Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı.
Harriet Biçer-Stou | |
---|---|
ing. Harriet Elizabeth Beecher Stowe | |
Doğum adı | Elizabeth Harriet Beecher |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Konnektikut, Litçfeld |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | ABŞ, Nyu-York şəhəri |
Vəfat səbəbi | Altsheymer xəstəliyi |
Vətəndaşlığı | ABŞ |
Uşağı | 6 |
Atası | Lyman Beecher |
Anası | Roxana Foote Beecher |
Təhsili | Miss Sarah Pierce |
Fəaliyyəti | romançı, şair, uşaq ədəbiyyatı yazıçısı, hekayə yazıçısı[d], yazıçı, abolitionist, esseist |
Əsərlərinin dili | ingilis dili |
Janr | nağıl[d] |
Tanınmış əsərləri | |
harrietbeecherstowecenter.org | |
Harriet Biçer-Stou Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi. Amma Roksananın uşaqları heç vaxt ögey ananın nəzarəti və təsiri altında olmadılar. Onlar üzərində nəzarət atalarının əlində idi. Harriet yaxşı təhsil ala bildi. 8 yaşında ikən atası onu miss Sarah Pierce məktəbinə qoydu. 5 il burada oxuduqdan sonra 13 yaşında ikən bacısı Yekaterina tərəfindən əsası qoyulan Hartford Qız Akademiyasına daxil oldu. O burada fransız, italyan və latın dillərini öyrəndi. Həmin dövrdə Harriet atasının təşkil etdiyi dini bir məclisdə iştirak etdi. Bundan sonra bütün həyatını Həzrəti İsaya həsr etməyi qərara aldı. Bu qərarla da o gələcək həyatının əsasını qoydu.
1833-cü ildə "Vestern Monthly Magazine" adlı bir dərgidə nağıl müsabiqəsinin keçirildiyi barədə elan oxudu. Əvvəlcədən də sinəsində yazmağa böyük bir həvəs duyan Harriet kiçik bir nağıl yazaraq müsabiqəyə göndərdi. Amma heç gözləmədiyi halda müsabiqədə birinci yeri tutdu. 1834-cü ilin aprel ayında onun bu nağılı "Vestern Monthly Magazine"də dərc olundu. Bu, Harrieti yazmağa daha da həvəsləndirdi. 1836-cı ildə özündən 9 yaş böyük olan professor, din xadimi, həm də köləliyə qarşı mübarizə aparan Kalvin Stov (Calvin Stove) ilə ailə həyatı qurdu. Bu evlilik Harrietin tanınmış yazar olmasını illərlə ləngitdi. Bu evlilikdən onların 7 uşaqları oldu. Amma həyatları daim maddi sıxınti içində keçdi və uşaqlarından biri kiçik ikən öldü. Buna baxmayaraq, onlar bir-birilərinə dayaq olmağı və çətinliklərə sinə gərməyi bacardılar. Harriet əri haqqında: "Əgər sən mənim çox sevdiyim həyat yoldaşım olmasaydın, səni yenə də sevərdim", — demişdi. Onların gecə-gündüz çalışmalarına baxmayaraq, ailənin maddi durumu ağır olaraq qalmaqda davam edirdi. Bunu görən Harriet qələmini əlinə aldı və bu yolla ailənin ağır maddi durumunun aradan qaldırılması üçün az da olsa ərinə yardım etmək fikrinə düşdü. Beləliklə, Harrietin yazıları müxtəlif qəzet və jurnallarda dərc olunmağa başladı. Yazıları dərhal diqqəti cəlb edərək, onu minlərlə oxucunun sevimlisinə çevirdi. Aldığı qonorarlarla ailənin maddi durumunu yaxşılaşdıran Harriet daha irihəcmli əsərlər yazmağa girişdi. Bu işdə onun ən böyük dayağı və ilhamvericisi yenə də əri idi.
ABŞ Prezidenti Avraam Linkoln onunla üz-üzə gəldikdə: "Demək, bu böyük savaşı başladan kitabı yazan kiçik qadın sizsiniz", — demişdi. Linkolnun həvəslə oxuduğu "Tom dayının daxması" kitabında köləlik rejiminin kəskin tənqid edilməsi və bu sistemin saxlanmasının həm ağlar, həm də qaralar üçün ləkə olduğu həssas bir şəkildə təsvir edilmişdi. O da vardı ki, Linkolnun "kiçik qız" deyə müraciət etdiyi bu böyük yazıçının adıçəkilən əsəri dərhal satılmışdı və naşirlər məcbur olaraq onun tirajını artıraraq, 3 milyon nüsxə çap etməyə məcbur olmuşdular. Lakin yenə də oxucuların ona olan tələbatını ödəyə bilməmişdilər. Əsərin təsiri altında ABŞ-nin şimalında köləliyə qarşı mübarizə başlamışdı. Bu isə köləliyin saxlanılmasının qızğın tərəfdarı olan Amerikanın cənubunda etirazlarla qarşılanırdı. Nəticədə, belə bir vəziyyət ABŞ-nin cənubu ilə şimalı arasında vətəndaş müharibəsinin başlamasına gətirib çıxardı. Bu mübarizədə minlərlə insanın qanı axıdılsa da, son nəticədə köləlik əleyhdarı şimalın köləlik tərəfdarı cənub üzərində qələbəsi ABŞ-də yeni, demokratik bir dövrün təməlini qoydu. Bununla da Harriet Biçer, özünün də dediyi kimi, qələmi ilə qılıncın görə bilmədiyi böyük bir zəfərə imza atdı və adını tarixin axarını dəyişən qadınlar sırasına yazdırdı.
