Şəki Dövlət Təbiət Yasaqlığı

2003-cü ildə buraxılmış poçt markaları

Şəki Dövlət Təbiət Yasaqlığı – 26 fevral 1964-cü ildə Şəki rayonunda yaradılan təbiət yasaqlığı. Əyriçayın hövzəsində, Yevlax-Şəki və Şəki-Oğuz şose yollarının arasında yerləşir.

Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə, qırqovul və turac kimi quşları, qonur ayıçöl donuzu kimi heyvanları qorumaqdır. Sahəsi 10350 hektardır.

Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça kolları keçilməz cəngəlliklər əmələ gətirir.

Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar məskunlaşmışdır.[1]

  1. "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.