İqnats Zemmelveys

İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis‎, mac. Ignaz Semmelweis; 1 iyul 1818[1][2][…]13 avqust 1865[3][1][…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir.[4][5][6] Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir.[7][8]

İqnats Filipp Zemmelveys
alm. Ignaz Philipp Semmelweis
Doğum tarixi 1 iyul 1818(1818-07-01)[1][2][…]
Vəfat tarixi 13 avqust 1865(1865-08-13)[3][1][…] (47 yaşında)
Vəfat yeri
Elm sahələri Mamalıq elmi, ginekologiya, cərrahiyyə
İş yeri Budapeşt Universiteti
Alma-mater Vyana Universiteti
Budapeşt Universiteti
Təhsili
Tanınır Aspetika banisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.[9][10][11]

Elmi ictimaiyyətin müqavimətinə görə Zemmelveys sinir pozuntusu keçirdi və depressiya inkişaf etməyə başladı. 1865-ci ildə qırx yeddi yaşlı Zemmelveys razılığı olmadan psixiatrik xəstəxanaya yerləşdirilmiş və iki həftə sonra orada klinikanın əməkdaşları tərəfindən döyülərək öldürülmüşdür.[12]

Bir neçə onillikdən sonra Zemmelveysın kəşfi və onun aseptik emalın praktiki tətbiq edilmə metodikası geniş nüfuz qazandı, alimin adı tarixə keçdi, bir neçə təhsil müəssisəsi və tibb sahəsində xidmətlərə görə təqdim olunan mükafatlar onun şərəfinə adlandırıldı.[13][4]

İqnatsın valdeyinləri Tereziya Müller və Yozef Zemmelveys, 1873-cü ilə aid rəsmlər

Ailəsi və ilkin illəri

[redaktə | mənbəni redaktə et]

İqnats Zemmelveys 1 iyul 1918-ci ildə Taban şəhərində katolik ailəsində anadan olmuşdur. O, atası Yozef (1778—1846) və anası Terezanın (1789—1844, evlilikdən öncəki soyadı Müller idi) on uşağından beşincisi idi.[14] Atası Ayzenştadtlı idi, anasının soyu isə şvablar adlı alman etnik qrupundan idi.[15] 1570-ci ilə qədər onların nəslini tədqiq etmək mümkün olmuşdur, ailəsinin əcdadları kiçik Marczfalva kəndində yaşamışdılar. Budanın tarixi bölgəsi olan Tabanda XVIII əsrin əvvəllərindən etibarən etnik serblər məskunlaşmağa başlamışdılar. Yozef və Terezanın böyük ailəsi Budapeştin "Apron, 1-3" küçəsində yerləşən evdə yaşamışdılar. XIX əsrin əvvəllərində Macarıstanın yoxsulluq və repressiya yaşadığı dövrdə, Yozef uğurlu ticarətçi idi və ailəsini bolluq içində yaşadırdı. Ətrafındakıların xatirələrinə əsasən, uşaqlıq və yeniyetməlik illərində İqnats həmyaşıdları və müəllimləri tərəfindən sevilən, yumşaq xasiyyətli və şən uşaq idi. Ailə içində ona "Natsi" deyilirdi.[16][17][10]

Zemmelveysin uşaqlıq portreti. Lenart Landaunun əsəri, 1830

1837-ci ildə İqnats Zemmelveys katolik gimnaziyasını fərqlənmə nişanı ilə bitirdi və atasının məsləhəti ilə Vyana Universitetinin hüquq fakültəsinə daxil oldu. Cəmi bir neçə həftədən sonra gənc oğlan anladı ki, hərbi hakim karyerası onu cəlb eləmir.[18] Bir dostu sayəsində o, professor Yozef Berresin anatomiya dərsində iştirak etdi ki, orada müəllim nümunəvi meyiti yarma prosesini göstərirdi. İqnats insan bədəni quruluşundan o qədər təsirləndi ki, həmən fakultəsi və ixtisas fənnini dəyişərək, tibb şöbəsinə keçməyə qərar aldı. Vyanada birinci kursu bitirdikdən sonra Macarıstana qayıtdı və iki il Peşt Universitetinin nəzdində tibb məktəbində oxudu, 1841-ci ildə isə təhsilini o dövrdə Avropanın ən nüfuzlu tibb fakültəsinə sahib[17][10][16] Vyana Universitetində davam etdirdi.[19]

Qəbul aldıqdan dərhal sonra, hələ 1837-ci ildə Zemmelveys dil əngəli ilə rastlaşdı, belə ki onun ailəsində alman dilinin dunay-şvab dialektində danışırdılar, bu da Hochdeutsch-da danışan macarlar arasında anlaşılmazlıq və təşəxxüslü münasibətə səbəb olurdu. Macarca isə İqnats yaxşı danışa bilmirdi, çünki bu dillə ancaq orta məktəbdən məşğul olmağa başlamışdır.[20][21][16]

Zemmelveysin tibbi görüşlərin formalaşması və bir həkim olaraq irəliləməsində həlledici təsiri üç elm adamı, patoloqoanatom Karl fon Rokitanski, dermatoloq Ferdinand fon Hebra və terapevt Yozef Şkoda göstərmişdilər. Patoloji anatomiyanın bir elm kimi formalaşmasında əhəmiyyətli töhfə verən fon Rokitanski Zemmelveysa meyitxanada işləmək üçün şərait yaratmış və zahı qızdırmasından ölən bütün meyitlərin yarmasını keçirtməyə imkan vermişdir.[22] Fon Hebra Zemmelveysdan cəmi iki yaş böyük idi və özü də Şkoda və fon Rokitanskinin tələbəsi olmuşdur, sonradan o, görkəmli dermatoloq olmuş və şəxsi patoloqoanatomik məktəbini açdı. Fon Hebra Zemmelveysın ən yaxın dostu idi və illər sonra o, İqnatsın oğlunun xaç atası oldu. 1 iyul 1844-cü ildə İqnats iki il ərzində assistent vəzifəsinə keçmək perspektivi ilə Vyana Mərkəzi Xəstəxanasına təcrübəçi kimi işə düzəldi.[23] 1844-cü ilin avqust ayında mama həkimi diplomunu aldı, 1845-ci ilin noyabr ayında isə cərrah.[24][25]

İqnatsın ən sevdiyi müəllim fon Rokitanskinin tələbəsi olmuş Yakob Kolleçka oldu. Zemmelveys sözün əsl mənasında Kolleçkaya sitayiş edirdi və onun rəhbərliyi altında patologiya sahəsində ixtisaslaşmağı xəyal edirdi.[26] Naməlum səbəblərdən rədd cavabı aldıqdan sonra o, Yozef Şkodanın assistenti vəzifəsinə müraciət etsə də, bu yer artıq başqasına vəd olunmuşdur. O, yalnız mamalıq sahəsindən müsbət cavab aldı, hansı ki daha az nüfuzlu sayılırdı.[27][10] 1 iyul 1846-cı ildə Zemmelveys doğum şöbəsinin müdiri professor Yohan Kleynin yanında aspirant-assistent kimi işləmək üçün iki illik müqavilə imzaladı.[28][17][16]

Mərkəzi Vyana Xəstəxanasındakı işi

[redaktə | mənbəni redaktə et]
Vyana Mərkəzi Xəstəxanasının 1-ci və 2-ci şöbələri üzrə ölüm qrafiki, 1833—1858. Şaquli xətt 1-ci və 2-ci şöbələrə ayrılma anına, qırmızı düzbucaqlı isə Zemmelveysin işlədiyi dövrə və əl yuma təcrübəsinin tətbiqinə işarə edir
Vyana Mərkəzi Xəstəxanasının 1-ci şöbəsi üzrə ölüm qrafiki, 1841—1849. Qırmızı şaquli xətt Zemmelveysin xlorlu su ilə əl yuma təcrübəsini tətbiq etdiyi anına işarə edir.
1-ci və 2-ci şöbələrdə orta illik ölüm nisbətinin müqayisəli təhlili, 1841—1846
3-cü qrafik: Vyana və Dublin Mərkəzi Xəstəxanalarında zahı qızdırmasından ölüm nisbəti, 1784-1849

