Kür-Araz ovalığının landşaftları

Kür-Araz ovalığıAzərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, MuğanSalyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır.[1]

Kür-Araz ovalığı
Ümumi məlumatlar
Sahəsi 22500 km²
Yerləşməsi
40°00′ şm. e. 48°30′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayonlar Sabirabad, Saatlı, Zərdab, İmişli, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul
Kür-Araz ovalığı (Azərbaycan)
Kür-Araz
ovalığı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik QafqazTalış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq KürAraz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, MuğanSalyan düzləri.

Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir. Sahəsi 22.5 min km² -dir.[2]

Kür-Araz ovalığının iqlimi qışı mülayim yayı isti quru keçən yarımsəhra quru çöldür. Buradakı landşaftların morfogenetik və struktur-funksional xüsusiyyətləri əsasən bir-birindən kəskin fərqlənən tropik və mülayim enliklərin hava kütlələrinin təsiri ilə formalaşır. Cənubdan Azərbaycan ərazisinə daxil olan isti, quru, nisbətən tozlu və şaffaf tropik hava axınları Kür-Araz ovalığının yarımsəhra landşaftlarının aerokütləsinin əasını təşkil edir, lakin qeyd olunan landşaftların səth örtüyünün təsiri ilə onların aerokütləsi qısa zamanda tranformasiyaya məruz qalaraq yerli geofiziki xüsusiyyətləri özündə əks etdirir. Tropik hava axınları yarımsəhra və quru çöl landşaftlarının mövsümi strukturunun formalaşmasında, eyni zaman da yay fəslində landşaftların funksional xüsusiyyətlərinin əsas təyinedicisidir .

Yarımsəhra və quru çöl landşaftlarının əmələ gəlməsi 100 -dən yuxarı fəal temperatur cəminin yüksək olması, isti dövrün uzunluğu, mümkün buxarlanma kəmiyyətinin (1100–1400 mm) orta illik atmosfer yağıntıları miqdarından (300–350 mm) 3–4 dəfə çox olması ilə sıx bağlıdır. İqlimin qeyd olunan elementləri ovalığın geniş səthi boyunca zəif dəyişdiyi üçün landşsft daxili differensiasiyada əsas rola malik deyildir. Buna görə də landşaft daxili differensiasiyaları izləmək xeyli çətinləşir. Hətta yarımsəhra və quru çöllərin sərhədləri aydın təzahür etmir.

Kür-Araz ovalığında, xüsusilə onun mərkəz hissəsində radiasiya balansının illik miqdarı Orta Asiya səhralarına nisbətən 7–8 kkal/sm2 çoxdur. Məsələn: Kürdəmirdə radiasiya balansının illik miqdarı 47,1 kkal/sm2 təşkil edirsə Aşqabadda 40,4 kkal/sm2 -dir. Ümumilikdə Kür-Araz ovalığında illik radiasiya balansı 40–50 kkal/sm2, Orta Asiyada 40–45 kkal/sm2 təşkil edir. Ərazidə mümkün buxarlanmanın miqdarı 1000–1200 mm arasında yağıntının miqdarı isə 300–400 m arasında dəyişir. Yağıntı ilə mümkün buxarlanma arasındakı fərq landşaftın genetik xüsusiyyətləri üçün vacib elementdir.[3]

Kür- Araz ovalığının dominant zonal landşaftı əsasən yarımsəhra, ovalığın dağətəyinə bitişik nisbətən hündür hissələrində isə quru-çöl landşaftlarıdır. Burada landşaft vahidləri və relyef tipləri arasında fərq ümumi planda o qədər də böyük deyildir, lakin relyefdəki nisbi çökmə və ya qalxmalar qrunt sularının yatım dərinliyini pozur və nəticədə landşaft daxili differensiasiya güclənir. Relyefin mikro və mezo formaları arasında əlaqəni tutmaq kifayət qədər çətindir.

