Zəkəriyazadə Yəhya Əfəndi (oktyabr 1561, Ankara – 27 fevral 1644) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam.[1][2]
Zəkəriyazadə Yəhya Əfəndi | |
---|---|
21 may 1622 – 4 oktyabr 1623 | |
Əvvəlki | Xocazadə Əsad Əfəndi |
Sonrakı | Xocasadəttinzadə Mehmed Əsad Əfəndi |
22 may 1625 – 10 fevral 1632 | |
Əvvəlki | Xocazadə Əsad Əfəndi |
Sonrakı | Ahizadə Hüseyn Əfəndi |
7 yanvar 1634 – 27 fevral 1644 | |
Əvvəlki | Ahizadə Hüseyn Əfəndi |
Sonrakı | Əbu Səid Mehmed Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | oktyabr 1561 |
Doğum yeri | |
Vəfat tarixi | 27 fevral 1644 (82 yaşında) |
Fəaliyyəti | yazıçı |
Atası | Bayramzadə Zəkəriya Əfəndi |
III Murad dönəmində şeyxülislam olan Bayramzadə Zəkəriya Əfəndinin oğlu olaraq 1561-ci ilin oktyabr ayında İstanbulda dünyaya gəlmişdir. Mükəmməl mədrəsə təhsili aldıqdan sonra 1586-cı ildə atası ilə birlikdə həccə getdi. 1587-ci ildə Atik Əli Paşa, 1590-cı ildə Hasəki Sultan, 1593-cü ildə Şahzadəbaşı, 1594-cü ildə Üsküdar Atik Validə Sultan mədrəsələrində müdərris olaraq fəaliyyət göstərmişdir. 1596-cı ildə Hələb, 1597-ci ildə isə Şam şəhərinin qazısı təyin olundu. Bu vəzifədə ikən Cığalızadə Yusif Sənan Paşanın hamiliyini qəbul edərək Misir qazılığına yüksəlmişdir. 1600-cü ildə İstanbula geri qayıdan Yəhya Əfəndi bir müddət Bursa və Ədirnədə qazı olaraq çalışdı. Daha sonra 20 may 1604 tarixində İstanbul qazısı seçilsə də, rəqiblərinin apardığı əks-siyasət səbəbilə bu vəzifədə 4 aydan çox qala bilmədi. 1605-ci ilin yanvar ayında əvvəlcə Anadolu, 5 ay sonra isə Rumeli başqazısı seçildi. Ancaq dönəmin güclü vəzirlərindən olan Dərviş Mehmed Paşanın təsiri ilə 1606-cı ildə vəzifəsindən ayrıldı. 3 il sonra — 1609-cu ildə yenidən bu vəzifəyə gətirilsə də, bu vəzifədə 1 il qala bildi. 1617-ci ildə üçüncü dəfə Rumeli başqazısı seçilən Yəhya Əfəndi iki il bu vəzifədə qaldıqdan sonra 21 may 1622 tarixində şeyxülislam seçildi. I Mustafanın taxtdan endirilib, IV Muradın taxta çıxarılmasında şeyxülislam olaraq böyük rol oynadı. Ancaq Sədrəzəm Kəmankeş Əli Paşa tərəfindən 4 oktyabr 1623 tarixində vəzifəsindən uzaqlaşdırıldı.[3]
Siyasi vəziyyət sabitləşdikdən sonra Yəhya Əfəndi 22 may 1625 tarixində yenidən şeyxülislam seçildi və bu vəzifəsini 10 fevral 1632 tarixinə qədər davam etdirdi. Siyasi olaraq olduqca gərgin illər olan bu dönəm IV Muradın hələ uşaq yaşlarında olduğu, dövləti isə dönəmin validə sultanı olan Kösəm Sultan tərəfindən idarə edildiyi illər idi. 7 fevral 1632 tarixində sədrəzəm Hafiz Əhməd Paşa əleyhinə çıxan yeniçəri üsyanı əsnasında üsyançılar padşahdan aralarında sədrəzəm, yeniçəri ağası və şeyxülislamın da olduğu 17 nəfər dövlət adamının edam edilməsini tələb edərək Topqapı Sarayının qapılarına dayandı. Sədrəzəmin üsyançılara təslim edilməsi ilə sonlanan üsyanın sonunda Yəhya Əfəndi şeyxülislamlıqdan öz istəyilə ayrıldı.[3]
Şeyx Sənan köşkünə çəkilən Yəhya Əfəndi bu vəzifəyə üçüncü dəfə 7 yanvar 1634 tarixində qayıtdı və ölənə qədər bu vəzifədə qaldı. Şeyxülislamlığı dövründə IV Muradın sevgi və hörmətini qazanan Yəhya Əfəndi gənc sultanla İrəvan və Bağdad səfərlərinə qatılmışdır.[4]
Sultan İbrahim dönəmində isə məruz qaldığı təzyiqlər səbəbilə səhhəti korlandı və 27 fevral 1644 tarixində vəfat etdi. Cənazə mərasimi böyük izdihamla qarşılandı. Atasının Sultan Səlim Məscidi yaxınlığındakı mədrəsəsinin həyətində dəfn edilmişdir.[3]