Mərkəzi Vyana Xəstəxanası 1763 -cü ildə imperatriçə Mariya Terezanın əmri ilə quruldu və dünyanın ən böyük xəstəxanası oldu. Tibbi xidməti keyfiyyətinə görə onu dünyanın ən yaxşısı etmək üçün baş həkim Lukas Boer Avropanın qabaqcıl doğum evlərindən bir neçəsinə ezamiyyətə göndərildi və oradan qayıtdıqdan sonra "təbii doğuşlar" üzrə pioner oldu. Boer Britaniya məktəbinin davamçısı idi və zahı qızdırmasının yoluxucu olduğu və onun xəstə pasiyentlərdən sağlam olanlara keçə biləcəyi qənaətində idi, buna görə xəstəxanalarda tibb işçiləri arasında gigiyenaya diqqətlə riayət edilirdi, otaqlar təmiz saxlanılırdı və xəstə pasiyentlər təcrid olunurdular. Həmçinin, Boer mamalıq üzrə təhsil alan tələbələrin cəsədlər üzərində təcrübə aparılmasının əleyhinə idi, cəsədlərin yerinə trenajorların istifadə edilməsinin tərəfdarı idi. Onun rəhbərliyi dövründə doğum evində ölüm faizi 1%-ə bərabər idi.[29][30][31]

Vyana mamalıq məktəbinin banisi hesab olunan Boer II İosifin vəfatından sonra yaranan hakimiyyətin etibarını qazana bilmədi. Bir sıra ittihamlardan və intriqalardan sonra "subordinasiyaya riayət etməmə" səbəbilə işdən azad edildi və 1823-cü ildə Vyana Mərkəzi Xəstəxanasında professor və mamalıq şöbəsinin müdiri vəzifəsinə Yohan Kleyn təyin edildi. Daha əvvəl Boer Kleyn haqqında vəzifəyə namizədlər içərisində ən az qabiliyyətli kimi təsvir etmişdir və belə bir təyinat rəqiblərinin siyasi mübarizəsində daha bir addım idi.[32] 1823 -cü ildən tibb tələbələrinə və həkimlərə anatomiya şöbəsinə daxil olmaq icazəsi verildi və onlar təzəcə doğmuş qadınların cəsədləri də daxil olmaqla zahı qızdırmasından vəfat edənlərin bədənlərinin meyityarmasında iştirak etməyə başladılar. Bundan başqa, onlar ölən zahıların vaginal müayinələrini də keçirirdilər, sonra isə doğuşda olanları müayinə etmək üçün hamilələrə tibbi yardım şöbəsinə keçirdilər. Zahı qızdırmasından ölənlərin sayı üzrə müqayisəli təhlilin həyata keçirilməsi üçün 3-cü qrafikdə Dublin Mərkəzi Xəstəxanasının göstəriciləri yerləşdirilmişdir: qrafikə əsasən, Kleyn təyin edildikdən dərhal sonra kəskin artım yarandı.[33] 1833-cü ilin yanvar ayından etibarən ağır iş yükü səbəbiylə mamalıq şöbəsinin iki klinikaya bölünməsinə qərar verildi,[34] 1840-cı ildə isə Kleyn bütün tələbələri iki qrupa ayırdı: 1-ci klinkaya həkimlik üzrə təhsil alan kişiləri, 2-ciyə isə mamalıq öyrənən qadınları götürürdülər.[29] O dövrdə xəstəxanada ildə 6-8 min doğuş halları baş tuturdu.[35] Birinci klinikanın müdiri Kleynin özü olduğu halda, ikinci klinikanın rəhbəri Zalsburqdan dəvət olunan professor Frants Batş idi.[36]

1 iyul 1846-cı ildə İqnats Zemmelveys Vyana Mərkəzi Xəstəxanasının 1-ci klinikasının birinci assistenti (baş ordinator) təyin edildi.[37] İşə başladığı elə ilk günlərdə təzəcə doğmuş qadınların zahı qızdırması səbəbiylə ölüm sayının yüksək olması onda təəccüb doğurdu: həmin vaxtı Kleynin klinkasında göstəricilər bütün Avropadakı digər doğum evlərindən daha yüksək idi. Qadınların və anadan təzəcə olmuş uşaqların demək olar ki, 20%-ı (bəzi illərdə 30%-dən çox) epidemiyadan vəfat edirdi, eyni zamanda mamaların doğuşu apardığı Bartş şöbəsində ölüm nisbəti nadir hallarda 4%-i keçirdi. Bundan əlavə, 1-ci şöbədə zahı qızdırması epidemoloji xarakter daşıyrdısa, 2-cidə baş verirdisə belə bu hal fərqli palatalarda ayrı pasiyentlərdə müşahidə olunurdu.[29] Bu fakt adi Vyana sakinlərinə də məlum idi: hamilə qadınlar nəyin bahasına olursa olsun çalışırdılar ki, birinci şöbəyə düşməsinlər, əvəzinə hər kəs qəbulu gecə yarısından sonra başlayan Bartşın klinikasına düşməyi istəyirdi.[38]

Kəşf üçün zəminlər

[redaktə | mənbəni redaktə et]

O dövrün Avropa həkimlərinin böyük əksəriyyəti humoralizmdiskraziya[a] ideyalarına arxalanırdı. Zahı qızdırmasının yalnız qadınlara təsir etdiyi və onun müxtəlif, prinsip etibarilə fərqli xarici və daxili səbəblərdən qaynaqlandığı hesab olunurdu: zərərli miazmlar, tanrının hökmü, geoloji və iqlim şəraiti, zahın emosional sarsıntısı.[40][41][42] Hətta uşaqlıq nahiyəsində iltihabı yanlış istiqamətdə axan süddən və ya hamiləlik aylarında toplanan menstrual qandan qaynaqlandığı nəzəriyyələri də var idi. Nəzəriyyələrdən biri iddia edirdi ki, infeksiyalaşmış sperma zahı qızdırmasına səbəb olur. Xəstəliyin səbəblərini müəyyən etməyi bacarmayan bir çox tibb işçiləri, ona qarşı mübarizənin mümkünsüz sayan qaçılmaz bir bəla olaraq qəbul edirdilər. Zahı qızdırmasından ölənlərin sayı çiçək xəstəliyi və vəbadan vəfat edənlərin cəmindən çox idi: məsələn, 60 il ərzində təkçə hələ Prussiyada 363.624 sayda qadın onun qurbanına çevrildi. Praqa və Parisin ən böyük xəstəxanalarında zahı qızdırması epidemiyası illərlə səngimədi. Tam fərqli vəziyyətdə İngiltərədə idi: ölkənin ən böyük xəstəxanalarının sənədlərinə görə, üç əsr ərzində qadınların yalnız 1,29%-i zahı qızdırmasından vəfat etmişdir. Britaniya həkimləri alətlərin, tibb heyətinin əllərinin və geyimlərinin, xəstəxanadaxili yerlərinin hamısının ideal təmizliyini və xəstələrin təcrid olunmasını zəruri hesab edirdilər. Qitə həmkarlarından fərqli olaraq, onlar müəyyən kontaqinin tibb personalı vasitəsi ilə yayıldığı və xəstə qadınlardan sağlam qadınlara keçdiyi nəzəriyyəsinə sadiq qalırdılar. Ancaq zahı qızdırmasının əsl səbəbləri haqqında heç bir təsəvvürləri yox idi, onun çiçək xəstəliyi və ya malyariya kimi müstəqil bir xəstəlik olduğuna inanırdılar. Hətta Şotlandiya mamalıq cərrahı Aleksandr Qordon belə törədici mikrobu təyin edə bilmədi, halbuki o, həllə hər kəsdən çox yaxınlaşmış və Aberdin şəhərində doğuş qızdırması epidemiyası ilə uğurla mübarizə aparırdı.[b][44][45]

Tezliklə Zemmelveys bütün diqqətini zahı qızdırmasına səbəb olan əsas amili tapmağa yönəltdi. Bioqraflar bu anı alimin 1850-ci illərdə yarandığı depressiyasının ilk epizodlarına aid edirlər.[46] O, 1-ci və 2-ci klinikaya müraciət edən pasiyentlər haqqında bütün məlumatları ehtiva edən müfəssəl cədvəl tərtib etdi və aydın oldu ki, son altı il ərzində birinci şöbədə təxminən 2000 qadın, ikinci bölmədə 700 qadın vəfat edib. 1-ci şöbədə 2-cidə olan oxşar şəraiti yaratmaq üçün o, orada tətbiq edilən üsulların ən kiçik nüanslarını yamsılamağa başladı: qadınlara uzanılıqlı şəkildə kürək üstə yox böyür üstə doğmağa şərait yaratmaq, əvvəl olduğu kimi doğuşdan sonra qadınları özbaşına yeriməyə məcbur etmək yerinə onların palatalara köçürülməsini təmin etmək; Zemmelveys həmçinin otaq ventilyasiyasına nəzarəti artırdı və dərman paylama yanaşmasını dəyişdirdi. Bütün bu cəhdlər boşa çıxdı.[47][48][49]