Geoloji və geomorfoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Ərazinin yarımsəhra landşaftları əsas struktur əlamətlərinə görə subtropik qurşağın digər yarımsəhra landşaftlarından özünəməxsus geoloji, geomorfoloji quruluşuna, hidroloji şəraitinə, təbii drenaja və onu əhatə edən dağların və dağətəyi sahələrin xarakterinə görə fərqlənir. Landşaftın ümumi əlamətlərinin əmələ gəlməsinə təsir edən əsas amil onun Qafqaz dağ sisteminin ümumi morfostruktur planında tutduğu mövqe, onun üç tərəfdən yüksək dağlarla əhatə olunması və şərqdən Xəzər dənizinə açılmasıdır. Bu xüsusiyyət Kür dağarası çökəkliyin özünəməxsus landşaftlarının əmələ gəlməsində əhəmiyyətlidir.

Kür-Araz ovalığının zəif maili səthi, yastı yataq boyu, tirələri, yalarası çala sistemləri, təmas depresiyaları qədim çay yataqları ilə, dağətəyi sahələrdə isə geniş maili və zəif maili düzənliklərlə, gətirmə konusları və konusarası çökəklərlə səciyyələnir. Cənub-Şərqi Şirvanda alçaq braxiantiklinal və palçıq vulkanı təpələri kiçik tirələr, sinklinal çökəkliklər, qədim sahil bəndləri, tirələri və Kürün cavan deltası əmələ gəlmişdir.

Kür-Araz ovalığının qanadlarındakı allüvial-prolüvial , dellüvial, mərkəz hissəsindəki allüvial, allüvial- göl, şərqində dəniz sahili zolaqdakı dəniz mənşəli çöküntü süxurları müxtəlif strukturlu landşaft vahidlərinin əmələ gəlməsində əsas rol oynayır. Qeyd olunanlar litoloji tərkibcə müxtəlif , bir-birini tez-tez əvəz edən, dəyişən mürəkkəb landşaftları yaradır. Yeni tektonik hərəkətlərin amplitudası Kür-Araz ovalığının qanadlarında Böyük və Kiçik Qafqaz dağlarında qalxmanın daha surətli olması səbəbindən nisbətən çox olduğundan relyef maili düzənlik xarakteri almışdır. Buna görə də Şirvan və Qarabağ düzlərinin dağətəyinə bitişik maili düzənliklərində mütləq hündürlük uyğun olaraq 150–200 m-ə və 350–400 m-ə çatır. Çayların gətirmə konusları ilə daha da mürəkkəbləşən belə relyef sahələrində yeraltı suların dərinliyi 10–15 m -dən çox olur və onların biokütlənin toplanmasında rolu kəskin azalır. Buradakı konusarası çökəkliklədə qrunt sularının səthə yaxın yerləşməsi ilə landşaftda hidromorfluq artır daha çox biokütlə toplanır.

Kür-Araz ovalığındakı basdırılmış tektonik qalxmalar relyefdə ətraf sahələrdən fərqli parçalanmış səth yaratdığından xeyli mürəkkəb landşaft qrupları əmələ gətirir. Ərazinin ümumi çökməsi fonunda baş verən zəif differensial tektonik hərəkətlər burada basdırılmış antiklinallar yaratmışdır, lakin bu differensial qırışıqlıqlar yaranmasının sürəti çökəyin ümumi əyilməsindən və akkumulyasiya sürətindən xeyli zəif olduğundan, həmin gömülmüş antiklinal qırışıqlar və onların zonaları relyefdə öz əksini tapa bilmir, yaxud onların az qismi relyefdə çox zəif təzahür edir. Morfoloji cəhətdən özünü göstərə bilməyən gömülmüş strukturların səthə geomorfoloji təzahürü müxtəlif yollarla özünü göstərir. Bunlardan bəziləri çayların istiqamətini, çay dərələrinin morfoloji quruluşunu, bəziləri yerli akkumulyasiya şəraitini dəyişdirir , bəziləri isə landşaftın differensiasiyasına, anomal landşaftların yaranmasına səbəb olur. Ərazinin landşaft strukturunun mürəkkəbləşməsini Bıcaqçı, Padar, Sorsor və s. basdırılmış qalxmaların misalında aydın görmək olur.

