Kür çayının ekoloji vəziyyəti
Kür çayı - Respublikamızın əsas su arteriyası olub, hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır.
== Kür çayını əsas çirkləndirici mənbələr ==
Kür çayına əvvəlcə Gürcüstanın Axalsixe, Borjomi, Xaşuri, Kareli, Qori, Kaspi şəhərlərinin və çayın sahilində olan digər yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 milyon m³ –ə qədər çirkab suları buraxılır. Daha sonra 40 km məsafədə Tbilisi şəhəri daxilində axan Kür burada daha ciddi çirklənməyə məruz qalır. Gürcüstan Respublikası Təbiəti Mühafizə Komitəsinin su müfəttişliyinin məlumatlarına görə (1989), şəhər daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə bağırsaq basilləri 238 dəfə, saprofit bakteriyaları isə 300 dəfə artıqdır. Tbilisidə olan 30-dan çox küçənin leysan kollektorları şəhərin bir çox sənaye müəssisələrinin («Elektroaparat», «Dəzgahqayırma», «Baxtrioni», «Kruanisi», «Ekran» Dimitrov adına aviasiya, dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqayırma, sabitləşdirmə zavodları, bir çox başqa sənaye müəssisələri, avtomobil parkları və xəstəxanalar) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər daxilində çayın qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Diqmula, Loçino) çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını axıdan kanalizasiya kollektorlarına çevrilmişdir. Tbilisi daxilində sutkada daha 1 mln. m³ çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min kub metrlərlə sənaye və təsərrüfat-məişət tullantılarından ibarət çirkab sularını qəbul edir. SSRİ dağılan ərəfədə Gürcüstan ərazisində çaya axıdılan çirkab sularının orta miqdarı sutkada 4,4 mln.