Zahı qızdırması probleminin həlli yolundakı ilk uğur xəstəliyin epidemioloji yox təbiətcə endemik olmasının aşkar edilməsi oldu. Müxtəlif ölkələrdən olan 300 ildən də çox vaxt ərzində toplanan sənədləri təhlil edərək Zemmelveys birmənalı nəticəyə gəldi ki, xəstəliyə yalnız doğum müəssisələrində yolxulur, həm də bu, məhz ən materialist, elmi yanaşmanın (anatomiya şöbəsi olan və tələbələrə yarma keçirməyə icaz verilən yerlər) qəbul edildiyi təsisatlarda baş verir.[50]

O dövrdə geniş yayılmış nəzəriyyə əsasən, təzəcə doğmuş qadının emosional sarsılması zahı qızdırmasına gətirib çıxardır. Bunun həqiqiliyini sınamaq istəyən Zemmelveys eksperiment keçirməyə qərar verdi. O, hər gün zəng ilə palataları gəzən və can verənlərin bədənlərinə “müqəddəs” yağ sürtən bir keşişi dəvət etdi. Qonşu çarpayılarda yatan qadınlar vahimə içində olsalar da bu heç bir şəkildə ölüm sayına təsir etmədi.[51]

Zemmelveysin hazırladığı cədvəlin nəticələrini görən Yozef Şkoda 1-ci və 2-ci klinikalar arasındakı ölüm fərqini qeyd etdi və bunun səbəbini öyrənmək üçün bir komissiya yığılmasının təklifini irəli sürdü. Xidməti istintaqdan boyun qaçırmaq istəyən Kleyn kömək üçün nazirə müraciət etdi, məsələ gündəmdən çıxarıldı.[52] Yalnız 1847-ci ilin mart ayında 1-ci şöbədəki ölüm nisbəti 2-cidən dörd dəfə çox olduğu vaxtda komissiya nəhayət çağırıldı. Onun qərarı ilə 1-ci şöbədəki ölüm səbəbi əcnəbi mamalıq tələbələrin ixtisassız fəaliyyətləri elan edildi, hamısının işdən uzaqlaşdırılmasına əmri verildi. Son işdən qovulan Zemmelveys oldu.[51][53]

Zemmelveys üsulu

[redaktə | mənbəni redaktə et]

Xəstəxana işindən kənarlaşdırılmış Zemmelveys 1847-ci ilin mart ayının sonunda iki həmkarı ilə dincəlmək və zahı qızdırmasının ölümsaçan epidemiyalar barədə düşünməmək üçün Venesiyaya yollandı. Səyahət gənc həkimin kefini yüksəltdi, xəstəxanada isə yenidən mama həkimi vakansiyası açıldı və Zemmelveys Vyanaya qayıtdı. Qayıdandan dərhal sonra o, öyrəndi ki, onun olmadığı müddətdə yaxın dostu və rəhbəri Kolleçka vəfat edib.[54] Bu ölüm Zemmelveys üçün şəxsi itki idi. Məlum oldu ki, zahı qızdırmasından dünyasını dəyişən qadının meyidi yarılması zamanı assistentlik edən tələbələrdən biri cərrah bıçağı ilə Kolleçkanı yaralamışdı. Cəmi bir neçə gün sonra professor sepsisdən öldü.[55][56] Xəstəlik tarixçəsini və yarılma protokolunu tədqiq edərək, Zemmelveys fikir verdi ki, patoloqoanatomik mənzərə zahı qızdırmasından ölən qadınlar və körpələrin vəziyyətləri ilə eynidir: yarılma protokolunda flebit, limfangit, piyemiya və çoxsaylı metastazlar qeyd olunmuşdur. Kolleçkanın ölümü Zemmelveys üçün bir aydınlatma oldu, çünki o, anladı ki, zahı qızdırması sepsisdir, onun səbəbi isə həkimlərin əlindən uşaqlıq və vajina yaralarına düşən və birbaşa qana daxil olan meyit hissəcikləridir. Belə olduğu halda Zemmelveys əmin idi ki, zahı qızdırması xəstədən sağlama keçə bilən bir infeksiyadır.[57][58] Lakin bu kəşf, qızdırmanın yalnız qadınlara təsir edən ayrı bir xəstəlik olduğuna dair tibb ictimaiyyətində ümumi qəbul edilmiş fikir ilə birbaşa ziddiyyət təşkil edirdi.[11][59][60]

Zemmelveys çoxdan hiss etmişdi ki, anatomik şöbədə işdən sonra həkimlər və tələbələr əllərini sabunla yusalar belə meyit qoxusu getmirdi. Kleynin klinikasında doğuş zamanı hər bir qadın bir neçə dəfə həkim və 10-a qədər tələbə tərəfindən müayinə olunurdu, onların çoxu əvvəllər morqda işləmiş ola bilərdilər.[11][61] Fərziyyəsini təsdiqləmək üçün 1847-ci il may ayının sonunda Zemmelveys xəstəxana işçilərinə hamilə qadınları və zahıları ilə manipulyasiyalardan öncə əllərini xlor əhəngi məhlulu ilə yaxşıca yumağı, o cümlədən dırnaq altındakı ərazini fırça ilə təmizləməyi məcbur etdi. Onun tapşırdığı prosedur 15 dəqiqədən çox çəkməməli idi.[56][62] Eyni ilə bütün alətlər də bu cür emal olunurdular. Bundan əlavə, doğuş zamanı hər bir zahının çarpayısının üstündə onunla işləyən həkim və tələbələrin adları yazılmış lövhə asılırdı, bu üsulla pasiyentin ölümünə səbəb olanlar dərhal bilinirdi. Anatomik şöbədəki işdən yalnız bir gün sonra zahını müayinə etməyə icazə verilirdi.[63] Bu tədbirlər sayəsində zahılar arasında ölüm faizi 18,27%-dən 1,27%-ə düşdü. Bununla belə, bütün işçilər yenilikləri müsbət qarşılamırdı, bir çoxları əllərin bu üsulla yuyulmasının uzun çəkməsindən, xlorun əl dərisini qıcıqlandırdığından və zədələməsindən şikayətlənirdi.[64][65]

Vyana Mərkəzi Xəstəxanasında ölüm faizi əyrisi

[redaktə | mənbəni redaktə et]

20 mart 1847-ci ildə Dr. Frans Breyt Tübingen Universitetinin mamalıq şöbəsinin müdiri vəzifəsinə təyin olundu, Zemmelveys isə Vyana Mərkəzi Xəstəxanasının doğum evində onun yerinə təyin edildi. 1-ci klinikada ölüm nisbətində nəzərəçarpacaq dərəcədə azalma Breytin müdir təyin edilməsindən dərhal sonra müşahidə edildi, çünki sonuncu yarma işini aparmırdı və buna görə tələbələri meyitxanaya getmirdilər və əllərində meyit hissəciklərini daşımırdılar. Zemmelveys klinikaya rəhbər təyin edildikdən sonra ölüm əyrisi yenidən yüksəlməyə başladı, çünki Zemmelveys morqdan qayıdırdı və doğuş zamanı qadınları müayinə edirdi.[64][66]

