Hərb və Sülh (roman)

Hərb və sülh (rus. Война и миръ) — Rusiya yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir.[1][2][3] "Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873–1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.

Hərb və sülh
rus. Война и миръ
Müəllif Lev Tolstoy
Janrlar tarixi, məhəbbət, müharibə, fəlsəfi
Orijinalın dili rus dili və qismən fransız dili
Ölkə
Orijinalın nəşr ili 1869
Nəşr Russkiy Vestnik (Русский вестник)
Səhifə 1,225 (ilk nəşr)
Sonrakı Anna Karenina
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805"[4] adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir.[5] 2009-cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və sülh" birinci olmuşdur.[6]

Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır.[7] O, göstərir ki, ən yaxşı Rusiya ədəbiyyatı nümunələri standart normalardan kənara çıxır. Tolstoy "Anna Karenina" əsərini roman yaradıcılığının ilk nümunəsi kimi dəyərləndirir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Yazıçının 1908-ci ildə, Sergey Prokudin-Qorski tərəfindən Yasnaya Polyanada çəkilmiş yeganə rəngli fotosu

Dünyanın uzun romanları arasında on yeddinci yerdə qərarlaşmış "Hərb və sülh", dünyada daha çox uzun roman kimi tanınmışdır. Ümumilikdə dörd kitabdan ibarət olan romanın hər bir kitabı da ayrıca fəsillərə bölünmüşdür.

Tolstoy özü Krım müharibəsində iştirak etmiş və "Hərb və sülh" romanından da əvvəl müharibə səhnələri ilə zəngin qısa hekayələr yazmışdır. Romanın yazmağa o, ailə həyatı qurduqan sonra başlamışdır. Yazıçı əsərin ilk yarısını "1805" adı altında yazmışdır.

Tolstoyun "Hərb və sülh" əsərinin əlyazması üzərində qeydləri (1864)

İkinci yarının yazılması zamanı o, romanı yazarkən təsiri altında olduğu əsas şəxslərdən biri Şopenhauerin yaradıcılığına müraciət etmiş və onun əsərlərini oxumuşdur, lakin Tolstoy əsərdə tarixə dair şəxsi fikirlərini qələmə almışdır.[8]

Roman daha çox tarixi janrda olan əsərlər sırasına aid edilir, lakin o, eyni zamanda XVII–XIX əsrlər ədəbiyyatında məşhur olan bir çox xarakterləri, xüsusilə sevgi romanlarının bəzi xüsusiyyətlərinə də malikdir. "Hərb və sülh" öz ədəbi statusuna daha çox, özünəməxsus tərzi ilə nail olmuşdur.

Tolstoy romanda yeni bilgi vermə, nəql etmə yolundan istifadə etmişdir. Onun nəql strukturu müqayisəyə əsaslanmaqla oxucuya, baş vermiş hadisəyə münasibətdə hər iki tərəfin mövqeyini açıb göstərir. Yazıçı cəld və nəzərə çarpmayan şəkildə hadisələr fonunda öz qəhrəmanlarının xüsusiyyətlərini oxucuya çatdırır. O, hadisələrin dərin və detallı təsvirinə diqqət yetirərək, xüsusilə döyüş səhnələrinin və ziyafət salonlarının oxucuda dramatik maraq oyatmasına nail olur. Bu, roman yaradıcılığında yeni bir addım olmaqla, XIX əsrin II yarısından etibarən bir çox yazıçılar tərəfindən təkrarlandı və bu addımı ilk dəfə atan şəxs kimi Tolstoy bir daha öz peşəkarlığını sübut etmiş oldu.[9]

Tolstoy "Hərb və sülh" romanında mühüm tarixi hadisələrin baş verdiyi dövrü təsvir etmək üçün ciddi tarixi araşdırmalar aparmış və dövrün reallıqlarını öyrənməyə çalışmışdır. O, eyni zamanda, bir çox tarixi romanları tədqiq edərək yazılma üslubları haqqında informasiya toplamışdır.[8] Krım müharibəsi veteranı olan Tolstoy "Hərb və sülh" romanında standart tarixə, xüsusilə standart hərb tarixinə çox tənqidi yanaşmışdır. Tolstoy Napoleon müharibələri haqqında həm fransız, həm də rus dilində yazılmış bütün tarixi tədqiqat əsərlərini oxumuş və əldə etdiyi məlumatlardan romanda istifadə etmişdir. O, əsərin üçüncü cildindən başlayaraq, tarixə dair şəxsi fikirlərini də qeyd etmişdir. Əsərin ikinci cildində qeyd etdiyi kimi, o əfsanə-mif xarakterli məlumatları və real tarixi faktları müqayisə edərək, qaranlıqlar arasından reallığı üzə çıxarmağa çalışmışdır.

Əsərdə Tolstoyun da "bizim babalarımız yaşadığı dövrlərdə" ifadəsiylə qeyd etdiyi kimi, romanın qələmə alındığı dövrdən altmış il əvvəlki hadisələr təsvir edilmişdir. Tolstoy romanı yazmamışdan əvvəl Rusiyanın Fransa tərəfindən istilası dövründə yaşamış bir çox şəxslərlə görüşərək qeydlər aparmış, tarixi araşdırmalardakı məlumatları həmin qeydlərlə müqayisə edərək əsl həqiqəti üzə çıxarmağa çalışmışdır. O, Napoleon başda olmaqla, romanda təsvir etdiyi tarixi şəxslərə aid məktubları, jurnalları, avtobioqrafik və bioqrafik əsərləri oxumuş və bu yazıçıya təsvir etdiyi fiqurların real obrazını yaratmağa imkan vermişdir. Ümumilikdə, "Hərb və sülh" romanında 160 tarixi şəxsdən bədii obraz kimi istifadə edilmişdir.[10]

"Hərb və sülh"ün ilk nüsxəsi 1863-cü ildə tamamlanmışdır. 1865-ci ildə isə əsərin birinci hissəsi "1805-ci il" adı ilə dövrü mətbuatda – "Russkiy Vestnik" qəzetində nəşr edilmişdir. Növbəti ildə ilkin versiya yenidən çap olunmuşdur, lakin həmin ilkin versiya Tolstoyun ürəyincə olmamış, bununla belə o, 1867-ci ilə qədər əsərin müəyyən hissələrinin fərqli sonluqlarla nəşrinə icazə vermişdir. Yazıçı 1866–1869-cu illərdə yenidən roman üzərində ciddi çalışmışdır.[5][8] Tolstoyun həyat yoldaşı Sofiya Tolstaya yazır ki, əldə olan yeddi müxtəlif nüsxə üzərində çalışan yazıçı, uzun zəhmətdən sonra romanı nəşrə hazır vəziyyətə gətirmişdir.[8] "Russkiy Vestnik" qəzetində nəşr edilən versiya, 1869-cu ildə "Hərb və sülh" adı ilə nəşr edilmiş versiyadan fərqli sonluğa malik idi. Romanın tam versiyası "Hərb və sülh" adlandırılmışdır.

