Kubinka Tank Muzeyi (rus. Центральный музей бронетанкового вооружения и техники, Ro: Tsentralni muzey bronetankovogo voorujeniya i tehniki) — Rusiyanın Kubinka şəhərində yerləşən bir müharibə muzeyidir. Muzey 1978-ci ildə yaradılıb və orada 14 ölkədən 350-dən çox tank, zirehli döyüş avtomobilləri və onlar haqqında məlumatlar nümayiş etdirilir və sərgilənir.
Kubinka Tank Muzeyi | |
---|---|
Бронетанковый музей в Кубинке | |
Əsası qoyulub | 1978 |
Açılış tarixi | iyun 1978 |
Ölkə | |
Yerləşir | Kubinka, Moskva vilayəti |
55°33′54″ şm. e. 36°42′55″ ş. u.HGYO | |
tankmuseum.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey XX və XXI əsrlərdə (1917-ci ildən bu günə qədər) istehsal edilmiş bir çox məşhur tank və zirehli texnikanın açıq havada və qapalı yerdə daimi sərgilərindən ibarətdir. Burada həm də çox az nümunəsi olan bir çox unikal, qeyri-adi və bənzərsiz hərbi texnikalar yerləşdirilmiş və nümayiş etdirilir. Belə hərbi texnikalar sırasına Hitler Almaniyasının Panzer VIII Maus super ağır tankı, Karl-Gerät ağır özüyeriyən artilleriyası, SSRİ-nin Troyanovun Object 279 Kotin ağır tankı, Object 120 Su-152 "Taran" tank qatili kimi nadir və ya məhdud sayda istehsal edilmiş prototiplər daxildir.
Kubinka Tank Muzeyi tarixən "təsnif edilmiş" Qırmızı Ordunun zireh sınaq obyektində yerləşir. Muzeydəki ekspozisiyalarının əksəriyyəti hələ də fəaliyyət göstərən Kubinka zireh sınaqları və testləri poliqonunun tədqiqat kolleksiyasından əldə edilmişdir. Soyuq müharibə dövrünün Qərb tanklarının əksəriyyəti (ABŞ və ya Qərbi Avropadan) Yaxın Şərq, Afrika, Vyetnam və Latın Amerikasındakı döyüşlərdə ələ keçirilmiş olan döyüş kubokları idi və bunların hamısı onların hər birinin güclü və zəif tərəflərini diqqətlə öyrənmək və onların hər birini diqqətlə tədqiq etmək üçün Kubinkadakı zireh sınaq müəssisəsinə göndərilirdi. Gizli tarixi və hərbçilərlə sıx əlaqəsi sayəsində muzey bu gün də tamamilə Rusiya Ordusunun şəxsi heyəti tərəfindən idarə edilir. Rəsmi hərbi hissəyə mənsub olduğu üçün muzeyin işçiləri geyim formasında xüsusi qol nişanı taxırlar.[1]
2014-cü ildən muzey Patriot hərbi mövzulu vətənpərvərlik parkının bir hissəsidir. Nəticədə, demək olar ki, bütün tanklar həmin obyektdən bu parka köçürülmüşdür.[2]