1848-ci ilin martında Vyanada Habsburqlara qarşı üsyan başladı, Zemmelveys tez-tez iş yerində olmurdu, baxmayaraq ki, onun etirazlarda fəal iştirakına dair heç bir sənədli sübut yoxdur.[67][5] Bu ay ərzində doğuşda olan 276 qadının heç birində zahı qızdırması müşahidə olunmadı. Eyni hal 1848-ci ilin avqustunda da baş verdi. 1847-ci ilin noyabrında 1-ci klinikada ölüm hallarının artmasının səbəbi kimi xəstəxanaya uşaqlıq medullar karsinoması ilə daxil olan bir pasiyentin yerləşdirilməsi göstərilirdi. Qadını gün ərzində ilk müayinələrin aparıldığı çarpayıya yerləşdirdilər. Həkimlər palatalar ancaq baş çəkməzdən əvvəl əllərini xlor məhlulu ilə yuduqlarından, pasiyentlərin müayinələri arasında isə əllərini sadəcə sabunla yuduqlarından palatada onunla yatan 12 qadından 11-i zahı qızdırmasından dünyasını dəyişdi. Xəstəxanaya diz qanqrenası olan pasiyenti yerləşdirdikdən sonra da oxşar hadisə təkrarlandı.[64][62] Bu epizodlar Zemmelveysə təkcə meyit zəhərinin deyil, həm də çürüyən toxumaların hər hansı zəhərinin sepsisə səbəb ola biləcəyini başa düşməyə imkan verdi.[68]

Budapeştdəki işi

[redaktə | mənbəni redaktə et]
İqnats Zemmelveys, 1858

1849-cu ilin mart ayında 1-ci klinika ilə müqavilə müddəti başa çatdı və Zemmelveys privat-dosent vəzifəsinə müraciət etdi, lakin rədd cavabı aldı, əvvəlki müqavilə isə yenilənmədi.[69][70][71] Rəsmi bəhanə kimi onun “siyasi etimadsızlığı" göstərildi.[5] O, bir ildən çox müddətdə işləmək və araşdırmalarını davam etdirmək üçün uyğun yer tapa bilmirdi.[72] Fon Rokitanski, Herba və Şkoda universitet və xəstəxana rəhbərliyinə ünvanlanan bir neçə rəsmi sənədləri tərtib edib və imzalayaraq, Zemmelveysə kömək etməyə çalışdılar.[73][10] Gənc alimlər Zemmelveysin kəşfinə münasibəti dəyişdirə biləcək nüfuzlu bir qrupu təmsil edirdilər. Onların təzyiqi altında o, yenə də məruzə yazdı və 15 may 1850-ci ildə Vyana tibb cəmiyyəti qarşısında uğurla çıxış etdi. O anadək o, öz fikirlərini daha dərindən inkişaf etdirmişdir və artıq zahı qızdırmasının səbəbini yalnız "meyit zəhəri"ndə görmürdü, bunun hər hansı çürüyən üzvi maddələrin səbəb ola biləcəyini başa düşürdü.[74]

Mayın 15-də çıxışından sonrakı debatlar iyul ayına qədər davam edirdi və gənc həkimin nəzəriyyəsi artıq rəsmi praktikaya qəbul olunmaq astanasında idi.[70][75] Zemmelveys privat-dosent adına layiq görüldü və ona həkim vəzifəsi təklif edilsə də, həmin işdə onun anatomik şöbədə işləmək və yarmalar aparmaq, doğuş prosesini həyata keçirmək və doğum evində tələbələrə dərs vermək hüququ yox idi.[69][76] Versiyalardan birinə əsasən, belə bir təklif alimə təhqiramiz, qələbə isə qeyri-kifayət görsəndi. Beş gün sonra, 1850-ci il oktyabrın 15-də Zemmelveys tərəfdarlarından heç birinə xəbər vermədən və dostları ilə vidalaşmadan Vyananı tərk edərək Budapeştə yollandı.[34][10][21] Başqa bir fərziyyəyə görə, belə tələsik gedişin səbəbi onun dostlarının həqiqi niyyətlərini qəfil dərk etməsi oldu, belə ki o, yaxın dostu Şkodanın onun kəşfinə heç vaxt həqiqətən inanmadığını və onu yalnız siyasi oyunu üçün istifadə etdiyini anladı.[77]

Zemmelveysin özü və daha sonra onun bioqrafları bu hərəkəti alimin “ümidsizlik içində olması və Vyana tibb cəmiyyətinin müqavimətinə daha dözə bilməməsi” ilə izah edirdilər.[78] Sonradan fon Rokitanski və Herba Zemmelveysi getdiyi üçün bağışladılar, lakin mühazirələrində onun adını çəkmirdilər, Şkoda isə onunla bir daha danışmadı.[10] 1850-ci illərin sonlarında Şkoda öz mühazirələrində zahı qızdırmasının səbəbləri kimi "hipotermiya, bərk qızdırma, pəhriz yanlışlıqları, miazma və s." kimi aspektləri göstərirdi.[79][77]

Budapeştdə Zemmelveys özəl praktika açdı və eyni zamanda Müqəddəs Rox xəstəxanasına baş mama həkimi vəzifəsində ödənişsiz işləmək müraciətini göndərdi.[10] Doğuş şöbəsində vəziyyət o qədər acınacaqlı idi ki, xəstəxana rəhbərliyinin adicə imtina etmək seçimi qalmamışdı: doğuşda olan qadınların üçdə biri zahı qızdırmasından ölürdü. 21 may 1851-ci ildə vəzifə təyinatı təsdiqləndi və 1855-ci ilin iyul ayına orada işlədi, həmin dövrdə ölüm nisbəti 0,85%-ə enərək, görünməmiş bir azalma baş verdi.[21][34][80] Əlləri və alətləri xlorlu su ilə yumaq təcrübəsini tətbiq edən Zemmelveys əvvəlcə üsulun heç bir effektini görmədi. O, infeksiyalar mənbəyini tapmaq üçün palataları yoxlamağa başladı və müəyyən etdi ki, xərcləri azaltmaq üçün xəstəxana ən ucuz cəmaşırxana xidmətlərindən istifadə edirdi. Məlum oldu ki, çirkli dəyişəkləri yumadan növbəti gün sadəcə qaytarırdılar. Zemmelveys şəxs vasitələrdən yeni dəyişəklər aldı, cəmaşırxana dəyişdirildi və zahılar arasında ölüm nisbəti 0,39%-ə qədər kəskin şəkildə azalaraq görünməmiş bir nisbətə çatdı.[54] Assistentlərdən biri "Wiener Medizinische Wochenschrift" adlı tibb jurnalında bu iş haqqında yazdı. Yazı redaksiya haşiyəsi ilə nəşr olundu: "xlor dezinfeksiyası nəzəriyyəsi artıq aradan qaldırıldığı düşünülsə də <…>, biz oxucularımıza ona gözübağlı etibar etməyi tövsiyə edə bilmərik".[8]

1855-ci ildə Zemmelveys Peşt Universitetində nəzəri və praktiki ginekologiya professoru adına layiq görüldü[10] və 1865-ci ilin iyul ayınadək orada çalışdı.[34] Vəzifəyə gəldikdən sonra o, perspektivli tədqiqatçı və "Vyana Elmlər Akademiyası tərəfindən bəyənilən məşhur kəşfin" müəllifi kimi təqdim edildi.[21] 1856-cı ildə ona Sürixdə iş və professor vəzifəsi təklif olundu, lakin Zemmelveys bundan imtina etdi.[8] Bu arada, Vyana Mərkəzi Xəstəxanasında Karl Braun Kleynin köməkçisi vəzifəsini aldı, sonradan o, Zemmelveysin əsas opponentlərindən birinə çevrildi. 1855-ci ildə o, zahı qızdırması haqqında bir əsər nəşr etdi, orada otuz yeddi səhifədə bu xəstəliyin ehtimal olunan otuz səbəbini təsvir etdi.[81]

Toy münasibəti ilə çəkilmiş ikili portret, Aqost Kantsinin əsəri, 1857-ci il

1857-ci ilin martında Zemmelveys uğur qazanmış tacir İqnats Veydenhoferin qızı 19 yaşlı Mariya Veydenhofer ilə tanış oldu. Üç aydan sonra toy keçirildi.[55] Cütlüyün ilk oğlu İqnats doğuşdan iki gün sonra hidrosefaldan, ikinci qız Mariya Qabriela Antonina körpəlikdə peritonitdən öldülər.[54][82] Daha sonra Marqret Antonina Adel (1861—1928), oğul Bela Antel (1862—1885) və Antonia Paduya Mariya (1864—1942) adlı daha üç kiçik uşaq dünyaya gəldi.[83][84]