Əsərin 1805-ci il əlyazması (bəzən "orijinal "Hərb və sülh"" də adlandırılır) 1983-cü ildə ilk dəfə Rusiyada nəşr edilmiş, bundan sonra ingilis, alman, fransız, holland, isveç, fin, albankoreya dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Romanın dövrümüzə qədər çatmış müxtəlif versiyalarının olması, əsərin həm də böyük yazıçının yaradıcılıq üslubunu necə inkişaf etdirdiyini öyrənmək baxımından qiymətli bir mənbə kimi nəzərdən keçirilməsinə imkan vermişdir.

Əsərin pərakəndə şəkildə nəşr edilmiş ilk versiyasını mütaliə etmiş ruslar, epiloqun da daxil olduğu yekun və tam versiyanın satışa çıxarılmasından sonra bu nəşrdə əsərin hansı dəyişikliklərlə təqdim edilməsini öyrənməkdə çox maraqlı idilər və bu səbəbdən də əsərin ilk nəşri çox böyük sürətlə satıldı. İlk nəşrindən sonra roman qısa zamanda bir çox dillərə tərcümə edilərək nəşr edildi.

Romanı oxuduqdan sonra İsaak Babel demişdir: "Əgər dünya özü haqqında yaza bilsəydi, məhz Tolstoy kimi yazardı".[11] Tolstoy "təmiz gerçəklik, xarakterlərin maraqlı detalları və realizmin çox uğurlu və təkrarolunmaz kombinasiyasını yaratmağa nail olmuşdur."[12]

"Hərb və sülh" italyan dilində (1899)

Tolstoy romanı rus dilində yazsa da, dialoqların böyük bir hissəsi (açılış paraqrafı da daxil olmaqla) fransız dilindədir. Bu romanda təsvir edilən dövrün rus aristokratiyasının özünəməxsus xüsusiyyətindən irəli gəlir. Belə ki, həmi dövrdə Rusiya zadəgan mühitində fransız dilində danışmaq prestij sayılır və fransız dili rus dilindən üstün tutulurdu. Bu tamamilə tarixi həqiqətlərə əsaslanan bir hadisədir.[13] Belə ki, hətta Fransa kralı XIV Lüdovikin Rusiya zadəganlarının nümayəndələrini qəbul etməsi zamanı, onların öz ana dillərində çox zəif danışdıqları məlum olmuşdu. "Hərb və sülh" romanında da, misal üçün, xanım qız Mariyanın rəfiqəsi Jüli Karagina öz ana dili olan rus dilini öyrənmək üçün xüsusi müəllimin yardımından istifadə edirdi.

Tolstoyun obrazların dili ilə fransızca cümlələrə yer verməkdə, ədəbi baxımdan daha canlı obrazlar yaratmaqdan başqa, eyni zamanda romanın yazıldığı dövrdə rus dilinin hələ də Rusiyada layiq olduğu mövqeni tuta bilməməsinə gizli işarə etmək istədiyi düşünülür.[14] Bu, Pyer və digər obrazların Bonapartistlərlə mübahisəsi zamanı fransız ifadələrinə yer vermələri və öz fikirlərini fransız dilində ifadə etmələri ilə ironik şəkildə diqqətə çatdırılır. Bu bəzən Napoleona qarşı satira kimi də istifadə olunur. Romanda, Pyer Elenə evlənmək təklif edərkən fransızca danışır və "Je vous aime" (Mən səni sevirəm) deyir. Eyni zamanda evlilikdən sonra, Elenin xəyanəti ilə bağlı qalmaqal zamanı da, Pyer öz tənqidi və əsəbi fikirlərini fransız dilində bildirir.

Fransız dilində olan dialoqlar hadisələrin inkişafı zamanı, xüsusilə Fransa ilə münaqişənin şiddətlənməsindən sonra azalır və Moskvanın yandırılması ilə yox səviyyəsinə endirilir. Fransız dilinin romanda tədricən azaldılması Rusiyanın özünü fransız mədəniyyətinin təsirindən azad etməsi anlamına gəlir.[14] Bundan eyni zamanda, romanda hadisələrin inkişafı ilə dost fransız xalqının necə düşmənə çevrilməsini hiss etdirmək üçün bir vasitə kimi istifadə olunur.

"Hərb və sülh" romanı bir çox dillərə tərcümə edilmişdir. Roman Azərbaycan dilində tam versiyada (dörd cild) ilk dəfə 1950-ci ildə kiril qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilmişdir. Romanın Azərbaycan dilinə 1950-ci il tərcüməsi təkmilləşdirilərək, 2006-cı ildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuşdur.

İngilis dilinə roman, bir neçə tərcüməçinin birgə zəhməti nəticəsində tərcümə edilmiş və bu tərcümədə fransızcadan tərcüməni Klara Bell həyata keçirmişdir. Digər tərcüməçilər Konstans Qarnett və Luis, eyni zamanda Almer Mod Tolstoyu şəxsən tanımışlar. Tolstoyun mürəkkəb və alışılmamış söz və cümlə düzümü, eyni zamanda təkrar ifadələrin müxtəlif mənalarda işlədilməsi səbəbiylə, tərcümə prosesi çox ağır olmuşdur. "Hərb və sülh" romanının təxminən 2%-ı fransız dilindədir. Romanın 1873-cü il nəşri zamanı isə Tolstoy fransız dilində olan mətnləri tamamilə romandan çıxarmış, sonrakı nəşrlərdə həmin mətnlər yenidən bərpa olunmuşdur.[14] Əsərin əksər tərcüməçiləri (o cümlədən əsəri Azərbaycan dilinə tərcümə edənlər) fransız dilində olan mətnləri olduğu kimi saxlayaraq, qeydlərdə həmin mətnlərin tərcüməsini vermiş və beləcə Tolstoyun istifadə etdiyi orijinal üslubu saxlamışlar.[14]

