Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır.
“Dünyanın mənşəyi” | ||
---|---|---|
fr. l'Origine du monde | ||
| ||
Rəssam | Qüstav Kurbe | |
Tarixi | 1866 | |
Üslubu | Realizm | |
Texnikası | Yağlı boya, kətan | |
Ölçüləri | 46 sm × 55 sm | |
Materialı | yağlı boya[d] | |
Sifarişçi | Xəlil Şərif Paşa | |
Saxlanıldığı yer | Orse muzeyi | |
Saytı |
wga.hu/html/c/courbet/3/… musee-orsay.fr/fr/oeuvre… |
|
İnventar nömrəsi | RF 1995 10 | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin güman edilən qalan hissəsi |
Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi.
1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur[1][2] və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir. Hadisədən sonra Uistler Londona qayıtmışdır. Hiffernanın qırmızı saçlarının əsərdə təsvir olunmuş modelin tünd rəngli bədən tükləri ilə kontrast təşkil etməsinə baxmayaraq, modelin Hiffernan olması haqqında nəzəriyyə əsas olaraq qalmaqdadır. Özünün "Qırmızı: Qırmızıbaşın təbii tarixi" (RED: A Natural History of the Redhead) adlı kitabında Ceki Kollins Harvi (Jacky Colliss Harvey) qeyd edir ki, bu əsər üçün model ehtimal ki, "Yuxu" əsərində Hiffernanla birlikdə təsvir edilmiş brünet qadındır; modelin daha çox Hiffernanla identikləşdirilməsi isə Kurbe tərəfindən çəkilmiş erotik qırmızıbaş qadın təsviri ilə əlaqədardır.[3]
2013-cü ilin fevralında "Paris Match" jurnalının yaydığı məlumatda bildirilir ki, Kurbenin yaradıcılığı üzrə mütəxəssis Jan-Jak Fernye bəzi məlumatlara görə orijinal əsərdən ayrıldığı ehtimal edilən qırmızı saçlı qadın başı və çiyinləri təsvir olunan əsərin orijinallığını yoxlamışdır. Fernye qeyd edir ki, iki illik tədqiqatlardan əldə edilmiş nəticələrdən sonra baş təsviri Kurbenin kataloq-rezonesinin növbəti nəşrinə əlavə ediləcək.[1][4] Orse muzeyi "Dünyanın mənşəyi" əsərinin hansısa böyük bir əsərin bir hissəsi olmadığını elan etmişdir.[5]
"The Daily Telegraph"ın yaydığı məlumatda isə bildirilir ki, CARAA (fr. Centre d'Analyses et de Recherche en Art et Archéologie) fransız incəsənət tədqiqatları mərkəzinin mütəxəssisləri hər iki əsəri, onların hazırlanmasında istifadə olunan materialları müqayisə etmişlər.[1] CARAA-nın məlumatına görə piqment analizləri onların hər ikisinin XIX əsrin II yarısına aid olmasını göstərmişdir. CARAA bundan başqa heç bir açıqlama etməmişdir.[6] "Paris Match" jurnalının açıqlaması "Le Monde" qəzetinin incəsənət tənqidçisi Filip Daqen tərəfindən şübhəli kimi qiymətləndirilmiş, stil fərqləri vurğulanmış və kətanın eyni olması onun eyni yerdən alınmış olma ehtimalı ilə izah edilmişdir.[7]
Əsərin əvvəllər Osmanlı imperiyasının Afina və Sankt-Peterburqda səfiri olmuş, həmin dövrdə isə yenicə Parisə köçmüş Xəlil Şərif Paşa tərəfindən sifariş edilməsi güman edilir. Şarl Oqüsten de Sent-Byöv Xəlil Şərif Paşanı Kurbe ilə tanış etmiş, Paşa isə, özünün, o zamana kimi Enqrın "Türk hamamı" və Kurbenin Hiffernanın modellərdən biri olan "Yuxu" əsərinin də daxil olduğu erotik təsvirlər kolleksiyası üçün yeni əsər sifariş etmişdir.