Dostlar, qohumlar və pasiyentlər Zemmelveysi son dərəcə mehriban, qeydkeş, kiməsə kömək lazım olarsa gecə-gündüz istənilən vaxt işləməyə hazır diqqətli bir həkim kimi xatırlayırdılar. O, asanlıqla özündən çıxa və köməkçiləri və assistenləri ilə sərt davrana bilirdi, xüsusən də mövzu dezinfeksiya ilə bağlı olurdusa, lakin həmçinin o. kinsiz və tez sakitləşən biri idi. Onun işə böyük həvəsi var idi və o, pasiyentlərin salamatlığını hər şeydən üstün tuturdu, düzgünlüyün tərəfdarı idi və yüksək dairələrin diqqətini cəlb etməyə çalışmırdı. Pul onu az maraqlandırırdı və ailəsi həmişə çox sadə yaşayırdı.[85]

Son fəaliyyət illəri

[redaktə | mənbəni redaktə et]

1858-ci ildə Zemmelveys uzun sükutunu pozdu və yeddi açıq mühazirə verdi, hansı kı sonra Macarıstan Tibb Jurnalında məqalələr toplusu şəklində nəşr olundu.[86] Bu material əsasında o, 1861-ci ildə “Zahı qızdırmasının etiologiyası, mahiyyəti və profilaktikası” (alm. Die Aetiologie, der Begriff und die Prophylaxis des Kindbettfiebers‎) kitabını nəşr etdi və nüsxələrini Avropanın aparıcı həkimlərinə və tibb cəmiyyətlərinə göndərdi. O, tibb tarixində ilk dəfə olaraq zahı qızdırmasının və piyemiyanın etiologiyasını təsvir etmişdir.[87] Kitab o dövrün adamları arasında uğur qazanmadı, çünki mətni mürəkkəb dildə yazılmış və zəif sistemləşdirilmişdir, bundan da əlavə həm onun nəzəriyyəsinin tərəfdarları, həm də tənqidçiləri nəzəriyyə haqqında kifayət qədər anlayışa sahib olduqlarına inanırdılar və onun mənasını dərindən araşdırmağı lazım bilmirdilər.[88] Bununla belə, Zemmelveys həmkarlarından əlləri və alətləri dezinfeksiya etmək metodunun həyata keçirilməsinin heyrətamiz nəticələrindən bəhs edən bir neçə məktub aldı. Məsələn, 1861-ci ildə finlandiyalı Yozef Pippinqşöld ona göndərdiyi məktubunda Zemmelveysin nəzəriyyəsini təsdiqləyən öz təcrübəsindən faktlar gətirdi.[89] 1862-ci ildə isə Sankt-Peterburqdan professor Hugenberq yazırdı ki, "şimalda onun [Zemmelveys] üsulu [əl dezinfeksiyası] xüsusilə gənc həkimlər arasında böyük sayda tərəfdarlara malikdir". Buna baxmayaraq, Avropanın hər yerindən kitab haqqında mənfi rəylər də gəlirdi.[90] Belə ki, 19-cu əsrin ən görkəmli həkimlərindən biri, fransız mama həkimi Pol Dübua 1858-ci ildə Zemmelveysin tövsiyələri haqqında yazırdı: “Zemmelveys metodunun müəyyən üstünlüklərinin olması mümkündür, ancaq əgər onu son dərəcə diqqətliliklə tətbiq etsəniz, onda, məsələn, Parisdə bütün xəstəxanaların personalını ilin çox hissəsi üçün karantinə yerləşdirilməlidir, alınan nəticələr də ən yaxşı halda problematik olacaq".[91]

Zemmelveysin həmkarlarına göndərdiyi məktublar açıq aqressiya məzmunlu idi. O, tənqidçiləri "Elmin Neronları" adlandırırdı və birbaşa xəstələri öldürməkdə ittiham edirdi.[71][55] Məsələn, həkim Hofrata yazırdı: "Sizin təlimatlarınız <...> cahilliyinizə əsaslanır. Əgər siz <...> tələbələrinizi və mama həkimlərinizi zahı qızdırmasının güya ki sadə bir xəstəlik olmasına inandırmağa davam etmək niyyətindəsinizsə, mən sizi tanrı və insanlar qarşısında ucadan qatil elan edirəm".[42][92] Zemmelveysin bütün mama həkimləri cəmiyyətinə yazdığı son açıq məktubu 1862-ci ildə nəşr olundu.[21] Orada o, qadınların saysız-hesabsız ölümünün səbəbkarları kimi birbaşa onun kəşfini rədd edən həmkarlarını göstərdi.[8]

1862-ci ildən Zemmelveysin psixi sağlamlığı pisləşməyə başladı və depressiya yarandı. O, çox vaxt zahı qızdırmasından başqa heç nə haqqında danışa bilmirdi.[93][21] Mariya Zemmelveys ilk dəfə 13 iyul 1865-ci ildə ailəsi qonaqlıqdan qayıdanda həyat yoldaşının dəli olduğundan şübhələndi. Ertəsi gün o, şübhələrini İqnatsın çoxdankı dostu Budapeştdə həkim işləyən Layoş Markusovskiyə anlatdı. Onun sözlərinə görə, əri özünü yalnız ağlını itirmiş adamın edə biləcəyi qədər ədəbsiz aparırdı. Professor Vilyam Sinklerin bioqrafiyasında qeyd olunur ki, psixoz epizodları aydınlaşma ilə əvəz olunurdu. Belə anların birində Zemmelveys arvadına etiraf etdi ki, "başında nəsə qaydasında deyil" kimi hiss edir.[94]

İyulun 21-də Zemmelveys Peşt Universitetində professorların müntəzəm iclasında iştirak etdi. İclasın stenoqramında onun adı iki dəfə çəkilir, birinci dəfə maaşının artırılması ilə bağlı müraciətdə qeyd olunur. Professorların maaşını hər on ildən bir qaldırmaq qaydası mövcud olduğu üçün bu müraciət tam hüquqlu və münasib idi. İkinci qeyd növbəti il üçün mühazirə cədvəlinin müzakirəsi ilə bağlı idi. Yalnız yeddi il sonra, Zemmelveysin keçmiş köməkçisi Yozef Fleyşer sonradan məşhurlaşan bir hadisədən bəhs etdi: Zemmelveys lektor vəzifəsinə təyinatı haqqında hesabatını oxumalı olan anda, şalvarının cibindən büzüşdürülmüş bir kağız parçası çıxardı, onu düzəltdi və mama həkimi andını ucadan oxumağa başladı. Heyrətə salınan həmkarları onu evə apardılar. Ancaq Fleyşer adi köməkçi olduğu üçün professorların iclasında iştirak edə bilməzdi, digər iştirakçılar da oxşar insidentin baş verdiyini xatırlamırdılar.[95]

Bu müşavirədən bir neçə gün sonra ailə həkimi və eyni zamanda dost olan Yanoş Bokay Zemmelveysi müayinə etdi. Saxlanılan protokolda pasiyent bu cür təsvir olunmuşdur: "47 yaşlı sağlam, həmişə fiziki cəhətdən bərk olan və heç bir xəstəlikdən şikayət etməyən kişidir <...> dostlarının və həmkarlarının dediyinə görə, ləyaqətli, yumşaqürəkli, ədalətli biridir, lakin fanatizm ilə həmsərhəd olan coşğunluğu ilə elmi fikirlərini müdafiə edirdi. Sərt və təmkinsiz bir şəkildə zahı qızdırması ilə bağlı mübahisə etdiyi şəxsləri beş dəqiqə keçdikdən sonra ürəkdən qucaqlayıb öpə bilərdi. <…> Son beş həftədə yaxınları davranışlarında kəskin dəyişikliklər hiss eləməyə başladılar: ailəyə və işə marağı itdi, içki içməyə, fahişələri ziyarət etməyə, səliqəsiz geyinməyə, pul dağıtmağa başladı". Bu müayinənin nəticəsində o, Almaniyanın cənubundakı Qrafenberq kommunasına tətilə getməyə qərar verdi. Ancaq cəmi bir neçə gün sonra, iyulun 29-da cərrahiyyə professoru Yanoş Balaşa Zemmelveysin Vyanadakı dəlixanaya göndərilməli olduğu qənaətinə gəldi. Balaşanın özü, Yanoş Bokay və yerli həkim Yanoş Vaqner daxil olmaqla üç həkim bu rəyi imzaladı. Onların heç biri psixiatr və ya psixoloq deyildi, müayinə protokolları və ya əyani müşahidə haqqında məlumatlar tapılmadı. Lakin Sinkler qeyd edir ki, Balaşa Zemmelveys üsulunun sadiq tərəfdarı idi və əməliyyatlarda ona dəfələrlə assistantlıq etmişdir.[96][97][98]

