Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park.[1] 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir.
Abşeron Milli Parkı | |
---|---|
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 783 ha |
Yaradılma tarixi | 8 fevral 2005 |
İdarəetmə orqanı | AETSN |
Faunası | Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək |
Yerləşməsi | |
40°17′ şm. e. 50°21′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xəzər |
Yerləşməsi | Abşeron yarımadası, Şah Dili |
Yaxın şəhər | Bakı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədilə 1969-cu ilə təşkil edilmişdir.[2]
Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır.
Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır.
Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq ördək, yaşılbaş ördək, ağgöz qaraördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz çovdarçısı və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdir.
Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki "qartalın dimdiyi" də deyirlər. Rəvayətə görə əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar (xanlar) ova gələrmiş. Ona görə də buranı yerli əhali Şah dili adlandırır.
Parkda məskunlaşan Qırmızı kitaba daxil olan heyvanlar: Xəzər suitisi, ceyran, adi soltanquş, ağgöz qaraördək, qızılqaz, fısıldayan qulələk, kürən vağ, qıvrımlələk qutan[3].