Tarixi kontekst

[redaktə | mənbəni redaktə et]
1812-ci il, rus rəssamı İllarion Pryanişnikov

Əsərdə hadisələr 1805-ci ildə Çar I Aleksandrın hakimiyyətə gəlməsi ilə başlayır və 1812-ci ildə Napoleonun Rusiyaya hücumu ilə kuliminasiya nöqtəsinə çatır. Parisin Qərbi Avropa sivilizasiyasının mərkəzi hesab edildiyi[15] II Yekaterinanın hakimiyyəti dövründə (1762–1796) münasibətlər hələ ki, kifayət qədər mülayim idi. Yekaterina özü fransız dilinə və mədəniyyətinə meylli idi. O, rusları da böyük Avropa ailəsinin bir nümayəndəsi kimi görməyi arzulayırdı və fransız dilini Rusiyada saray dili səviyyəsinə qaldırmışdı.[15] Növbəti yüzillik ərzində fransız dilində danışmaq və fransız mədəniyyətinin daşıyıcısı olmaq Rusiya zadəganlarının əsas xüsusiyyəti kimi dəyərləndilirdi. Məhz bu tarixi və mədəni kontekst "Hərb və sülh" romanında öz əksini tapmışdır. II Yekaterinanın nəvəsi I Aleksandr hakimiyyətə 1801-ci ildə, 24 yaşında gəlmişdi. Romanda onun anası Mariya Fyodrovna Rusiyada hakimiyyətə təsir imkanı olan, güclü qadın kimi təsvir edilir.

"Hərb və sülh" beş zadəgan ailəsinin – Bezuxovlar, Bolkonskilər, Rostovlar, Kuraginlər və Drubetskoy ailələrinin nümayəndələrinin 1805–1813-cü illər arasındakı həyat və yaşamlarından, münasibətlərindən, 1812-ci ildə Napoleonun Rusiyaya hücumundan və bu hadisənin Rusiya və onun zadəganlarının yaşamına təsirindən bəhs edir. Bezuxovlar, əsilli, zəngin, lakin parçalanmış bir ailədir. Ailənin başçısı Kiril Vladimiroviç ömrünün sonunda, qeyri-qanuni doğulmuş oğlunu rəsmən varisi elan edərək, bütün var-dövlətini ona verir. Bolkonskilər qədim, hörmətli və zəngin bir ailədir. Ailənin başçısı olan qoca knyaz Nikolay Andreyeviç Bolkonski II Yekaterinanın dövründə orduda xidmət etmiş və general rütbəsinə kimi yüksəlmişdir. Rostovlar Moskvada yaşayan, çoxlu mülkə malik olsa da, maddi baxımdan çətin həyat sürən və gənc övladları vasitəsiylə zəngin ailələrlə qohumluq yaradıb öz maddi vəziyyətlərini qaydaya salmağa çalışan bir ailədir. Kuragin ailəsi üç övlada sahibdir və onların hər üçü romanın ən mübahisəli və müəmmalı obrazlarıdır. Drubetskoy ailəsi kasıblaşmış zadəgan ailəsidir. Ailənin iki nümayəndəsi var: yaşlı ana və onun hərbçi karyerası qurmağı arzulayan oğlu Boris.

Tolstoy əsərdə istifadə etdiyi məlumat və faktları toplamaq üçün bir neçə il sərf etmişdir. O, ilk mənbələr (müsahibələr və digər sənədlər) üzərində işləmiş, eyni zamanda tarix kitablarını, fəlsəfi mətnləri və bu mövzuyla bağlı olan digər romanları araşdırmışdır.[8] Rusiya ordusunun strukturunu və ümumilikdə döyüş səhnələrini təsvir edərkən Tolstoy Krım müharibəsi zamanı qazandığı öz şəxsi təcrübəsindən istifadə etmişdir.[16]

"Hərb və sülh"ün rus dilində olan standart mətni dörd kitabdan (əlli fəsildən) və birinci hissəsi əsasən narrativ, ikinci hissəsi isə tematik xarakterli olan iki hissəli epiloqdan ibarətdir. Romanın yarısına qədər əsasən uydurma qəhrəmanların həyatından bəhs olunsa da, ikinci yarısında, eyni zamanda epiloqda əsasən real tarixi şəxslərin həyatından, müharibədən, gücdən tarix və tarixşünaslıqdan bəhs edilmişdir.

Mariya Fyodrovna — Çar I Aleksandrın anası olan bu qadın romanda rus sarayının ən nüfuzlu fiquru kimi təqdim edilir

Roman 1805-ci ildə Sankt-Peterburqda, Mariya Pavlovna Şerer tərəfindən kraliça ana Mariya Fyodrovnanın şərəfinə verilən ziyafətlə başlayır. Romanda iştirak edən əsas obrazların əksəriyyəti və zadəgan ailələrin nümayəndələri Anna Pavlovnanın məclisində iştirak edirlər. Pyer Bezuxov zəngin knyazın qeyri-qanuni doğulmuş oğludur. Bir çoxları Pyerə, zəngin irsin yeganə varisi olduğu üçün yarınmağa çalışırlar. Anasının ölümündən sonra, yüksək təhsil alması atasının maddi dəstəyi ilə təmin edilmiş Pyer, açıqürəkli, lakin yüksək cəmiyyət içində özünü apara bilməyən, özünün saf və sadəlövh xasiyyəti ilə Peterburq zadəganlarının həyatına uyğunlaşmağa çətinlik çəkən biridir. Ziyafətə dəvət olunan qonaqların hamısı bilir ki, Pyer, atası qoca knyazın bütün övladları arasında ən çox sevdiyi övladıdır.

Ziyafətdə eyni zamanda Pyerin dostu, ağıllı və alicənab knyaz Andrey Nikolayeviç Bolkonski və onun, zadəgan məclislərinin məşhur simalarından olan xanımı Liza da iştirak edir. Peterburqun zadəgan həyatını həddən artıq dəbdəbəli, bununla belə darıxdırıcı hesab edən knyaz Andrey öz xanımının da daxilən boş və səthi düşüncəli olduğu fikrindədir. Bu kədərli həyatından canını qurtamaq məqsədi ilə Mixail İlarionoviç Kutuzovun ordusuna yazılan Knyaz Andrey Napoleona qarşı müharibədə iştirak edir.