29 iyul 1865-ci ildə Zemmelveys Qrafenberqə səyahətinin ilk hissəsi saydığı səfərə çıxdı. Həyat yoldaşı, yeni doğulmuş qızı, arvadının əmisi və assistant İştvan Batori ona yol yoldaşlığı edirdilər. Dəstə Vyanaya gecə qatarı ilə çatdı və Ferdinand fon Hebra onları şəhər vağzalında qarşıladı. Köhnə dost Zemmelveysi səfəri qısa müddətlik dayandırmağa, evinə qonaq kimi qəbul etməyə və həmçinin yeni klinikasına göz gəzdirməyə razı saldı. Mariya Zemmelveys və digərləri fon Hebranın evində onun həyat yoldaşı ilə qalarkən, Ferdinandın özü və Mariyanın əmisi İqnatsı "Allgemeines Krankenhaus" psixiatriya müalicəxanası apardılar. Bu dövlət müəssisəsi şəhərin ən yaxşıları arasında deyildi, qəbul zamanı müayinə protokolu qalmadı.[99] Ehtimal olunur ki, iş şənbə günü baş tutduğundan, ixtisaslı işçi personalı Zemmelveysi ancaq bazar ertəsi ayın 31-də müayinə etdi. Zemmelveys xəstəxana işçilərindən biri ilə bağçada danışarkən fon Hebra və Mariyanın əmisi gizlincə ərazini tərk etdilər. Sonrakı hadisələr əsasən fərziyyələr üzərində qurulur: məlumdur ki, Zemmelveys xəstəxanadan qaçmağa çalışdı, bir neçə mühafizəçi onu zorla saxladı, sonra çarpayıya bağladı. Bazar ertəsi səhər saatlarında Mariya xəstəxanaya gəldi, lakin şəxsən direktorun özü onun ziyarət istəyini rədd etdi.[100]

Zemmelveysin psixiatriya klinikasında qalmasının tibbi kartoçkası onun vəziyyətinin sürətlə pisləşdiyini göstərir, kartoçkaya onun orada qaldığı 15 gündən yalnız doqquzunun təsviri daxil edilmişdir. Yazılarda qeyd olunur ki, pasiyent sağ əlin orta barmağının son sümüyündəki hematomanı saymasaq, yaxşı fiziki vəziyyətdə qəbul edilmişdir, psixi vəziyyəti isə "son dərəcə qeyri-sabit" idi. İyulun 30-da o, bağçada gəzərkən “qəfildən özünü yerə ataraq soyunmağa və qışqırmağa başladı”. Avqust ayının 2-də o, artıq daim narahatlıq içində idi, gecələr yatmırdı, dili dolaşırdı və yerişi xatircəm deyil idi. Zemmelveysə dəli köynəyi geyindirdilər və biradamlıq palataya saldılar, barmağında hematoma böyüməyə başladı, ombasında irinliklər yarandı. Avqustun 7-də barmaqda qanqren inkişaf edir. Avqustun 12-də pasiyentdə yüksək nəbz, quru dil, çaşqın idrak müşahidə olunur, göz bəbəyi işığa reaksiya vermir. Avqustun 13-ü vəfat etdiyi qeyd olunur.[100]

Qeydlərdə səhvlər aşkar edilmişdir, bəzi söz və ya ifadələrin üstündən xətt çəkilmişdir (məsələn, qəbul tarixi əvvəlcə avqustun 13-ü qeyd olunmuşdur, sonra birinci təkin üstündən xətt çəkdilər), müayinələri aparan həkimlərin adları göstərilməyib. Kartoçkanı kimin hazırladığı barədə məlumat yoxdur. Medikamentlərdən yalnız gənəgərçək yağı qeyd olunur. Bu qeydlərə rast gələn macar həkim və yazıçı Georq Sillo-Seydl hesab edir ki, kartoçka artıq Zemmelveysin vəfatından sonra yaddaşda qalan xatirələrə əsasən hazırlanmışdır. Son səfərdə həkimi müşayiət edənlərin heç biri barmaqlarda hematomaların olmasını xatırlamadı. Lakin 1963-cü ildə qalıqlar tədqiq edildikdə ölüm zamanı Zemmelveysdə uzunsürən infeksiyadan yaranan osteomiyelitin inkişaf etdiyi irəli sürüldü.[100]

1950-ci illərin əvvəllərindən elmi ictimaiyyətdə Zemmelveysin hansı xəstəliyin onun erkən ölümünün vasitəli səbəbi olduğu barədə diskussiya gedirdi. Zemmelveysin elmi irsinin bioqrafları və tədqiqatçıları onun xarakterində və qəribə davranışlarında kəskin dəyişikliyə səbəb olan xəstəliyin xüsusiyyəti ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülər. Bəziləri bunu Altsheymer xəstəliyi adlandırılar.[42] Vyana rəsmiləri israr edirdilər ki, məsələyə aydınlıq gətirə biləcək heç bir xəstəlik tarixçəsi və ya digər sənədlər qalmayıb. 1963-cü ildə İqnats Zemmelveysin qalıqları eksqumasiya edilərək doğulduğu evin həyətinə köçürüldü və hazırda orada alimə həsr olunmuş muzey fəaliyyət göstərir. 1977-ci ilin əvvəlində Georq Sillo-Seydl Vyana arxivində Zemmelveysin xəstəliyi və ölümü ilə bağlı bütöv fotosurətlər toplusunu tapdı. Həmin il martın 2-də Zemmelveysin ölümündən təxminən 112 il sonra Sillo-Seydl Macarıstan tibb tarixi cəmiyyəti önündə məruzə ilə çıxış etdi və aldığı bütün məlumatları təqdim etdi.[101]

Zemmelveysin cəsədi bir vaxtlar özünün yarılma müayinəsi etdiyi Patologiya institutunun meyitxanasına gətirildi. Autopsiya ya Karl fon Rakitanski, yada onun assistentlərindən biri tərəfindən aparıldı. 1977-ci ildə Sillo-Seydlin aşkar etdiyi yarılma protokolu mümkün mənbələrdən ən etibarlı hesab edilir, baxmayraq ki orada səhvlər tapılmışdır və sənəd bütövlüklə tələsik və ya səliqəsiz yazılmış kimi görsənir. Ölümdən sonrakı müayinə çoxsaylı sınıqların, yumşaq toxuma xəsarətlərinin və geniş plevritin olduğunu qeyd edir. Diaqnoz və yarma nəticələri fərqli xəttlə yazılıb. Ölüm səbəbi sepsis göstərilib.[102]

Perikardit, plevrit və sonrakı sepsis döymə nəticəsində yaranmışdır. Əslinə baxdıqda Zemmelveys xəstəxana işçiləri tərəfindən döyülərək öldürülmüşdür. Alimin ansızlıq ölümü və xəstəxana personalı tərəfindən ona qarşı bu cür münasibəti tədqiqatçıların əksəriyyətini belə bir fikrə gətirdi ki, onun ölümünü öz ailəsi təşkil etməsələr də, ən azından müsbət qarşılamışdılar.[34][102]

15 avqust 1865-ci ildə Zemmelveys Vyanada mərkəzi qəbiristanlığında dəfn edildi. Vida mərasimində Vyana tibb məktəbinin üzvləri, o cümlədən fon Rokitanski, Yozef Şpats, Karl və Qustav Braun qardaşları iştirak etdilər. Macar dostlardan dəfn mərasiminə yalnız Layoş Markusovski gəldi. Qohumları, budapeştli həmkarları gəlməmişdilər, Mariya Zemmelveys isə gəlməməsini əri xəstəxanaya yerləşdirildikdən sonra "yorğan-döşəyə düşmə"si ilə izah etdi.[103] Zemmelveysin ölümündən sonra soyadının "Szemerényi" macar variantına dəyişdi.[82] 1891-ci ildə dul qadın Zemmelveysin qalıqlarını ailə sərdabasına keçirtdi, 1965-ci ildə isə urna alimin doğulduğu evin həyətində yenidən basdırıldı.[7]

Zemmelveysin sağ olduğu dövrdə elmi ictimaiyyətin reaksiyası

[redaktə | mənbəni redaktə et]

