Yalan elmlər

Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə[1][2].

Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar. Rusiya Elmlər Akademiyasının (REA) “Yalançı elm və elmi-tədqiqatın saxtakarlaşdırılması ilə mübarizə komissiyası” elmin nüfuzdan salınması, yalançı elmi əsərlərin yayılması və təşviqinə, yalançı elmi fəaliyyətə qarşı mübarizə aparmaq, elmi bilik və nailiyyətləri təşviq etmək məqsədi ilə yaradılmışdır. Komissiya REA-nın Rəyasət Heyətinin nəzdində yaradılmış ictimai əsaslarla işləyən elmi-məsləhətçi orqandır. O, nazirliklər, Rusiya Federasiyası hökuməti, Federal Məclis, qeyri-hökumət təşkilatları və media ilə əməkdaşlıq yolu ilə fəaliyyət göstərir, yalançı elmin yayılması, paranormal inancların və elmi-tədqiqatların saxtalaşdırılmasının qarşısının alınması üçün təkliflər və tövsiyələr hazırlayır. Müasir informasiya və mətnlərin intellektual analizi texnologiyaları yalançı elmə qarşı mübarizə imkanlarını genişləndirmişdir. Əqli mülkiyyətin qeyri-maddi formada qanunsuz mənimsənilməsi forması kimi özünü büruzə verən plagiatlıq elmi fəaliyyətdə yalançı elmin əsasını təşkil edir.

  1. Non-science posing as science Arxivləşdirilib 2015-09-05 at the Wayback Machine // Stanford Encyclopedia of Philosophy
  2. Finn P., Bothe A. K., Bramlett R. E. Science and pseudoscience in communication disorders: criteria and applications Arxivləşdirilib 2018-06-24 at the Wayback Machine // American Journal of Speech—Language Pathology, 2005 Aug;14(3):172-86.
    «Pseudoscience refers to claims that appear to be based on the scientific method but are not».
  • R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]