Daha sonra hadisələr Rusiyanın qədim şəhəri və keçmiş paytaxtı Moskvada davam edir. Peterburqun yüksək zadəgan mühitindən fərqli olaraq, bu şəhər rus milli xüsusiyyətlərini daha çox qoruya bilmişdir. Şəhərdə yaşayan Rostov zadəgan ailəsi təsvir edilir. Knyaz İlya Andreyeviç Rostovun dörd övladı var. Onlardan biri olan on üç yaşlı Nataşa (Natalya İliyiçna) rus ordusunda zabit kimi xidmət etmək arzusunda olan Boris Drubetskoyun onu sevdiyinə inanır. On iki yaşlı Nikolay İliç isə yetim olan və Rostovlar ailəsi tərəfindən övladlığa götürülmüş əmisi qızı Sonyanı (Sofiya Aleksandrovna) sevir. Ailənin böyük övladı Vera İliyiçna bir qədər soyuq xarakterli olsa da, uğurlu nikah bağlayaraq rus-alman zabiri Adolf Karloviç Berqə ərə getmişdir. Ailənin ən kiçik nümayəndəsi olan Petya (Pyotr İliç) isə böyük qardaşı kimi, yaşı tamam olduğunda orduda xidmət etmək arzusundadır. Ailənin başçıları olan Knyaz İlya Rostov və Knyaginya Natalya Rostova xoşbəxt, lakin həmişə ailənin maddi durumu haqqında narahatlıq keçirən bir cütlükdür.

Bald təpələrində, Bolkonskilərin hakimlik etdiyi vilayətdə isə başqa hadisələr yaşanır. Knyaz Andrey öz darıxdırıcı arvadı Lizanı, zalım atası Knyaz Nikolay Andreyeviç Bolkonskini və dindar, sakit bacısı Mariya Nikolayevna Bolkonskayanı tərk edərək orduya, xidmətə gedir.

İkinci hissə Rusiya–Fransa müharibəsinə hazırlıq səhnələrinin təsviri ilə başlayır. Artıq orduya çağırılmış Nikolay Rostov Hollabrunne döyüşündə ilk müharibə təcrübəsini yaşayır. Burada o, Knyaz Andreylə rastlaşır və tələskənliyi üzündən ona qarşı hörmətsizlik edir. Bir çox gənc əsgər kimi, Nikolay da Çar I Aleksandrın vurğunudur. Nikolay xidmət etdiyi bölüyün zabitləri Vasili Dmitriyeviç Denisov və sonradan psixoloji problemləri olduğu aydınlaşan Fyodr İvanoviç Doloxovla dostluq edir.

Fransua JerarAusterlis döyüşü

İkinci kitab Nikolay Rostovun Moskvaya, evlərinə dönməsi ilə başlayır. O, Rostov ailəsinin tamam müflisləşmək ərəfəsində olduğunun və pis maddi durum yaşadıqlarının şahidi olur. O, qışı evlərində keçirir və qulluq etdiyi Pavloqrad alayından dost olduğu Denisovla münasibətlərini daha da istiləşdirir. Nataşa gözəl, cazibədar və gənc qızdır. Denisov ona aşiq olur və evlənməyi təklif etsə də, onun bu təklifi rədd edilir. Eyni zamanda anası Nikolaya zəngin qız taparaq, onunla evlənməyi məsləhət görür, lakin bu məsləhətə qulaq asmayan Nikolay öz gənclik sevgisi olan Sonya ilə evlənmək istəyir.

Atasından qalan mirasa sahib olduqdan sonra, Pyer Bezuxov nəhayət ki, rus elitası tərəfindən yaxşı qəbul edilir və imperiyanın nüfuzlu, zəngin zadəganlarından birinə çevrilir. Daxilən o, bunun səhv addım olduğunu düşünsə də, Knyaz Kuraginin gənc və cazibədar qızı Elenlə (Elena Vasilyevna Kuragina) evlənir. Zadəgan mühitinin ən məşhur və cazibədar qadını olan Elen, tezliklə Pyerə ondan uşağı olmasını istəmədiyini bildirir. Elen Doloxovla əlaqəyə girir və buna istinad edən Doloxov Pyeri kütlə içində alçaltmağa cəhd edir. Özünə idarəni itirən Pyer Doloxovu duelə çağırır və duel zamanı onu ölümcül yaralayır. Bu hadisədən dəhşətə gələn Elen Pyeri qatil adlandıraraq günahlandırır və baş verən qalmaqaldan sonra Pyer Eleni tərk etmək qərarına gəlir. Qarışıq ruhi vəziyyət yaşadığı bir dövrdə, Pyer masonluq cəmiyyətinə qoşulur və masonların beynəlxalq siyasətindən irəli gələn ideyaların təbliğatçısı kimi çıxış edir. İkinci kitabda, Pyerin daxili iztirablarının, yaxşı insan olmaq və ideal insan axtarışlarının təsvirinə geniş yer verilir. İndi bu zəngin zadəgan Tolstoy vasitəsilə bir fəlsəfi sual ətrafında düşünür: bir insan əxlaqsızlarla əhatələnmiş bir mühitdə necə əxlaqlı həyat sürə bilər? Sual Pyerin sonrakı həyatının istiqamətlənməsində əsas şərt olur. O, öz təhkimli kəndlilərini azad etməyə və onların həyat şəraitinin yaxşılaşdırılması üçün çalışmağa başlayır.

Pyer obrazı alicənab və ambisiyalı Knyaz Andrey Bolkonski obrazı ilə müqayisə edilir. Austerlis döyüşündə Andrey ordunun yüksək vəzifəli şəxsləri ilə birgə çalışmaq şərəfinə nail olur. Döyüşdə artilleriya silahından açılan atəş zamanı o ağır yaralanır. Ölümlə üz-üzə gəldiyi vaxt o, köhnə ambisiyaları, öz qəhrəmanı Napoleon (Napoleon döyüş meydanında onu yaralı vəziyyətdə görür və müalicə olunması əmrini verir) haqqında düşünür və bu zamana qədər həyatını boşuna keçirdiyi qərarına gəlir.

Hərbi hospitalda müalicəsini tamamladıqdan sonra evə dönən Knyaz Andreyin arvadı uşaq dünyaya gətirərkən ölür. Knyaz Andrey uzun müddət arvadını tərk etdiyinə görə özünü günahlandırır və ölüm zamanı arvadının üzərindəki təqsirləndirici ifadəyə görə özünü bağışlaya bilmir. Onun övladı, Nikoenka sağ qalır.

Leonid Pasternak — Nataşa ilk dəfə balda

Nihilist əfval ruhiyyəyə köklənmiş Andrey orduya qayıtmır və mülklərin idarə edilməsi və rus ordusunun vəziyyətinin yaxşılaşdırılması üçün qanun layihəsinin işlənməsi ilə məşğul olur. Həmin dövrdə Pyer yenidən Andreylə görüşür və ona yeni sual gətirir: Bu əxlaqsız dünyada Tanrı hardadır? Pyer panenteizmölümdən sonrakı həyat ilə maraqlanmağa başlayır.