Xəlil bəyin sərvətini qumar oyunlarında itirməsindən sonra əsər müxtəlif kolleksiyaçıların əlinə keçmişdir. İlk dəfə əsər 1868-ci ildə Xəlil bəyin kolleksiyasının satılması zamanı əntiq əşyalar toplayan Antuan de la Narde tərəfindən alınmışdır. 1889-cu ildə Edmon de Qonkur taxta lövhə üzərində çəkilmiş kilsə və ya qəsr təsviri və qış peyzajının arxasında gizlədilmiş əsəri əntiq əşyalar dükanında aşkarlamışdı. Kurbenin iki cildlik kataloq-rezonesini nəşr etdirmiş və Kurbe muzeyinin əsasını qoymuş Robert Fernyenin məlumatına görə macar kolleksiyaçısı Ferents Hatvani əsəri 1910-cu ildə Bernheym-Jeune qalereyasında almış və özü ilə Budapeştə gətirmişdir. İkinci Dünya müharibəsinin sonunda əsər SSRİ hərbçiləri tərəfindən ələ keçirilsə də, Hatavani əsəri satın almışdır. O zaman köçməyə qərar verən Hatavaniyə özü ilə yalnız bir əsər götürməyə icazə verilmişdir, o isə "Dünyanın mənşəyi" əsərini özü ilə Parisə gətirmişdir.[8]
1955-ci ildə "Dünyanın mənşəyi" hərracda 1.5 milyon franka satılmışdır. Əsərin yeni sahibi psixoanalitik Jak Lakan olmuşdur. Həyat yoldaşı aktrisa Silviya Batalli ilə birlikdə onlar Gitrankort ərazisində məskunlaşmışdılar. Lakan, ögey qardaşı Anre Massondan əsərin digər hissəsini çəkməyi xahiş etsə də, Masson "Dünyanın mənşəyi"nin sürrealist kinayəli versiyasını işləmişdi.[9][10]
Nyu-York ictimaiyəti əsərlə tanış olmaq şansını 1988-ci ildə Bruklin muzeyində Kurbenin sərgisinin keçirilməsi zamanı əldə etmiş, illər sonra, 2008-ci ildə Metropoliten muzeyində baş tutmuş Qüstav Kurbe sərgisinin kataloquna "Dünyanın mənşəyi" əsəri də salınmış və əsər növbəti dəfə Nyu-Yorka gətirilmişdir. 1981-ci ildə Lakanın ölümündən sonra Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi əsərin Orse muzeyinə verilməsi şərti ilə ("Dation en paiement" adlı Fransa qanununa əsasən) ailənin miras vergisini həll etməyə razılaşmışdı. Əməliyyat 1995-ci ildə tamamlanmışdı.
XIX əsr incəsənətində çılpaq insan bədəninin göstərilməsi inqilabi hərəkət kimi qəbul edilir və bu hərəkətin fəalları Kurbe və Mane hesab edilirdilər. Kurbe akademik incəsənətdən, onun incə və ideallaşdırılmış nü təsvirindən uzaqlaşmışdı, lakin o, İkinci imperiya dövrünün mifoloji və ya oneiroloji mövzularda erotizm hətta pornoqrafiyanın normal qəbul edildiyi incəsənətindən də uzaq idi.
Sonradan, Kurbe qeyd edirdi ki, heç vaxt rəsmləri ilə insanları aldatmağa çalışmayıb və onun realizmi mövcud normallığın sərhədlərini aşırdı. Onun "Dünyanın mənşəyi" əsərində açıq erotisizm Manenin "Olimpiya"sından daha çox idi. Maksim Du Kamp əsərin sahibini ziyarət etməsindən danışarkən qeyd etmişdi ki, "bu əsər realizmin son sözlərini deyir".
Özünün realistik, qrafik çılpaqlığı ilə əsər indi də şok təsiri yaratmağa qadir olmaqla, senzuraya təhrik edir.
Əsərin açıq görünüşü ola bilsin ki, Marsel Düşanın son böyük əsəri olan "Şəlalə" (1946–1966) üçün ilham mənbəyi olmuşdur. Həmin əsərdə Düşan da arxası üstə uzanmış və ayaqlarını aralamış qadın təsvir etmişdir.[11]
1989-cu ildə fransız sənətkar Orlan "cibachrome" üsulu ilə "Müharibənin mənşəyi" (fr. L'origine de la guerre) adlı əsər işləmişdir. "Dünyanın mənşəyi" əsərinin kişi versiyası olan əsərdə ereksiya vəziyyətində olan penis təsvir olunmuşdur.[12]
Jak Henrikin 1994-cü ilin fevralında nəşr edilmiş "Əbədi sitayiş" (ing. Adorations perpétuelles) romanının üz qabığında "Dünyanın mənşəyi" əsərindən istifadə olunmuşdur. Romanın satışa çıxarılmasından sonra polis bir neçə dəfə müxtəlif kitab mağazalarına kitabın küçə vitrinindən çıxarılması üçün xəbərdarlıq etmişdir. Bəzi dükanlar kitabı dəstəkləsələr də, bəziləri könüllü şəkildə kitabı vitrindən yığışdırmışdılar.