1 iyun 1847-ci ildə Vyana Mərkəzi Xəstəxanasının adyunkt direktoru Karl Haller yazır ki, "Zemmelveysin kəşfi xəstəxananı sərin külək tək bürüdü və parlaq gələcəyə ümid verdi", 1849-cu ildə isə söyləmişdir ki, cərrahiyyə və mamalıq elmi üçün Zemmelveysin kəşfinin dəyəri çox böyükdür.[104] Ferdinand fon Hebra əmin idi ki, Zemmelveysin kəşfi əhəmiyyətinə görə Edvard Cennerin təbii çiçəyə qarşı peyvəndindən heç də geri qalmır.[10] Eyni zamanda, Vyana məktəbinin əsasını mühafizəkar professorlardan ibarət nəsil təşkil edirdi, cərrah Teodor Bilrot yazılarında onları "əqli sakitedici köynək geyinmiş, qara eynək taxmış və qulaqlarını pambıqla doldurmuş bir nəsil" kimi təsvir etmişdir və əlavə edirdi ki, "istedad və ideya dolu cavan pöhrənin bu qatdan keçməsi mümkün deyil".[9]

Zemmelveysin əsas opponentlərindən biri bilavasitə onun rəhbəri professor Kleyn olmuşdur. O, artıq təqaüdə çıxmağa hazırlaşırdı və mümkün qədər qalmaqaldan uzaq durmaq istəyirdi, gənc mama həkiminin kəşfi ona mane olurdu. Digər mühafizəkar professorlarla birlikdə o, Zemmelveys ilə xəlvət mübarizəyə başladı. Sonuncunu da nüfuzlu qrupdan ibarət doqquz gənc professor dəstəkləyirdi, məsələn fon Rakitanski bir il əvvəl Vyana Universitetinin rektoru seçilmişdir.[9] Miazm haqqında doktrinasına əsaslanaraq, Kleyn ölüm hallarının azalmasını əllərin xlorlu su ilə yuyulması praktikası ilə deyil, yeni havalandırma sisteminin quraşdırılması ilə əlaqələndirirdi.[69][10] Tədqiqatçılar və bioqraflar professor Kleynin Zemmelveysə qarşı şəxsi antipatiyasının olmadığına qənaətindədilər, lakin onun kəşfi və gənc alimlər tərəfindən dəstəklənməsi mühafizəkar yaşlı professorlar qrupu üçün ciddi təhlükə yaradırdı.[72]

Fon Rotikanski məsləhəti və onun assistenti həkim Lotnerin köməyi ilə Zemmelveys dovşanlar üzərində təcrübə apardı, sağlam heyvanların vaginasına zahı qızdırmasından vəfat edənlərin çirki və Ifrazatı salınırdı, bundan sonra heyvanlarda sepsis inkişaf etməyə başlayırdı. Bu eksperiment Zemmelveysin fərziyyəsini təsdiqlədi ki, zahı qızdırması meyit hissəciklərinin qana daxil olması səbəbindən baş verir.[105] Tezliklə, digər klinikalardan da praktiki sübutlar tapıldı: məsələn, Vyana uşaq evinin həkimi Aloiz Bednar personal heyətə əllərin xlorlu su ilə yuyulmasını tələbi qoymuşdur və nəticədə yeni doğulmuşlarda sepsisin aşkar olunması çox nadir hala çevrildi.[106][107]

1847-ci ilin sonunda Zemmelveys və onun tələbələri Avropanın bir neçə qabaqcıl mama həkimlərə məktub yazaraq, orada kəşf və xlorlu su ilə əllərin yuyulması metodikası haqqında bəhs etdilər və təəssüratlarını təsvir edən yazışmaya dəvət etdilər. Bununla belə, həkimlər üçün Zemmelveysin haqlı olduğunu etiraf etmək çoxlu sayda qadının və onların yeni doğulmuş uşaqlarının qətlində özlərinin əli olduqlarını etiraf etmək demək idi.[55][41] Məktubların əksəriyyətinə əhəmiyyət verilmədi, yalnız iki nəfər cavabla geri döndü. Tələbə Henrix Hermann-Şvartsın yazdığı məktuba Kil şəhərindən olan professor Qustav Mixaelis rəyini bildirdi. Mixaelis Avropanın aparıcı mama həkimlərindən idi, uzun müddət özü də zahı qızdırmasının epidemiyaları problemini həll etməyə çalışmışdır. Mixaelis məktubu Kopenhagendəki həmkarı Marius Leviyə yolladı. Təxminən Levi məktubu aldığı vaxtda mətbuatda Herbanın məqaləsi çıxdı.[108][109] Hər iki həkim öz xəstəxanalarında xlorlu su ilə yuyulmanı tətbiq etdilər və ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasına nail oldular. 1848-ci ildə qardaşı qızı doğuş qızdırmasından öldükdən sonra Mixaelis intihar etdi. Ölümqabağı yazısında o, əksər həkimlərin Zemmelveysin fərziyyəsini necə qəti şəkildə rədd etməsindən ümidsizliyə qapandığını bildirmişdir.[55][110]

1847-ci ilin dekabrında və 1848-ci ilin aprelində Vyana tibb jurnalının redaktoru Ferdinand Hebra öz nəşrinin səhifələrində Zemmelveysin metodikasının tətbiqinin nəticələrini dərc etdi. Zemmelveysin tələbəsi olan Çarlz Ruf müəlliminin kəşfi haqqında London jurnalında məqalə yazdı, məqalə 1848-ci ilin noyabrında dərc edildi. Bir neçə ay sonra Zemmelveysin başqa keçmiş tələbəsi Fridrix Veyger Strasburqun tibb jurnalında esse dərc etdi. 18 oktyabr 1849-cu ildə Yozef Şkoda Elmlər Akademiyasında səsləndirdiyi mühazirədə Zemmelveysin kəşfini təsvir etsə də,[108][55] çıxışında alimin yaradıcılığını birtərəfli təqdim etdi. Birincisi, yalnız Vyana Mərkəzi Xəstəxanasının 1-ci və 2-ci klinikaları arasında ölüm fərqi halları təhlil edildi. İkincisi, Şkodanın məruzəsinə əsasən, zahı qızdırmasının səbəbkarı ancaq "meyit hissəcikləri"dir, uşaqlıq karsinoması və ya irinli yaralar kimi mümkün infeksiya mənbələri qeyd edilmədi.[111] 1851-ci ildə Helsinki Universitetinin professoru Knut Villebrand Zemmelveysin işi haqqında mühazirə oxumuşdur.[112]

Tədqiqatçı və bioqraf Şervin Nuland Zemmelveysin metodunu təbliğ edərkən davranışını əks məhsuldar adlandırır. Kəşfini 1847-ci ilin sonuna qədər edən professor elmi işin nəşri üçün əhəmiyyətli bir sübut bazası toplamışdır. Bununla belə, o, öz ətraflı məruzəsi ilə tibb ictimaiyyəti qarşısında çıxış etmədi, tədqiqat digər alimlər tərəfindən tezis şəklində nəşr olunurdu.[21][9] Nuland bunun əsas səbəbini dil billiyi əngəlində görür, hansı ki hələ qəbul olmazdan əvvəl Zemmelveysə maneə olurdu, aksent və ədəbi cəhətdən düzgün alman dilinin billiyinin az olması ona çətinliklər yaradırdı. Macarıstan sakini olsa da mənşeyi madyar olmadığı üçün o, vyanalılar arasında snobizm və təkəbbürlü münasibət ilə üzləşirdi və beləcə özünü hamıdan kənar hiss edirdi. Nulandın fikrincə, bu özünüalçaltma meqalomaniya və özünün haqlı olmasına əminliyi ilə yanaşı mövcud idi.[46][113]

Yüzlərlə ölümə görə günah hissi əvvəl də büruzə verən depressiyasını daha da gücləndirdi. Zemmelveys yazırdı ki, "bir Allah bilir mən öz əllərimlə neçə qadını vaxtından əvvəl məzara göndərmişəm".[114] Digər həkimlər Zemmelveysin fərziyyəsində minlərlə qadın və uşağın qətlində birbaşa əlbirlik ittihamını görürdülər.[115]