Pyerin uzun müddət özündən uzaqlaşdırdığı arvadı Elen yenidən onu qəbul etməsi üçün xahiş edir və həmin dövrdən etibarən Peterburqun yüksək cəmiyyətində məşhur ev xanımlarından biri kimi tanınmağa başlayır.

Knyaz Andrey hazırladığı yeni hərbi qanunun qəbul edilməsi və birbaşa imperatora çatdırılması üçün cəhdlər edir. Həmin dövrdə Peterburqda olan gənc Nataşa Rostova ilk dəfə Peterburq zadəganlarının ballarından birinə qatılır və həmin məclisdə Knyaz Andreylə tanış olaraq onu özünə valeh edir. Knyaz Andrey Nataşa ilə görüşündən sonra yenidən sanki həyata qayıtdığını hiss edir və bir neçə ailəvi görüşdən sonra Nataşaya evlilik təklif edir, lakin oğlunun Rostovlarla qohum olmasına qarşı çıxan qoca Knyaz Bolkonski toy mərasimi üçün bir il gözləməyi lazım bilir. Bu hadisədən sonra Knyaz Andrey Nataşanı tək qoyaraq yenidən orduya qayıdır. Bundan ciddi sarsıntı keçirən Nataşanın əfvalını düzəltmək üçün Knyaz Rostov onu və Sonyanı özü ilə götürərək Moskvaya gedir.

Nataşa Moskvada operaya gəlir və burada Elen və onun qardaşı Anatol ilə tanış olur. Həmin dövrdə Anatol yenicə polyak bir qadınla evlənmiş və onu Polşada qoyaraq Rusiyaya qaçmışdı. O, Nataşaya çox yaxın münasibət göstərir və onunla əlaqə yaratmağa çalışır. Elen və Anatol bunun üçün bir plan hazırlayırlar. Anatol Nataşanı öpür və ona sevgi məktubları yazaraq onunla birgə qaçmağı təklif edir. Uzun düşüncədən sonra, Nataşa Anatolu sevdiyi qərarına gəlir və Knyaz Andreyin bacısı Mariyaya məktub yazaraq nişanı pozduğunu bildirir. Son anda qaçmaq planından xəbər tutan Sonya, bu planın həyata keçməməsinə səbəb olur. Pyer ilk öncə Nataşanın davranışından qorxsa da, sonradan onun aşiq olduğunu anlayaraq bunu normal qəbul edir. 1811–1812-ci illər Böyük kometasını Moskva səmasında gördükdən sonra Pyer üçün yeni həyat başlayır.

Knyaz Andrey Nataşanın nişanı pozmasını soyuqqanlılıqla qarşılayır. O, Pyerə bildirir ki, gedərkən Nataşaya azad seçim etmək imkanı vermişdi, lakin tezliklə Nataşanın tutduğu işdən çox peşman olduğunu və çox ağır xəstələndiyini eşidir.

Üçüncü cild

[redaktə | mənbəni redaktə et]
Borodino döyüşü (rəssam Lui Fransua Lejen)
Fili müşavirəsində Moskvanın tərk edilməsi qərara alınmışdı (Tretyakov qalereyası, Moskva)
1812-ci il Moskva yanğını (rəssam A. F. Smirnov)

Ailəsinin, xüsusilə Sonyanın dəstəyi və dini inanclarının vasitəsilə Nataşa həyatının çətin dövründən qurtulur. Həmin zaman artıq bütün Rusiya yaxınlaşan təhlükədən və Napoleon ilə olacaq müharibədən danışmağa başlamışdı. Pyer isə özünü Napoleonun Antixrist olmasına inandırır. Öz ərazisini fransızlardan qorumaq üçün kəndli ordusu yaratmaqla məşğul olan qoca knyaz Bolkonskinin vəziyyəti ağırlaşır və o dünyasını dəyişir. Rus ordusunun geri çəkilməsi fonunda Bolkonskilərə məxsus olan ərazinin fransızların əlinə keçmək ehtimalının yaşandığı günlərdə, kəndli üsyanı səbəbiylə ərazini tərk edə bilməyən xanım qız Mariya, təsadüfən həmin ərazidə olan Nikolay Rostov tərəfindən xilas edilir. Nikolay Mariyaya qarşı yaxınlıq hiss etsə də, tezliklə Sonyaya verdiyi sözü xatırlayır.

Müharibənin başladığı dövrdə çarın Moskvaya qədər getməsi bütün rus gənclərini vəcdə gətirir və hamı orduya yazılmağa çalışır. Belə bir vaxta gənc Petya Rostov da nəhayət ki, orduya yazılmaq üçün valideynlərinin razılığını ala bilir.

III cildin əsas qəhrəmanlarından biri Napoleon Bonapartdır. Yazıçı bu cilddə imperatorun şəxsi keyfiyyətlərini, vərdişlərini detalları ilə təsvir edir, hətta onun tez-tez pişikotu iyləməsini göstərir. Eyni zamanda 400 000 nəfər şəxsi heyətə malik olan (onlardan yalnız 140 000 nəfəri fransızdillilər idi) Fransa ordusu və onun Smolenskə qədərki döyüş yolu, fransızların Rusiya ərazisinə soxulmaları, Smolenskin işğalı təsvir edilir.

Pyer Moskvanı tərk edərək Borodino döyüşünü izləmək üçün döyüş gedən əraziyə yollanır. Bir müddət müharibə şəraitində yaşadıqdan sonra Pyerdə ağır psixi sarsıntı əmələ gəlir. İnsanların bir-birini öldürməsi, ölümün bir addımlıqda olması onu dərin düşüncələrə qərq edir və bu vaxta kimi yaşamadığı yeni və çox qorxunc hisslər yaşamasına səbəb olur. Döyüş hər iki tərəfin çox böyük – orduların məhv olması səviyyəsində — itki verməsi ilə başa çatır. Napoleonun nəhəng ordusu qarşısında duruş gətirə bilməklə, böyük itkilər bahasına olsa da, ruslar üstünlük əldə edirlər, lakin strateji səbəblər və ordunun ciddi itkiləri ilə əlaqədar olaraq, döyüşün sabahsı günü ruslar geri çəkilir və fransız ordusunun Moskvaya doğru yolunu açırlar. Döyüşdə əsərin iki əsas qəhrəmanı da ciddi yaralanır. Anatol Kuragin ayağını itirir, Andrey Bolkonski isə mərmi partlaması nəticəsinə ölümcül yaralanır. Onların hər ikisinin ölüm xəbəri yayılır, lakin ailələrinə heç bir rəsmi məlumat verilmir.

