk dünya çempionatının meydan sahibi və qalibi kimi tarixə düşüb. 1930-cu ildəki yarışın finalında Argentinanı 4:2 hesabı ilə məğlub edən La selesta 20 il sonra ikinci dəfə mundialın qalibi oldu. Bu dəfə onlar məşhur "Marakana" stadionunda qeydə alınan tamaşaçı rekorduna baxmayaraq, meydan sahiblərini məğlub edib – 2:1. 200 mindən artıq azarkeşin izlədiyi oyundan sonra sambaçılardan biri oyunu belə şərh edib: "Qonaqların ikinci qolundan sonra tribunalara sükut çökdü. Sanki qurbağa gölünə daş atmışdılar. Milçəklərin səsi də eşidilirdi". Məğlubiyyətin şokundan stadionda olan fanatlardan üçü infarktdan, biri isə özünü öldürməklə dünyasını dəyişdi.
Həmin zəfərdən keçən 60 ildə uruqvaylılar yalnız dünya dördüncüsü olmaqla, kifayətlənib. Onlar 1954 və 1970-ci illərdə buna nail olub. La selesta sonuncusu 15 il əvvəl olmaqla, 14 dəfə (1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987, 1995) Cənubi Amerika çempionu titulunu qazanıb.