Oroys

Vikipediya, azad ensiklopediya
Kim Yushin (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:53, 6 avqust 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Oroys

OroysE.ə. I əsrdə Albaniyada hökmdarlıq etmiş çar. Yunan-roma mənbələrində Oroys adlandırılsa da, əsl adı Aruzdur.

Hakimiyyəti dövründə baş verən hadisələr

Qney Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib çatdı. Tit Livi yazırdı:

"Mitridatı izləyən Qney Pompey ən ucqar və naməlum xalqlara-iberlərə və albanlara rast gəldi. Onlar yolu kəsdilər, lakin o, döyüşdə qələbə çaldı".

Plutarx isə xəbər verir ki,

"albanlar əvvəlcə Pompeyin onların ərazisindən keçməsinə razılıq verdilər. Lakin qış Roma ordusunu yaxalayanda və romalılar Saturnali bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər."

Fayl:Coatof Mihranids.png
Qafqaz Albaniyasının bayrağı

Bu zaman alban hökmdarı Oroys idi. Ondan əvvəlki alban hökmdarlarının adları məlum deyildir. Düşünmək olar ki, Oroys Qafqaz xalqları ilə həmrəylik naminə romalıların VI Mitridata qarşı hərəkətinə maneçilik törətmək istəmişdi, həm də Albaniyanı romalıların işğal etməsi təhlükəsi yarana bilərdi. Oroysun bayram günü Roma ordusuna hücumu təsadüfi deyildi. O, romalıların tətbiq etdiyi gözlənilməz və qəfil hücum taktikasını onlara qarşı işlədirdi. Lakin Oroysun közlənilməz həmləsi pis təşkil olunmuşdu. Əslində, albanların gözlənilməz hücumu baş tutmadı, çünki Pompey onların Kür çayını keçməsi barədə məlumat almış və ordunu üç hissəyə bölərək, hazır vəziyyətdə dayanmışdı. Roma dəstələrinə müvafiq surətdə Metel, Keler, Luki Flak və Pompey rəhbərlik etməli idilər. Albanlar əvvəl Kelerin və Flakın dəstələrini təkləmək, sonra isə Pompeyə hücum etməyi qərarlaşdırdılar. Lakin Dion Kassinin məlumatına görə, Pompey albanların həmin sərkərdələrə hücum etməsi xəbərinin eşidən kimi, onların qarşısına çıxdı və gördü ki, albanlar artıq Kür çayını keçirlər. Döyüş başlandı. Oroys Metel və Kelerin dəstəsinə hücumu öz üzərinə götürmüşdü. Lakin Pompey Kelerin köməyinə gəldi. Oroys döyüş təşəbbüsünü əldən verdi və Kelerin zərbələrinə məruz qaldı. Digər alban dəstələri də uğursuzluğa düçar oldular. Döyüşü uduzacağını başa düşən Oroys Kür çayını keçdi və döyüş meydanından uzaqlaşdı. Beləliklə, E.ə. 66-cı ilin dekabr ayında romalılar ilə döyüş albanların uğursuzluğu ilə başa çatdı, Pompeylə müqavilə bağlandı.

Fayl:Albania im 1. Jahrhundert v. - 1. Jahrhundert n. Chr..jpg
Albaniya (Antik dövr) E.ə. I əsrI əsri

Pompey VI Mitridatı təqib edərkən iberlərlə döyüşməli oldu, onların məğlubiyyətə uğratdı və hökmdar Artokun iki oğlunu girov kötürdü. E.ə. 65-ci ilin əvvəlində, o, albanların üsyan qaldırması xəbərini aldı. Plutarx yazır ki, "Pompeyə albanların yeni qiyamı barədə məlumat çatdı. Pompey hirs və qəzəb içində geriyə, onlara qarşı döndü. O, yenə Kür çayını çətinliklə keçdi və ordunu təhlükə qarşısında qoydu, çünki barbarlar çayın sahilinə uzun çəpər çəkmişdilər. Susuz çöllə uzun və əziyyətli məsafə (yol) keçəcəyini nəzərə alaraq, o, on min tuluğun su ilə doldurulmasını əmr etdi. Düşmənə qarşı gedən Pompey onları Abanta (ind. Alazan) çayı yaxınlığında, artıq döyüş qaydasında düzülmüş gördü. Barbarların ordusu 60 min piyada və 12 min süvaridən ibarət idi. Dion Kassinin məlumatına görə, Pompey albanları qəfil yaxalamaq üçün Armeniyanın ərazisi ilə hərəkət etdi. Ehtimala görə, o, indiki Ağstafa tərəfdən Kürün sahilinə çatdı. Buradan Alazan çayına doğru hərəkət etdi. Alazan çayının sahilində Pompeyi albanlar gözləyirdilər. Plutarxın məlumatına görə, alban ordusunun başında hökmdarın qardaşı Kosis dayanmışdı. Yəqin ki, ilk döyüş əməliyyatını keçirmək Kosisə həvalə edilmişdi.

