Gündüz Cəlilov

Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri.

Gündüz Cəlilov
bayraq
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
9 avqust 1993 – 4 sentyabr 1999
ƏvvəlkiZəlimxan Məmmədli
Sonrakıİbrahim Mehdiyev
Yanvar 1994 – ?
Şəxsi məlumatlar
Doğum tarixi 30 mart 1954(1954-03-30) (70 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Gündüz Cəlilov 30 mart 1954-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir.[1]

İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988–1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.

Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur.

Gündüz Cəlilov 9 avqust 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[2] O, 4 sentyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 231 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[3]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Gündüz Cəlilov 4 iyul 1992-ci ildə qurulmuş Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur. O, 1993-cü ilin avqustunadək partiyanın katibi və Mərkəzi Seçki Qərargahının sədr müavini vəzifəsini daşımışdır.[1]

4 iyun Gəncə qiyamı sonrasında hakimiyyət dəyişikliyi baş vermiş və Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir. Partiyanın Xətai rayon təşkilatının sədri Gündüz Cəlilov 3–4 sentyabr 1993 tarixli Azərbaycan Milli İstiqlal Partiyasının II (Növbədənkənar) Qurultayına nümayəndə seçilsə də, o partiya sıralarından xaric edildiyi üçün nümayəndəlik hüququnu itirmişdir. ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar.[4]

Gündüz Cəlilov 1994-cü ilin yanvar ayında Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri seçilmişdir.[1]

  1. 1 2 3 4 Ҹәлилов Ҝүндүз Рамазан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 527–528. ISBN 5-89600-253-x.
  2. "Arxivlənmiş surət". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.
  3. "Arxivlənmiş surət". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.
  4. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.