Kür-Araz ovalığında ümumi əyilmə neotektonik hərəkətlərin qalan bütün formalarından üstün olduğundan burada nəinki kiçik miqyaslı gömülmüş strukturlar, eyni zamanda ovalığın əsasında yatan kristallik əsasın xeyli yüksək struktur differensiasiyası olan iri struktur vahidləri, tektonik qırılmalar belə səthdə əks olunmur.

Ərazinin morfostrukturunun bir cəhəti də burada tektonikmorfoloji asimmetriyanın olmasıdır. Ən intensiv əyilmə ərazinin şimal zonasını tutur və bu Xaldan-Qızılağac xəttinə uyğun gəlir. Burada ovalığa Acınohur ön dağlığının dik yamacı söykənir. Qeyd olunan morfostruktur vahidlər arasında keçid çox kəskindir. Bu özünü ərazinin hipsometrikmorfoloji quruluşunda aydın göstərir. Ovalığın şimalşimalşərq kənarında mütləq hündürlük 100 m — dən çox deyil. Türyançay, Göyçay, Girdimançay və s. kimi iri çayların gətirmə konusları çox yastı olub, relyefdə kəskin seçilən morfoloji differensiasiya yaratmır, səthi meyilliyi, dellüvial düzənliklər müstəsna olmaqla.

Kür çökəkliyi vilayətində əsasən allüvial (35%), allüvial-prolüvial (25%), dəniz, dəniz-laqun düzənliklərin landşaft növləri və qismən hidromorf (6–8%) komplekslər yayılmışdır.[4]

Kür dağarası çökəkliyinin ekogeokimyəvi landşaftları

[redaktə | mənbəni redaktə et]

Digər ərazilərdən fərqli olaraq Kür dağarası çökəkliyi Respublikamızda əsasən akkumliyasiya sahəsi kimi səciyyələndirilir və bu xüsusiyyət ərazidə formalaşan tirələrin, yamacların trendlərində, eləcə də landşaftların differensasiyasında da özünü göstərir.

Landşaftların geokimyəvi təsnifatına görə Kür dağarası çökəkliyində formalaşan 7 landşaft tipi geokimyəvi landşaft qurşaqları üzrə aşağıdakı kimi yerləşdirilir:

  1. Alçaq və orta dağlığın meşə-çöl və çöl landşaftları mülayim rütubətli iqlimli orta və alçaq dağlığın landşaftlar qrupuna;
  2. Akkumuliyativ düzənliklərin meşə, meşə-çöl, çəmən-kol və kol landşaftları mülayim rütubətli akkumuliyativ düzənliklərin landşaftları qrupuna aid edilir.
  3. Alçaq dağlığın və çökəkliklərin quru-çöl, çöl və arid denidasion landşaftları;
  4. Alçaq dağlığın arid meşə, meşə kolluq və kolluq- çöl landşaftları;
  5. Alçaq dağlığın və dağarası çökəkliklərin arid denudasion yarınsəhra landşaftları;
  6. Denudasion akkumuliyativ düzənliklərin meşədən sonrakı çöl və akkumuliyativ düzənliklərin intrazonal landşaftları alçaq dağlığın arid və semi arid landşaftları qrupunda birləşdirilmişdir.
  7. Akkumuliyativ alllüvial dəniz sahili düzənliklərin, akkumuliyativ düzənliklərin yarımsəhra, allüvial dəniz sahili düzənliklərin introzonal landşaftları quru və mülayim quru subtropik düzənliklərin yarımsəhra landşaftlarına aid edilir.
  1. Kür-Araz ovalığı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. müəllif Məzahir Təhməzov, Ensiklopedik məlumatlar, toponimlər fotoşəkillər, xəritələr Bakı-2011
  3. Azərbaycan Respublikasının fiziki coğrafiyası, I cild, Bakı 2016, 529 s.
  4. Azərbaycan Respublikasının Coğrafiyası. I Cild. səh.474. E. K. Əlizadə. S. Ə. Tarixazər