Dördüncü cild

[redaktə | mənbəni redaktə et]

Fransız ordusu Moskvaya yaxınlaşdıqca şəhər əhalisi arasında çaxnaşmalar baş verir və moskvalılar şəhəri tərk edərək qaçmağa başlayırlar. Şəhəri tərk edərkən camaat evlərini yandırır. Bu isə şəhərdə böyük yanğının ortaya çıxmasına səbəb olur. Rostovlar şəhəri ən son tərk edən ailələrdən biri olur. Gedərkən özləriylə yalnız vacib əşyaları götürən ailə, yaralıların şəhərdən çıxarılmasına kömək edir. Yaralıların arasında knyaz Andrey Bolkonski də olur, lakin Nataşanın bundan xəbəri olmur. Son günlərə kimi, plakatlar nəşr edib Moskvanın təhlükəsizliyinin təmin edildiyini bildirən knyaz Rastopçin son günlərdə şəhərdən əhalinin çıxarılmasına rəhbərlik edir.

Napoleonun ordusu Moskvanı fəth etdiyi zaman şəhəri tərk etməyən azsaylı ruslardan biri də Pyer idi. O, Moskvaya girmiş Napoleonu öldürmək qərarına gəlmişdi. Bunun üçün də o, əsl kimliyini gizlədərək dilənçi görkəmi alır. Daha sonra fransız əsgərlərindən birini xilas edən Pyer əsgərlər, eləcə də əsirlər arasında nüfuz qazanır. Burada o, əsirlərdən Platon Karatayevlə dostlaşır. Karatayevlə söhbətləri Pyerin mənəvi cəhətdən zənginləşməsinə və dünyaya baxışının dəyişməsinə səbəb olur. Fransız əsgərlərinin Moskvanı yağmalaması və silahsız ruslara əyləncə üçün atəş açmalarının şahidi olduqdan sonra, Pyer ordu ilə birgə hərəkətə məcbur edilir və həmin ərəfədə ağır Rusiya qışına tab gətirməyən fransız ordusu təcili surətdə geri çəkilərək Rusiyanı tərk etməyə çalışır. Bir müddət sonra, rus ordusu ilə kiçik toqquşma baş verir və Pyer azad edilir. Həmin toqquşmada Petya Rostov fransızlar tərəfindən öldürülür.

Bu arada, Napoleona qarşı döyüşdə ağır yaralanmış Andrey təsadüfən Rostovların evinə gətirilir. Ailə digər yaralılarla birgə onu da özləri ilə Moskvadan Yaroslavla aparır və onun qayğısına qalır. Nataşa tezliklə Andreyin onlarla olduğunu öyrənir, bir müddət sonra Marya Bolkonskaya da qardaşının yanına gəlir. Ölməmişdən əvvəl Andrey Nataşanı bağışlayır.

Romanın sonunda Elen Kuragin fransız əsgərlərinin birindən tutduğu xəstəlikdən dünyasını dəyişir. Pyer yenidən Nataşanı tapır, Nataşa ona Andreyin ölümündən, Pyer isə Karatayevin ölümündən danışır. Onlar hər ikisi qarşılıqlı sevgiyə sahib olduqlarını anlayırlar və evlənirlər.

İki hissəli epiloq

[redaktə | mənbəni redaktə et]

Epiloqun birinci hissəsi 1813-cü ildə Nataşa və Pyerin toyunun təsviri ilə başlayır. Bu Rostovların ailəsində son zamanlar baş vermiş ən xoş hadisə olur. Bir müddət sonra knyaz Rostov ölür və istila olunmuş ölkədə dağılmış ailə iqtisadiyyatını bərpa etmək Nikolay Rostovun öhdəsinə düşür.

Belə bir vəziyyətdə ailənin maddi vəziyyətinin düzəldilməsi üçün Nikolayın zəngin ailədən olan qızla evlənməsi məsələsi yenidən gündəmə gəlir, lakin belə bir addım atmaq istəməyən Nikolay, bir müddət sonra zəngin xanım olan Marya Bolkonskayanı sevir və onlar evlənirlər.

Bir müddət sonra Nikolay və Marya, knyajna Rostova və vaxtilə Nikolayın bütün həyatını birgə keçirməyə söz verdiyi Sonya ilə birgə Bolkonskilərin mülkünə köçürlər. Nikolay ailənin iqtisadi vəziyyətinin düzəldilməsinə çalışır. Onlar eyni zamanda knyaz Andreyin yetim qalmış övladı Nikolay Andreyeviç (Nikolenka) Bolkonskini də böyüdürlər. Bu uğurlu evliliklərdən sonra yeni cütlüklər — Pyer və Nataşa, Nikolay və Marya özlərini xoşbəxt hesab edirlər. 1820-ci ildə Pyer və Nataşa Bolkonskilərin evinə qonaq gəlirlər.

Epiloqun ikinci hissəsi Tolstoyun tarixi hadisələri şərhindən və müxtəlif tarixçilərin tarixi hadisələrə münasibətinin tənqidindən ibarətdir.

Nataşa Rostova (rəssam Elizabet Bom)
Napoleon Bonapart (rəssam Enqr)
I Aleksandr (rəssam V. L. Borovikovski)
  • Knyaz Pyotr Kirilloviç (Pyer) Bezuxov – tanınmış rus knyazının, kök, bir qədər kobud və ictimai işdə bacarıqsız oğludur. Pyer Fransada təhsil alıb Rusiyaya qayıtmışdır. Böyük sərvətin varisi olması ona qarşı ictimai marağı artırmışdı. O, Azad Mason Cəmiyyətinin üzvü olur. Romanın əsas qəhrəmanlarından biri olan Pyerin dili ilə Tolstoy çox vaxt öz şəxsi dünyagörüşü və düşüncələrini də ifadə edir.
  • Knyaz Andrey Nikolayeviç Bolkonski – güclü, lakin hər kəsdən şübhələnən biridir. Napoleon müharibələrinin iştirakçısı və Nataşa Rostovanın nişanlısı olan Andrey, eyni zamanda, Pyerlə də dostluq edir.
  • Xanım qız Mariya Nikolayevna Bolkonskaya – atası tərəfindən ciddi təhsil verilmiş evdar qızdır. Qayğıkeş, dindar, başqalarına özündən daha çox dəyər verən xüsusiyyətə malikdir.
  • Knyaz İlya Andreyeviç Rostov – Rostov ailəsinin rəhbəri, qayğıkeş ata. Maddi çətinliklər yaşayır.
  • Knyaginya Natalya Rostova – Knyaz Rostovun həyat yoldaşı, ailənin dörd övladının anasıdır.
  • Xanım qız Natalya İliyiçna (Nataşa) Rostova – romanın əsas qəhrəmanlarından biridir. "Çox da gözəl olmayan, lakin cəlbedici" görünüşə malik olan bu romantik qız öz xoşbəxtliyinin axtarışındadır. O yaxşı mahnı oxuyur və rəqs edir.
  • Nikolay İliç Rostov – qusardır, Rostov ailəsinin sevimli böyük oğludur.
  • Sofiya Aleksandrovna (Sonya) Rostova – rostovların övladlığa götürülmüş qohumudur.
  • Knyaz Vasili Sergeyeviç Kuragin – Kuragin ailəsinin rəhbəridir. Yaltaq, acgöz və pula həris bir insandır.