23 fevral 2009-cu ildə oxşar hal Portuqaliyanın Braqa şəhərində baş vermişdir. Bu dəfə polis üzərində "Dünyanın mənşəyi" əsəri təsvir olunmuş Ketrin Breillatın "Pornokratiya" adlı əsərini kitab dükanlarının vitrinlərindən yığışdırmışdır.[13] Polisin bu hərəkəti böyük qalmaqal yaratmışdır. Əsas kimi ictimai-əsayişin təmin edilməsi göstərilmişdir. Əsərin adı da səhvən onun pornoqrafik məzmunu olmasına işarə etmişdir. Portuqaliya qanunvericiliyi isə pornoqrafiyanın ictimai yayılmasını qadağan edir.
2002-ci ildə ABŞ sənətkarı Cek Devs əsərin şərəfinə xüsusi sərgi hazırlamışdır. "Dünyanın mənşəyi" (ing. Origins of the World) adlandırılmış həmin sərgidə müxtəlif pornoqrafik jurnallardan toplanaraq montaj edilmiş qadın cinsiyyət orqanı fotoları sərgilənmişdir.[14]
2011-ci ilin fevralında Kopenhagendən olan sənətkar Frode Steynik DR2 telekanalında yayımlanan veriliş haqqında fikrini ifadə etmək üçün əsəri şəxsi Facebook hesabında yayımladıqdan sonra, Facebook əsərin yayımlanmasını qadağan etmişdir. İnsidentin baş verməsindən sonra, Steynikə dəstək olaraq çoxlu Facebook istifadəçiləri profil şəkillərini Kurbenin əsəri ilə əvəzləmişlər. Steynikin hesabını bağlamış Facebook, nəhayət ki, onun hesabını yenidən aktivləşdirmiş, lakin "Dünyanın mənşəyi" əsərini silmişdir. Bundan sonra sosial şəbəkədə əsər haqqında olan başqa səhifələr də silinmişdir.[15][16]
2011-ci ilin oktyabrında "Dünyanın mənşəyi" əsərinin yayımlanmasından sonra hesabının bağlanması səbəbiylə fransalı sosial şəbəkə istifadəçisi Ümumi səlahiyyətli Paris məhkəməsinə Facebook-a qarşı şikayət irəli sürmüşdür. Hadisədən sonra "Arte" telekanalında yayımlanan rəssamlıq tarixi haqqında verilişdə Kurbenin bu əsərindən bəhs edilmişdir. Meyllərinə cavab ala bilməyən sosial şəbəkə istifadəçisi "söz azadlığının məhdudlaşdırılması" səbəbi ilə Kaliforniyanın Santa-Klara məhkəməsinə şikayət etmişdir.[17]
Baxmayaraq ki, Kurbenin əsəri işlədiyi dövrdən sonra fotoqrafiya və kinematoqrafiya sahəsində çılpaqlığa münasibət xeyli dəyişmişdir, rəssamlıq sahəsində bu əsər hələ də provokativ sənət nümunəsi hesab edilir. Əsərin Orse muzeyinə verilməsi böyük ajiotaja səbəb olmuşdu. Muzeydə satılmış postkart üzərində yayımlanan məlumata görə, Renuarın "Mulen de la Qalettdə bal" əsərindən sonra, "Dünyanın mənşəyi" Orse muzeyindəki ikinci ən məşhur əsərdir.[18]
Serbiya performans sənətkarı Tanya Ostojiç 2005-ci ildə yayımlanmış və "EU panties" adlandırılmış posterdə əsəri parodiya etmişdir. Kurbenin əsəri kimi, Tanyanın əsəri də qalmaqallara səbəb olmuş və ilk dəfə təqdim edildiyi sərgidən yığışdırılmışdır.
Əsər Katrin Breyanın 2004-cü ildə təqdim edilmiş "Cəhənnəmin anatomiyası" (Anatomie de l'enfer) filmində qadın cinsiyyət orqanının çəkilməsində ilham mənbəyi rolunu oynamışdır.[19]
2010-cu ildə Böyük Britaniya bəstəkarı Toni Himas "De l'origine du monde" adlı musiqi süitası bəstələmişdir. Süita, Kurbenin əsəri ilə yanaşı, rəssam və Paris kommunası arasındakı münasibətə həsr olunmuş, əsərdə Kurbenin özünün, həmçinin Şarl Bodler və Pyer Düponun mətnlərindən istifadə olunmuşdur.
Britaniya sənətkarı Aniş Kapur Kurbenin əsəri əsasında "Dünyanın mənşəyi" adlı instalyasiya yaratmışdır. İnstalyasiyanın bir hissəsi Yaponiyanın Kanazava şəhərindəki XXI əsr Müasir İncəsənət Muzeyində sərgilənir.[20]
|
|
|