Elmmetriya

Elmmetriya (Scientometrics)elmi informasiya axını və massivlərinin dinamika və strukturunun tədqiqatı ilə məşğul olan elm sahəsidir.
Elm fəlsəfəsinin, elmmetriyanın meydana gəlməsi Kembric və London universitetlərinin professoru, London Kral Cəmiyyətinin (Royal Society of London) üzvü Con Bernalın (John Desmond Bernal) 1939-cu ildə "Elmin sosial funksiyası" ("The Social Function of Science") adlı kitabının yazılması ilə bağlıdır [8]. Bu kitabında o, elmi həm sosializm, həm də kapitalizm mühitində analiz etmişdir. O, təsdiq etmişdir ki, elm kapitalizmi üstələyir və İngiltərə elmi yalnız sosializm mühitində özünün ən yüksək səviyyəsinə çatmışdır. "Elmin sosial funksiyası" kitabında, eynilə "Elm və cəmiyyət" ("Science and Society"), "Cəmiyyətin tarixində elm" ("Science in History") adlı kitablarında elmin fəlsəfi mənası, elm, texnika və sosial şərtlərin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında elmin rolu haqqında məlumatlar verilmişdir. Bu kitab yazıldıqdan 25 il sonra Con Bernal təsdiq edirdi ki, "Elm haqqında elm və ya elmin özünü dərk etməsi XX əsrin ikinci yarısının möhtəşəm başlanğıcıdır". O, həmçinin elmi-texniki inqilab konsepsiyasının yaradıcılarından biri hesab edilir. O, 1958-ci ildə yazdığı "Müharibəsiz dünya" ("World Without War") adlı kitabında müharibə zülmündən azad olmuş və bütün elmi nailiyyətləri insan naminə istifadə etmiş cəmiyyətin təsvirini vermişdir.
Elmmetriya ayrıca elm sahəsi kimi çox gənc elmdir. İngilis dilində "Scientometrics" adlanan bu termin ilk dəfə elmə Moskva Dövlət Universitetinin filosofu və riyaziyyatçısı Vasili Nalimov (Василий Васильевич Налимов) tərəfindən daxil edilmişdir. Onun Z.M.Mulçenko ilə birgə 1969-cu ildə çap etdirdiyi "Elmmetriya" ("Наукометрия") adlı monoqrafiyası dünyada ilk dəfə elmin inkişafının kəmiyyət göstəricilərinə görə qiymətləndirmə metodlarına həsr edilmişdir və dərhal digər dillərə tərcümə edilmişdir. Məhz bu əsərində V. Nalimov ilk dəfə "bibliometriya"-nın sinonimi kimi Elmmetriya (наукометрия) terminini işlətmişdir. Monoqrafiyada elmə informasiya prosesi kimi baxılmış, nəşrlərin, jurnalların, elmi işçilərin sayı və elmə ayrılan məbləğin analizi verilmişdir.
London Universitetinin fizika elmləri üzrə doktoru, Raffles Kolecinin elm tarixi üzrə elmlər doktoru Con Prays (Derek John de Solla Price) ilk dəfə elmmetrik tədqiqatlar aparmış və elmmetriyanın atası ("the father of scientometrics") adlandırılmışdır. O, məqaləni "elmin canlı toxuması" adlandırmış və elmmetriya üçün mətnlərdə qiymətləndirilə bilən hər bir şeyi – nəşrlərin sayı və mövzusunu, bu və ya digər problemin həllinə verilən mükafatı, biblioqrafik istinadları, mətnin həcmini və s. əsas hesab etmişdir: Elmmetriya özü qiymətləndirmə nəzəriyyəsi ilə sıx əlaqəlidir. Burada 2 tip dəyişənlərdən istifadə olunur:

  • a) Qiymətləndirmək istədiyimiz parametrlər – alimin məhsuldarlığı və s. Bu dəyişənlər gizli, yəni bilavasitə ölçülə bilməyən dəyişənlər adlanır.
  • b) Bilavasitə qiymətləndirilə bilən parametrlər – məqalələrin, elmi istinadların sayı və s. Bu parametrlər göstərici və ya indikator adlanırlar.