Şərhlər

  1. Humoralizm — fiziologiya və tibb nəzəriyyəsi. Ona əsasən bütün həyat prosesləri orqanizmin maye mühiti, qan və toxuma mayesinin vəziyyəti ilə izah olunur[39].
  2. XIX əsrin ortalarında ABŞ və Avropanın tibb cəmiyyətləri arasında əlaqə çox davamsız idi. Zemmelveysin ABŞI alimi Oliver Holmsun əsərləri haqqında məlumatlı olduğunu göstərən heç bir sənəd yoxdur. Holms hələ 1843-cü ildə əsər nəşr etdi və zahı qızdırması haqqında mühazirə keçərək, onun yoluxucu xassəyə malik olduğunu sübut etdi və tibb personalının mükəmməl gigiyenasını profilaktik vasitə kimi istifadə edilməsini təklif etdi. Holmsun nəzəriyyəsi müəmmalı və mistik kontaqi haqqında Britaniyada qəbul olunan doktrinaya əsaslanırdı. Tibb tarixçiləri Holmsun əsərlərini mühüm olduğunu və onların Amerikanı zahı qızdırmasından demək olar ki tamamilə qurtulmağa yardım etdiyini etiraf etsələr də, elmi nöqtəyi-nəzərdən vacibliyinə görə əsərlər Zemmelveysin kəşfindən geri qaldığını hesab edirlər, çünki İqnats Zemmelveys xəstəliyin tam aydın, materialist mənbəyini təyin edərək təsvir etmək və onun etiologiyasını detallı ifadə etməyi bacarmışdır.[43].

Mənbələr

  1. 1 2 3 4 Zoltán I. Ignaz Semmelweis // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Ignaz Philipp Semmelweis // Who Named It? (ing.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 T. D. Noakes, 2007. səh. 1—9
  5. 1 2 3 Imre Zoltán. "Ignaz Semmelweis, German-Hungarian physician" (ingilis). The Britannica. 2020-05-13. 2016-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
  6. Kapronczay, 2015
  7. 1 2 "Ignác Fülöp Semmelweis". Semmelweis University. 2020-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
  8. 1 2 3 4 Kadar, 2019. səh. 34
  9. 1 2 3 4 Nuland, 1979. səh. 262
  10. 1 2 3 4 5 6 7 8 9 10 11 Gaynes, 2011
  11. 1 2 3 Ignaz Semmelweis, 1983. səh. 20
  12. Carter, Abbott, Siebach, 1995. səh. 264—266
  13. "Ignaz Semmelweis Award" (ingilis). The Committee to Reduce Infection Deaths. 2020-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-23.
  14. Simmons, 2002. səh. 165
  15. Baum, 2018. səh. 9—10
  16. 1 2 3 4 Nuland, 1979. səh. 258
  17. 1 2 3 Theodore G. Obenchain, 2016. səh. 24—28
  18. Пахнер, 1963. səh. 28
  19. Моргошия, 2018. səh. 89
  20. Theodore G. Obenchain, 2016. səh. 24
  21. 1 2 3 4 5 6 7 Нуланд, 2020
  22. Zoltan, Gortvay, 1968. səh. 39
  23. Ignaz Semmelweis, 1983. səh. 61
  24. Kadar, 2019
  25. Jay, 1999. səh. 561—562
  26. Lehrer, 2006. səh. 116
  27. Nuland, 1979. səh. 257—258
  28. T. D. Noakes, 2007. səh. 1
  29. 1 2 3 Lehrer, 2006. səh. 114—115
  30. Sinclair, 1909. səh. 55
  31. Пахнер, 1963. səh. 36
  32. Пахнер, 1963. səh. 38
  33. T. D. Noakes, 2007. səh. 3—4
  34. 1 2 3 4 5 T. D. Noakes, 2007. səh. 2
  35. Пахнер, 1963. səh. 39
  36. Пахнер, 1963. səh. 40
  37. Kadar, Romero, Papp, 2019. səh. 519—522
  38. Пахнер, 1963. səh. 43—44
  39. Conrad, Neve, Nutton, 1995. səh. 412
  40. T. D. Noakes, 2007. səh. 5
  41. 1 2 Ignaz Semmelweis, 1983. səh. 18
  42. 1 2 3 Кейжу, 2016. səh. 77
  43. Пахнер, 1963. səh. 208
  44. Пахнер, 1963. səh. 43, 200
  45. Zoltan, Gortvay, 1968. səh. 41—42
  46. 1 2 Nuland, 1979. səh. 263
  47. Sherwin B. Nuland, 2003. səh. 93—94
  48. Lehrer, 2006. səh. 119
  49. Ignaz Semmelweis, 1983. səh. 64—66, 83-84
  50. Пахнер, 1963. səh. 52
  51. 1 2 Lehrer, 2006. səh. 118
  52. Sinclair, 1909. səh. 43
  53. Пахнер, 1963. səh. 54
  54. 1 2 3 Hollingham, 2008
  55. 1 2 3 4 5 6 "Спаситель матерей" (rus). Коммерсантъ Наука. 2019-08-30. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-19.
  56. 1 2 Sinclair, 1909. səh. 49
  57. Nuland, 1979. səh. 261
  58. Winckel, 1876. səh. 348
  59. Carter K. Codell, 1983. səh. 336—342
  60. Пахнер, 1963. səh. 67
  61. Carter K. Codell, 1983. səh. 336
  62. 1 2 Lehrer, 2006. səh. 120
  63. Пахнер, 1963. səh. 63
  64. 1 2 3 T. D. Noakes, 2007. səh. 6
  65. Пахнер, 1963. səh. 67—69
  66. Ignaz Semmelweis, 1983. səh. 87
  67. Ataman, 2013. səh. 35—39
  68. Пахнер, 1963. səh. 66
  69. 1 2 3 Best, 2004. səh. 233—234
  70. 1 2 Nuland, 1979. səh. 264
  71. 1 2 Carter&Carter, 2005
  72. 1 2 Ignaz Semmelweis, 1983. səh. 22
  73. Carter K. Codell, 1983. səh. 339
  74. Carter, K. C., 1985. səh. 34—35
  75. Carter K. Codell, 1983. səh. 343
  76. Lehrer, 2006. səh. 122
  77. 1 2 Kadar, 2019. səh. 37
  78. Ignaz Semmelweis, 1983. səh. 23—24
  79. Carter K. Codell, 1983. səh. 345—347
  80. Noakes, Borresen, Hew-Butler, 2008. səh. 2
  81. Carter, K. C., 1985. səh. 35
  82. 1 2 Dormandy, 2003. səh. 225
  83. King-thom, Jong-kang, 2018. səh. 45
  84. Baum, 2018. səh. 12—13
  85. Sinclair, 1909. səh. 133
  86. Ignaz Semmelweis, 1983. səh. 24
  87. Carter, K. C., 1985. səh. 36
  88. Best, 2004. səh. 233
  89. Hänninen, Faragó, Monos, 2003. səh. 89
  90. Kadar, 2019. səh. 34—35
  91. «Говорят эксперты», 2011
  92. Ignaz Semmelweis, 1983. səh. 57
  93. "Tragic life of Ignaz Semmelweis - thrown into an asylum after saving lives" (ingilis). The Mirror. 2020-03-20. 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-23.
  94. Sinclair, 1909. səh. 268
  95. Carter, Abbott, Siebach, 1995. səh. 258
  96. Sinclair, 1909. səh. 358
  97. Carter, Abbott, Siebach, 1995. səh. 259—260
  98. Zoltan, Gortvay, 1968. səh. 123
  99. Theodore G. Obenchain, 2016
  100. 1 2 3 Carter, Abbott, Siebach, 1995
  101. Carter, Abbott, Siebach, 1995. səh. 256
  102. 1 2 Carter, Abbott, Siebach, 1995. səh. 268
  103. Carter, Abbott, Siebach, 1995. səh. 269
  104. Wyklicky, Skopec, 1983. səh. 369
  105. Peller, 1967. səh. 64
  106. Брусина, 2018. səh. 17—24
  107. Sinclair, 1909. səh. 89
  108. 1 2 Carter, Tate, 1991. səh. 252—253
  109. Durnová, 2019
  110. Ignaz Semmelweis, 1983. səh. 172, 180-186
  111. Kadar, 2019. səh. 32—33
  112. Hänninen, Faragó, Monos, 2003. səh. 89—90
  113. Kadar, 2019. səh. 36
  114. Lehrer, 2006. səh. 121
  115. "Keep it clean: The surprising 130-year history of handwashing" (ingilis). The Guardian. 2020-03-18. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]