1850-ci ildə Amerikanın əhalisinin sayı 23 milyon nəfər idi. Onların arasında 2,3 milyon nəfər kölə zənci də vardı. Hələ 19-cu əsrin 30-cu illərindən Amerikada köləliyə qarşı mübarizə başlamışdı. Bu mübarizənin taleyini isə Harrietin yazdığı və bütün Amerikanı sarsıdacaq "Tom dayının daxması" kitabı həll edəcəkdi. O, bu kitabında gördüklərini, şahidi olduqlarını, kölə sahiblərinin pula ehtiyacları olanda zənciləri doğmalarından ayıraraq satdıqlarını və onların başlarına gətirilən dəhşətli işgəncələri ürəkağrısı ilə qələmə almışdı. Qeyd edək ki, "Tom dayının daxması" əsəri qələmə alınan illərdə ABŞ-də ağasından qaçan kölələr təqib edilərək ələ keçirilir və onlara amansız işgəncələr verilirdi. Harriet köləliyi ifşa edən və Amerika və Avropanı silkələyəcək bu əsərini yazarkən kiçik qızı hələ südəmər idi. Ona görə də gündüz işlərini qurtarıb görəndən və gecə körpəsini yatdırandan sonra yuxusuz gecələr keçirə-keçirə bu əsərini yazdı. 1851-ci ildə o, yeni əsərinin ilk bölümünü dərc olunmaq üçün Vaşinqtonda nəşr edilən və köləlik əleyhdarı olan "National Era"ya göndərdi. Orada üç ay ərzində bu əsəri nəzərdən keçirdilər və sonda serial şəklində dərc etdilər. Harriet romanını kitab halında çap etdirmək istəyirdi. Hərçənd ki, bu kitabın ona şöhrət və ya əlavə qazanc gətirəcəyinə inanmırdı. Bostondakı iri bir nəşriyyat köləliyə qarşı çıxan bu romanı dərc etməyə qorxdu. Nəşriyyat ölkənin cənubunda nəşr etdiyi digər kitablarının satışına qadağa qoyulacağından ehtiyat edərək, Harrietin əsərini geri qaytardı. Harriet çox çətinliklə də olsa, yenicə fəaliyyətə başlayan bir nəşriyyatı əsərinin çap edilməsi üçün razı sala bildi.
Yeni roman ilk satışa çıxarıldığı gün 3 min ədəd satıldı. Amma kitaba maraq böyük idi. Ona görə təcili olaraq onu yenidən 300 min ədəd çap etməli oldular. Amma bu da bəs etmirdi və dünyanın hər yerindən kitab üçün sifarişlər gəlirdi. Ona görə də gənc nəşriyyat gecə- gündüz bu romanı çap etməklə məşğul olurdu. Az sonra kitabın tirajı 3 milyona çatdı və onların hamısı satıldı. Kitab dünyanın 50-dən çox dilinə tərcümə edildi. Amma köləlik tərəfdarları Harrietin yalan yazdığını iddia edirdilər. Bunu görən Harriet əsəbiləşərək "Tom dayının daxmasınin açarı" adlı əsərini yazdı. O, bu kitabında o dövrdə kölələrin məruz qaldıqları zülm barədə və onların heyvan kimi alınıb-satılması barədə qəzetdə verilən yazıları sübut kimi ortaya qoydu. Bu əsərin ona böyük şöhrət gətirməsindən ruhlanan Harriet Biçer 1856-cı ildə "Dred" romanını yazdı. Bu əsər də tezliklə satıldı və müəllifinin şöhrətini daha da artırdı.
Bu əsərdən sonra Amerikada köləliyə qarşı yeni savaş başladı.1854-cü ildə köləliyə qarşı mübarizə geniş vüsət aldı və ölkədə yeni demokratik təməllərə sahib olacaq Respublikaçılar partiyası yaradıldı.1860-cı ildə Avraam Linkolnun başçılıq etdiyi bu partiya hakimiyyətə gəldi və köləliyi qoruyub saxlamaq istəyən cənuba qarşı müharibə başladı. Müharibə şimalın qələbəsi ilə başa çatdı və köləlik rəsmən ləğv edildi. Harriet bu qələbədən sonra Linkoln ilə görüşdü. Linkoln: "Demək o böyük savaşı başladan kitabı yazan kiçik qadın sizsiniz", — deyərək onunla salamlaşdı. Vətəndaş müharibəsi başa çatandan sonra Harriet ailəsi ilə birlikdə bir müddət Floridada yaşadı. O burada qadınların hüquqlarını müdafiə edən adamların arasına qatıldı. Harriet "Heart and Home" adlı dərgidə qadınların haqlarını müdafiə edən yazılar yazdı. Floridadan geriyə Hartforda dönən Harriet burada "Müqəddəs tarixin qadını" ("Voman in Sacred History") adlı əsərini yazdı. Köləliyin ləğv edilməsində böyük əməyi olan və qələmi ilə böyük bir ordunun görə bilmədiyi işi görən Harriet Biçer 1896-cı ildə 85 yaşında vəfat etdi.