VƏHDƏTİ-ŞÜHUD
ufi təlimlərindən biridir. Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdətivücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdətişühud təlimini inkişaf etdirmişdir. Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdətivücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər. Mənəviyyatını təkmilləşdirən insanın əqidəsi müsəlman çoxluğunun inancına qarşı olmamalıdır.
İmam Rəbbani Simnaninin bu kimi fikirlərini davam etdirmişdir. Onun təlimində dində mənəvi yetkinləşmə yolu ilə gedən müsəlman mənəviyyatını inkişaf etdirmək üçün sufiliyin müxtəlif yollarından istidafə edə bilər. Ancaq, mənəvi yüksəliş zamanı o, Tanrıda əridiyini, onun sifətlərini mənimsədiyini, öz varlığını itirməsini zənn etməməlidir.
Mənəviyyat yolçusu yalnız Tanrının varlığını duyaraq Onun birliyinə şahid olur.
İmam Rəbbani bu halı ulduzların sönük işıqlarını örtən günəşin daha güclü işığına bənzədirdi. Ancaq, bu heç də sönük işıq qaynağı olan ulduzların, onlardan gələn işıqların yoxluğuna və ya onların günəş işığında əriməsinə gətirib çıxarmır. Belə bir halda insan Allahın yaxınlığını, onun ucalığını duyur. Beləliklə, insan bir varlıq kimi mahiyyətini itirmir, yoxluğa çevrilmir. İmam Rəbbaniyə görə mənəvi yüksəlişə çatmış sufi, Allahın sifətlərini mənimsəmir, Onun təcəllisinə çevrilmir. O vəhdəti-vücudçuların “Hər şey O-dur (Allahdır)” ifadəsini “Hər şey Ondandır (Allahdandır)” ifadəsi ilə əvəz etmişdir. Bununla yanaşı İmam Rəbbani düşüncədən irəli gələn dəlillərə önəm verərək bir-çox məsələlərdə yalnız duyğularına etibar edən sufilərin irrasionalizmini tənqid etmişdir. O, bəzi sufi təriqətlərində olan vəcdə düşmə hallarına qarşı da çıxmışdır.
İmam Rəbbaninin dünyagörüşü və “vəhdəti-şühud” təlimi müsəlman çoxunluğunun inancına zidd olmamışdır. O, sufiliklə şəriətin uyuşması probleminin həllində yeni addımlar ata bilmişdir.