Xanım Elena Vasiliyevna (Elen) Kuragin – gözəl və seksual xarici görünüşə malik olan ictimai nüfuzlu xanımdır. Yaxşı əlaqələrə malik olan Elen mənfi xarakterə malikdir.

  • Anatol Vasiliyeviç Kuragin — Kuragin ailəsinin, mənfi xüsusiyyətlərə malik, lakin cazibədar xarici görünüşü olan oğludur. O, keçəri həvəs üçün qızlarla yaxınlıq etməyi, vaxtını oyun salonlarında keçirməyi sevir.
  • Boris Drubetskoy — kasıb, lakin zadəgan ailənin nümayəndəsidir. Karyerası və gələcəyi haqqında düşünən Boris, əvvəlcə pul üçün Jüli Karagina ilə evlənsə də, sonradan ona həqiqətən aşiq olur.
  • I Napoleon – Fransa imperatoru.
  • General Mixail İllarionoviç Kutuzov – Rusiya general-feldmarşalı, rus ordusunun ali baş komandanı.
  • Çar I Aleksandr – Rusiya imperatoru, 1807-ci ildə Tilzitdə Napoleonla sülh müqaviləsi bağlayır.
  • Osip Bazdeyevmason, Pyerin masonluğa cəlb edilməsinə nail olur.

Tolstoyun yaratdığı obrazların əksərinin prototipi onun real həyatda tanıdığı insanlardır. Onun nənə-babaları və onların tanışları bir çox obrazın xüsusiyyətlərinin yaradılmasında əsas mənbə olmuşlar. Bir çox obrazlar isə mühüm tarixi şəxsiyyətlərdir.

Roman əsasında çəkilmiş ilk Rusiya filmi "Война и мир" ("Hərb və sülh") adlı 1915-ci il istehsalı olan filmdir. Filmin rejissoru Vladimir Qardindir. Baş rolları isə Qardin özü və Vera Karalli adlı rus balerinası canlandırıblar. 1947-ci ildə F. Kamei həmin filmin Yaponiya versiyasını təqdim etmişdir.

Roman əsasında ekranlaşdırılmış tam metrajlı ilk ABŞ filmi 1956-cı ildə izləyicilərə təqdim edilmişdir. Rejissorluğunu Kinq Vidorun etdiyi filmin baş rollarını Odri Hepbern (Nataşa), Henri Fonda (Pyer) və Mel Ferrer (Andrey) canlandırmışdır. Bu filmdə canlandırdığı rola görə məşhur aktrisa Odri Hepbern "Ən yaxşı Britaniya aktrisası" nominasiyasında BAFTA mükafatına və "Dramada ən yaxşı qadın rolu" nominasiyasında Qızıl Qlobus mükafatına layiq görülmüşdür.

Roman əsasında çəkilmiş və 1965-ci ildə təqdim edilmiş dörd hissəli sovet filminin rejissoru isə Sergey Bondarçuk olmuşdur. Əsər 1965–1967-ci illərdə hissələrlə, tam şəkildə isə 1968-ci ildə təqdim olunmuşdur. Filmdə baş rolları Lyudmila Savelyeva (Nataşa) və Vyaçeslav Tixonov (Andrey) canlandırmışdır. Bondarçuk özü isə filmdə Pyer rolunda çəkilmişdir. Tam şəkildə yeddi saat davam edən filmin əsas rollarına yüz, ikinci dərəcəli rollarına isə 120 000 aktyor çəkilmiş, filmin çəkilişləri yeddi il davam etdiyindən aktyorların yaşlanması səbəbiylə əvvəlki səhnələrlə müqayisədə sonrakı səhnələrdə xarici görünüşləri dəyişmişdir. Əsər "Ən yaxşı xarici dilli film" nominasiyasında Oskar mükafatına layiq görülmüşdür.[17] Bu film romanın ən yaxşı ekran versiyası sayılır.

1972–1973-cü illərdə BBC tərəfindən roman əsasında "Hərb və sülh" adlı serial çəkilmişdir. Serialda Pyer obrazını Entoni Hopkins canlandırmışdır. Digər rollarda isə Rupert Devis, Feyt Bruk, Moraq Hud, Alan Dobi, Ancela Daun və Silvestr Morand çəkilmişlər. Bu versiyada Platon Karateyev (Herri Luki) də daxil olmaqla, Tolstoyun hətta bir çox kiçik obrazları da canlandırılmışdır.[18][19]

Prokofiyevin "Hərb və sülh" operası əsasında 2000-ci ildə ekranlaşdırılmış "La guerre et la paix" adlı Fransa serialının rejissoru isə Fransua Roussilliondur. Serialda Pyer rolunu Robert Brubaker canlandırmışdır.[20]

2007-ci ildə "Italian Lux Vide"ın təqdimatında Rusiya, Fransa, Almaniya, Polşaİtaliyanın iştirakı ilə "Hərb və sülh" adlı mini serial çəkilmişdir. Serialın rejissoru Robert Dornhelm, ssenari müəllifləri Lorenzo Favella, Enriko Medioli Və Gevin Skottdur. Serialda rollar beynəlxalq aktyor heyəti tərəfindən canlandırılmışdır.[21]

1940-cı illərdə bəstəkar Sergey Prokofiyev roman əsasında "Hərb və sülh" adlı opera (Op. 91) yazmışdır. Operanın libretto müəllifi Mira Mendelsondur. Operanın premyerası 1955-ci ildə Leninqradda həyata keçirilmişdir. 1973-cü ildə Sidney Opera Teatrının açılışı da məhz bu əsərlə gerçəkləşdirilmişdir.[22]

Əsərin tamaşa formasında ilk uğurlu səhnə təqdimatı 1942-ci ildə Alfred Neumann, Ervin Piskator və R. Lukas tərəfindənn təqdim edilmişdir. 1955-ci ildə yenidən işlənmiş həmin versiya 1963-cü ildə Macgibbon & Kee tərəfindən Londonda səhnəyə qaytarılmış və bundan sonra bir çox ölkələrdə təqdim edilmişdir.