Qney Pompey (Böyük) (E.ə. 106-E.ə. 48)

Döyüş meşədə başladı. Dəstənin bir hissəsinə hökmdarın qardaşı Kosis başçılıq edirdi. Dion Kassi Pompeyin hərbi taktikası barədə yazırdı ki, o, öncə süvariləri yerləşdirdi, piyadaları isə onların arxasında qalxanla dizi üstə oturdaraq, səssiz-səmirsiz gözləməyi əmr etdi. Pompeyin məqsədi Oroysu tələyə salmaq idi. Pompeyin hiyləsini başa düşməyən albanlar süvarilərə hücum etdilər. Süvarilər qəsdən geriyə çəkilib, yan tərəflərə dağılışdılar. Bu məqamda Pompeyin piyada dəstələri döyüşə atılaraq alban süvari dəstələrini mühasirəyə aldılar. Qanlı döyüş başlandı. Döyüşün gedişində Kosis Pomleyin dayandığı yerə çatdı və nizəsini ona atdı. Lakin nizə onun zirehli geyiminə dəyib yerə düşdü. Pompeyin atdığı nizə isə Kosisi ölümcül yaraladı. E.ə. 65-ci ildə baş vermiş bu döyüş romalıların qələbəsilə sona yetdi. Alban qoşununun qalan hissəsi qaçıb meşədə gizləndi. Pompey meşəni mühasirəyə aldı. Onun əmrilə meşə yandırıldı və orada gizlənən alban döyüşçüləri həlak oldular. Appian yazır ki, əsirlərin arasında xeyli yaralı qadınlar vardı. Antik müəlliflər onları amazonkalar adlandırırdılar.

Alban süvari dəstələri və Kosis Pompeyin qurduğu tələyə düşərək, məhv oldular. Oroys döyüşə girməyib dağlara çəkildi. Güman ki, o, yenidən müqavimət göstərmək niyyətində imiş. Lakin Pompey sülh yolu ilə albanları razı saldı. Antik müəllif Flor (II əsr) yazır ki, Pompey "albanlara mərhəmət göstərdi. O, Qafqaz altında düşərgə salaraq, Oroysa düzənliyə enməyi əmr etdi". Oroys Pompeyin yanına getmədi, lakin ona məktub və hədiyyələr göndərdi. Oroysun barışıq təklifini Pompey qəbul etdi. Bəzi qədim qaynaqlarda deyilir ki,

"Pompey... albanların və indi alan adlandırdığımız massaketlərin ölkəsini keçdi, bu tayfanı da məğlub etdi və Xəzər dənizini gördü".

Plutarx isə yazır ki,

"döyüşdən sonra Pompey Hirkan, yaxud Kaspi (Xəzər) dənizinə doğru hərəkətə başladı, lakin sürünən zəhərli ilanlar üzündən bu niyyətdən əl çəkdi"

Əslində isə, albanların yenidən üsyana qalxması və yolun çətinliyi onu Xəzər dənizinin sahilinə çıxmaq niyyətindən daşındırmışdı. Pompey albanlarla sülh sazişinə gəldikdən sonra, ona müraciət edən digər tayfalarla da müqavilə bağladı. Ola bilsin ki, Pompey kaspilərlə də ittifaqa girmişdi.Bospor padşahlığında tezliklə VI Mitridata qarşı üsyan qalxır. Üsyanın başında onun oğlu Farnak dayanırdı. E.ə. 63-cü ildə Mitridat həlak oldu. Bospor padşahlığı Roma hakimiyyəti altına keçdi.

İstinad


Həmçinin bax

Xarici keçidlər