2017-ci ildən muzeyə giriş bütün ziyarətçilər üçün açıqdır. Giriş haqqı muzeyin geniş yayılmış hissəsindən asılı olaraq 300–500 rubl (4–7 ABŞ dolları) təşkil edir. İngilis dilindəki bələdçili turlar daha bahalıdır, hər hissə üçün 4500 (60 ABŞ dolları) rubldan başlayır. Altı yaşdan kiçik uşaqlar üçün giriş pulsuzdur. Hər hansı bir texnikanint foto çəkilişinə və ya video çəkilişinə icazə giriş haqqına daxildir. Əcnəbi vətəndaşlara muzeyə daxil olmaq üçün pasportun surətini, eləcə də əslini götürmələri tövsiyə olunur. Hələ də Kubinka hərbi bazasının bir hissəsi olduğu üçün silah və spirtli içkilərlə muzeyə daxil olmaq qəti qadağandır; girişlərdə metal detektorlarının köməyi ilə mühafizəçilər tərəfindən yoxlamalar aparılır.[3]
Muzeydə XX əsrdə istifadə edilmiş çox sayda tank və zirehli maşın mövcuddur. Eksponatların təxminən 60%-i sovet dövründən qalma texnikalardır, ən son nümayiş etdirilən texnika isə T-72 əsas döyüş tankının prototipi olan Obyekt 172-dir. Bundan başqa, dünyada yeganə salamat qalmış Panzer VIII Maus, Birinci Dünya Müharibəsi dövründə ələ keçirilmiş Britaniya tankı Mark V (Rusiya vətəndaş müharibəsi zamanı Ağ Rusiya qüvvələri tərəfindən istifadə edilmişdir), salamat qalmış Panzer I Ausf. F (bu, Panzer I tanklarının təkmilləşdirilmiş versiyasıdır), bir neçə müxtəlif Macarıstan, Polşa, Yaponiya, Cənubi Afrika, Böyük Britaniya və Amerika hərbi texnikaları da nümayiş etdirilir.
Bundan başqa, muzeydə İl-2 təyyarəsi, tank əleyhinə artilleriya qurğuları, V-2–34 mühərrikinin kəsik maketi və digər müxtəlif əşyalar da sərgilənir.
Moskvanın kənarında yerləşən Kubinkaya Moskvanın Belorusski dəmir yolu stansiyasından şəhərətrafı qatarla asanlıqla getmək olar. Son vaxtlara qədər yerli qatarların mürəkkəb şəbəkəsi və ingilis dili materiallarının olmamasına görə rus dilini bilmədən düzgün qatara minməyi çətinləşdirirdi. 2016-cı ildən bəri Kubinka Tank Muzeyində hər biri 12 km² olan 2 ayrı sahə mövcuddur. 2017-ci ildən etibarən ziyarətçilər rəsmi günlər, bayramlar və ya xüsusi tədbirlər (məsələn, Ordu Forumu və ya Beynəlxalq Ordu Oyunları, lakin Tank Qoşunları Günü bura daxil deyil) zamanı mövcud olan servis avtobusunlarına minə bilərlər. Mikroavtobus xidmətləri və digər işarələrin köməyi ilə taksilərdən də istifadə edilə bilər. Rus dilini bilmədən bunu etmək olduqca çətindir. Buna görə də ingilisdilli bələdçinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.
Kubinka İkinci Dünya müharibəsindən də əvvəl çox gizli bir zireh sınaq poliqonu və test meydançası idi. Rusiyanın elmi-tədqiqat və konstruktor bürolarının, təşkilatlarının və fabriklərinin bütün yeni dizaynları əvvəlcə burada sınaqdan keçirilməli idi. Həmçinin, ya Sovet qoşunları tərəfindən ələ keçirilən, ya da Qərbdəki Müttəfiqlər tərəfindən hədiyyə edilən nasist alman tankları və zirehli döyüş maşınları (ZDM) da Kubinkada sınaqdan keçirilirdi.
