VƏHHABİLƏR

XII\XVIII əsrin ortalarından başlayaraq Ərəbistan yarımadasında yaranmış sələfi dini-siyasi hərəkatının ardıcıllarına verilmiş addır. Hərəkatın adı İslamı bidətlərdən təmizləmək və ilkin dinə qayıtmaq şüarları ilə çıxış edən Məhəmməd ibn Əbdülvəhhabla bağlıdır. Onun dini fəaliyyətini Mərkəzi Ərəbistanda yerləşən və Səud sülaləsindən olan Dəriyə əmirləri siyasi hərəkata çevirmişdirlər. 1178/1765-ci ildə Dəriyə əmiri Məhəmməd ibn Səudun ölümündən sonra onun yerinə Əbdüləziz keçmişdir. O, hərəkatın təkcə siyasi deyil, həm də dini öndəri olmuşdur. O, Dəriyə əmirliyini xeyli gücləndirə bilmişdir. 1190/1773-cü ildə Riyyadı ələ keçirdikdən sonra Dəriyə əmirləri bütün mərkəzi Nəcdi idarə etməyə başlamışdırlar. Onların tutduğu bütün yerlərdə “bidətlərdən təmizlənmiş” İslam və “həqiqi” tövhid təbliğatı aparılırdı. 1206/1792-ci ildə Məhəmməd ibn Əbdülvəhhabın ölümündən sonra Səud xanədanı öz hakimiyyətini Şərqi Ərəbistanda yaymışdır. Burada, mərkəzi Nəcddə olduğu kimi müxtəlif (daha çox şiələrin olduğu) müqəddəs yerlər dağıdılmışdır. Eyni zamanda, Qərbi Ərəbistanda Səud xanədanına müttəfiq olan güvvələrlə Məkkə şərifləri arasında qanlı toqquşmalar gedirdi. Bunun nəticəsində dəriyəlilər üstünlük qazanmışdılar. Osmanlı sultanı imperatorluğun dərin böhran içində olduğuna baxmayaraq Səud sülaləsinin yeni uğurlarından ehtiyat edərək onlara garşı ordu göndərmiş, ancaq türk silahı birləşməsi üçün bu yürüş uğursuz olmuşdur. Onları izləyən dəriyəlilər Suriya və İraqa girmişdirlər. Gücdən düşən Osmanlı sultanları onların qarşısını ala bilməmiş və dəriyəlilər 1212/1802-ci ildə İraqın Kərbəla şəhərinə girmiş, şiələrin müqəddəs yerlərini dağıtmışdırlar. 1213/1803-cü ildə isə onlar Məkkəni ələ keçirirlər. Ancaq, Ciddə və Mədinədə türk qoşunu onları qeri çəkilməyə məcbur etmişdir. Elə həmin ildə qəsd nəticəsində əmir Əbdüləziz öldürülmüşdür. Onun yerinə keçən oğlu Səud 1215/1805-ci ildə Mədinəni və Hicazın başqa ərazilərini ələ keçirə bilmişdir. 1215/1805 – 1220/1810- cu illərdə Səudun qoşunu İraqa və Suriyaya yürüşlər etmişdir. 1221/1811-ci ildə Osmanlı sultanı Səudluların hücumlarının qarşısının alınmasını Misir valisi Məhəmməd Əliyə tapşırmışdırlar. O da, Dəriyə əmirlərinə qarşı qoşun göndərmişdir. 1222/1813-cü ildə onlar Hicazın bir hissəsini ələ keçirə bilmişdirlər. Sonra dəriyəlilər Misir ordusuna bir neçə dəfə qalib gəlsələr də, bundan faydalana bilməmişdirlər. Səud 1223/1814-cü ildə ölmüş, onun yerinə oğlu Abdullah keçmişdir. Onun hakimiyyəti Dəriyə əmirliyi, Hicaz, Ümman, Bəhreyn və Tihamənin bir hissəsinə yayılmışdır. Ancaq, sonra misirlilər səudlulara qarşı mübarizələrini davam etdirmiş və uğur qazanmışdırlar. 1226/1817-ci ilə qədər artıq bütün orta Nəcdi Məhəmməd Əlinin böyük oğlu İbrahim ələ keçirə bilmişdir. 1227/1818-ci ildə səudluların son dayağı olan Dəriyə şəhəri da alınmışdır. O hadisələr zamanı səudluların çoxusu öldürülmüş, digərləri isə qaça bilmişdirlər. Dəriyə şəhəri isə dağıdılmışdır. Ağır məğlubiyyətə baxmayaraq bir-neçə ildən sonra paytaxtı Riyad olan Səudlular ölkəsi yaranmışdır. Onun əmiri səudluların digər soyundan olan Türki olmuşdur. Ancaq, bu ölkəni də 1247/1838-ci ildə misirlilər darmadağın etmişdirlər. 1259/1850-ci ildə səudlular Feysəlin başçılığı altında mərkəzi Riyadda olan bütün Orta və Şərqi Ərəbistanı birləşdirən ölkələrini yarada bilmişdirlər. Sonra bu ölkə ərəb əmirlərinin öz arasında olan daxili çəkişmələr səbəbi ilə gücdən düşmüşdür. Buna baxmayaraq Səudlu II Əbdüləziz 1321/1902-ci ildə Riyadı ələ keçirərək ölkəni yenidən qurmuşdur. Birinci dünya müharibəsindən sonra isə bu ölkə daha da güclənmişdir. Daha sonra onlar Nəcd və Hicazı da tutmuşdurlar. Məhəmməd ibn Əbdülvəhhabın ardıcıllarını təkcə Ərəbistanda deyil, digər yerlərdə də olmuşdurlar. İslamın bidətlərdən qorunması şüarları ilə bir-çox müsəlman dini icmaları İndoneziya, Afrika ölkələri, Hindistan, Yaxın Şərq, Avropa, eləcə də dünyanın başqa yerlərində bu gün də fəaliyyət göstərirlər. Bir çox dini-siyasi hərəkatlar bu ideyalardan faydalanmışdırlar.
VƏHDƏTİ-VÜCUD
VƏHY

Digər lüğətlərdə