Con Prays, həmçinin elmi ədəbiyyatın paylanma qanununu (the half-life of scientific literature) və elmin eksponensial artım qanununu (Price’s law) vermişdir. Onun məşhur "Elmi məqalələrin şəbəkəsi" ("Networks of scientific papers") adlı məqaləsində elmi tədqiqatçıların bir-birlərinin məqalələrinə etdikləri istinadlara əsasən onlar arasında əlaqələrə diqqət yetirmişdir Elmin eksponensial artım qanununa əsasən elmin bir çox sahələrində məhsuldarlıq qeyri-bərabər paylanmışdır və elmin hər bir parametri (elmi tədqiqatçıların sayı, məqalələrin sayı və s.) müəyyən zaman intervalında ikiqat artır. Məsələn, Praysın hesablamalarına görə hər 10–15 ildən bir tədqiqatçıların və elmi məqalələrin sayı ikiqat artır. Bu qanunauyğunluq 2–3 yüzillikdir ki, dəyişməz olaraq qalır. Bu cür qanunauyğunluq elmin yalnız fizika, kimya, biologiya kimi böyük sahələrində izlənilirdi. Dar çərçivəli elm sahələri üçün eksponensial artım asılılığı xətti asılılıq ilə əvəz olunur. Praysın çox əhəmiyyətli əsərlərinin içərisində 1963-cü ildə yazılmış və müasir elmmetriyanın əsasını qoymuş "Kiçik Elm, Böyük Elm" ("Little science, Big Science") adlı kitabı xüsusi yer tutur. O, eyni zamanda "antikiter mexanizmi" haqqında "Qədim yunan kompüteri" ("An ancient Greek computer") adlı məqalənin müəllifidir.
Elmmetriyada tədqiqatçının elmi fəaliyyətinin, elmi jurnalın qiymətləndirilməsi, universitet və ölkənin reytinqinin təyin edilməsi üçün bir çox elmmetrik və vebometrik göstəricilərdən istifadə edilir. Məsələn, tədqiqatçı üçün onun məqaləsinə olunan istinadların maksimal sayı (Hirş indeksi), jurnal üçün həmin jurnalda çap edilmiş məqalələrə olunan istinadların sayı (impakt faktor), təşkilat üçün bir çox akademik göstəricilər (xarici tələbə və müəllimlərin sayı, NobelFilds mükafatçılarının sayı və s.), ölkə üçün dünya elminə verdiyi töhfələrin sayı (aktivlik və ya attraktivlik indeksləri) hesablanır.
Beləliklə, elmi fəaliyyətin qiymətləndirilməsi göstəriciləri (elmmetrik göstəricilər) aşağıdakı kimi qruplaşdırılır:
Elmi fəaliyyətin qiymətləndirilməsi indeksləri (Fərdi qiymətləndirmə).
Burada tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün məqalələrin və istinadların sayı, məqalələrin yaşı və s. nəzərə alınmaqla bir neçə göstəricidən istifadə edilir. Buna -indeksi, -indeksi, -indeksi, -indeksi, -indeksi və s. misal göstərmək olar.
Jurnalların qiymətləndirilməsi
Burada jurnalın nəşr olunma ili, jurnalda çap edilmiş məqalələrin və onlara olunan istinadların sayı və s. Kimi göstəricilərdən istifadə edilir. İmpakt faktor, operativlik indeksi, cited half-life, citing half-life və s. Elmi jurnalların qiymətləndirilməsində istifadə olunan indekslərdir.

Əliquliyev R. M., Alıquliyev R. M., Fətəliyev T. X., Həsənova R. Ş. Elmmetriya: mövcud vəziyyəti və imkanları. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 96 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]