Elen Edmundson tərəfindən təqdim edilən tamaşa versiyası isə 1996-cı ilə Kral Milli Teatrında səhnəyə qoyulmuş və elə həmin il Nik Hern Buks tərəfindən Londonda yenidən yayımlanmışdır.

2008-ci ildə Edmundson təqdim etdiyi versiyanı yenidən işləyərək təkmilləşdirmiş[23] və Nensi Mekler və Polli Tilinin rejissorluğu ilə tamaşa yenidən səhnələşdirilmişdir.[24] Bu versiyanın təqdimatı Nottingham Playhouseda həyata keçirilmiş və daha sonra həyata keçirilmiş tur çərçivəsində Böyük Britaniyanın Liverpul, Darlinqton, Bas, Varvik, Oksford, Tryuro, London və Çeltenham şəhərlərində göstərilmişdir.

Romanın ilk radio versiyası The BBC Home Service tərəfindən Valter Pikokun rəhbərliyi ilə 1943-cü ilin 17 yanvar–7 fevral tarixlərində hər bazar günü iki hissə yayımlanmaqla təqdim edilmişdir. Sonuncu saat yarımlıq hissə nəzərə alınmamaqla, bütün hissələr bir saat davam etmişdir. Bu versiyada Pyer obrazını Lisli Banks, Nataşa obrazını isə Seli Conson səsləndirmişlər.

WBAI şirkətinin Pacifica Radio stansiyası 1970-ci ildə romanın 1968-ci ildə nəşr edilmiş və Dunnigan tərəfindən ingilis dilinə tərcümə edilmiş versiyasının oxu variantını təqdim etmişdir. Səsləndirmədə 140-a yaxın şəxs iştirak etmişdir.[25]

Romanın iyirmi hissəli tam radio versiyası 30 dekabr 1969-cu ildən 12 may 1970-ci ilə kimi BBC tərəfindən təqdim edilmişdir. Bu səsləndirmədə Devid Bak, Keyt Binçi, Martin Carvis və başqaları iştirak etmişlər.

Marsi Kahan və Mayk Volker tərəfindən hazırlanmış on hissəli tam versiya isə 1997-ci ildə BBC Radio 4-də təqdim edilmişdir. 9,5 saat davam edən bu versiya 1998-ci ildə "Ən yaxşı dram əsəri" nominasiyasında Talkie mükafatına layiq görülmüşdür. Rejissoru Cenet Viteyker olan bu radio versiyanın səsləndirilməsində Simon Rassel Bili, Cerard Mörfi, Riçard Conson və başqaları iştirak etmişlər.[26]

Romanın motivləri əsasında bəstəkar Nino Rota tərəfindən musiqi kompozisiyası bəstələnmişdir.[27]

  1. Moser, Charles. 1992. Encyclopedia of Russian Literature. Cambridge University Press. pp. 298–300.
  2. Thirlwell, Adam "A masterpiece in miniature." Arxivləşdirilib 2013-05-04 at the Wayback Machine London: Guardian UK, October 8, 2005
  3. Briggs, Anthony. 2005. "Introduction" to War and Peace. Penguin Classics.
  4. Pevear, Richard. Introduction // War and Peace. Trans. Pevear; Volokhonsky, Larissa. New York City, New York: Vintage Books. 2008. VIII–IX. ISBN 978-1-4000-7998-8.
  5. 1 2 Knowles, A. V. Leo Tolstoy, Routledge 1997.
  6. Newsweek's Top 100 Books: The Meta-List Arxivləşdirilib 2015-01-06 at the Wayback Machine, yoxlanılıb 27 avqust 2012
  7. Introduction?. War and Peace. Wordsworth Editions. 1993. ISBN 978-1-85326-062-9. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
  8. 1 2 3 4 5 Kathryn B. Feuer; Robin Feuer Miller; Donna Tussing Orwin. Tolstoy and the Genesis of War and Peace. Cornell University Press. January 2008. ISBN 978-0-8014-7447-7. 3 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2012.
  9. Emerson, Caryl. "The Tolstoy Connection in Bakhtin". PMLA. 100 (1). 1985: 68–80 (68–71). doi:10.2307/462201. ISSN 0030-8129. JSTOR 462201.
  10. Pearson and Volokhonsky op cit.
  11. "Introduction to War and Peace" by Richard Peaver in Peaver, Richard and Larissa Volokhonsky, War and Peace, 2008, Vintage Classics.
  12. Greenwood, Edward Baker. What is War and Peace? // Tolstoy: The Comprehensive Vision. London: Taylor & Francis. 1980. səh. 83. ISBN 0-416-74130-4. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
  13. Flaitz, Jeffra. The ideology of English: French perceptions of English as a world language. Walter de Gruyter. 1988. səh. 3. ISBN 3-11-011549-2, 9783110115499. 23 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2010.
  14. 1 2 3 4 Figes O. "Tolstoy's Real Hero". The New York Review of Books. 54 (18). November 22, 2007. December 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2012.
  15. 1 2 Inna, Gorbatov. Catherine the Great and the French philosophers of the Enlightenment: Montesquieu, Voltaire, Rousseau, Diderot and Grim. Academica Press,LLC. 2006. səh. 14. ISBN 1-933146-03-6, 9781933146034. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2010.
  16. Troyat, Henri. Tolstoy, a biography. Doubleday, 1967.
  17. "War and Peace (1967)". IMDb.com. 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-26.
  18. War and Peace. BBC Two (ended 1973) Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine. TV.com. Retrieved on 2012–01-29.
  19. War & Peace (TV mini-series 1972–1974) Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine. IMDb.com
  20. La guerre et la paix (TV 2000) Arxivləşdirilib 2020-06-24 at the Wayback Machine. IMDb.com
  21. War and Peace (TV mini-series 2007) Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine. IMDb.com
  22. History – highlights Arxivləşdirilib 2013-10-20 at the Wayback Machine. Sydney Opera House. Retrieved on 2012–01-29.
  23. Cavendish, Dominic. "War and Peace: A triumphant Tolstoy". The Daily Telegraph. London. February 11, 2008. December 8, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 14, 2021.
  24. War and Peace. Sharedexperience.org.uk
  25. The War and Peace Broadcast: 35th Anniversary. Pacificaradioarchives.org
  26. "Marcy Kahan Radio Plays". War And Peace (Radio Dramatization). 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-20.
  27. War and Peace. Billboard.com. June 17, 2008

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]