1941-ci ilin iyununda Barbarossa əməliyyatından əvvəl bəzi Alman tankları və zirehli döyüş maşınları Sovet İttifaqına satılmış və onlar da Kubinkada sınaqlardan keçirilmişdirlər. Bu tankların bəzilərinə Sovet İttifaqı tərəfindən diqqətlə öyrənilmiş və qiymətləndirilmiş Panzer I yüngül tankı, Panzer II yüngül tankı və Panzer III orta tankı daxildir. 1941-ci ildən sonra Nasist Almaniyasının bir neçə ələ keçirilən tankları və zirehli döyüş maşınları (məsələn, Panzer IV orta tankı, Jagdpanzer IV tank qatili, Sturmgeschütz III və Sturmgeschütz IV hücum silahları/tank qatilləri və Elefant ağır tank qatilləri kimi) çox diqqətli bir formada analiz edilmiş və qiymətləndirilmişdirlər. Sovetlərin əlinə keçən almanların nadir tankları, zirehli döyüş maşınları və ya digər hərbi texnikalarının prototipləri də Kubinkaya aparılmış və onlar nümayiş etdirilməzdən əvvəl çox diqqətli bir formada sınaqlardan keçirilmişdirlər; belə maşınlara böyük minaatan maşını, 88 mm-lik tank əleyhinə özüyeriyən silah arabasını və ən əsası 188 tonluq Panzer VIII Maus super ağır tankını, həmçinin də 60 sm-lik Karl-Gerät super ağır özüyeriyən haubitsasını göstərmək mümkündür.
Trofey kimi ələ keçirilmiş bir neçə "Tiger I" ağır tankı 1943-cü ildə Kubinkadakı sınaq və test meydançalarına gətirilmişdir ki, onların buraya gətirilməsindəki əsas məqsəd onların zireh müdafiəsinin səviyyəsini və sahəsini ölçmək və ya tankı sıradan çıxaracaq silahlar hazırlamaq üçün onların atış sınaqlarına məruz qalması olmuşdur. Sınaqlarda müəyyən edilib ki, tankın qalın zirehinə qarşı ən təsirli silah, tankdan 1000 m məsafədə "Tiger I"-in ön zirehinə (100 mm qalınlığında) nüfuz edə bilən sovetlərin 85 mm-lik 52-K Model 1939 zenit silahıdır. Bir neçə "Tiger II" ağır tankı da Sovet İttifaqı tərəfindən ələ keçirilmiş və 1944-cü ildə əlavə qiymətləndirmələr üçün Kubinkaya gətirilmişdir.
1945-ci ildə Sovet İttifaqı Mancuriya, Cənubi Saxalin, Kuril adaları, Şimali Çin və Şimali Koreyanı sürətlə işğal etdikdən sonra ələ keçirilən yapon tanklarını da sınaqdan keçirmişdir. (Bunlara Type 95 Ha-Go yüngül tankı, Type 4 Ke-Nu yüngül tankı, Type 2 Ka-Mi amfibiya yüngül tankı (bütün pontonları və flotasiya qurğuları quraşdırılmış vəziyyətdə), Type 95 Ri-Ki kran vasitəsi (döyüş mühəndisliyi maşını) və digər hərbi texnikalar daxildir.
Əsir götürülmüş Berlin-Roma-Tokio oxuna daxil olan dövlətlərin tankları və zirehli döyüş maşınları ilə yanaşı, SSRİ ABŞ-nin başlatdığı Lend-Lease hərbi dəstək proqramı çərçivəsində ona verilən Qərbdəki Müttəfiqlərinin bir neçə zirehli və hərbi maşınlarını da sınaqdan keçirmişdir. Belə döyüş texnikalarına ABŞ-nin M3 Stüart, M3 Lee/Qrant, M4 Şerman, həmçinin Matilda II, Çörçill və Valentin tankları kimi Britaniya tankları daxil idi.
Sovet tank texnologiyası, əsasən, potensial və ya gələcək tank dizaynlarını asanlaşdırmaq üçün bir sıra texniki qiymətləndirmələr və sınaqlar barədə müvafiq məlumatları milli müdafiə sisteminə təqdim edən Kubinka Hərbi Qüvvələr Texnologiyası Mərkəzində cəmlənmişdir. Bu gün Kubinka Tank Muzeyində Soyuq müharibə illərində xaricdən gətirilmiş 50-dən çox tank və digər zirehli döyüş maşınları nümayiş etdirilir.[4]
Bu döyüş maşınlarından bəziləri aşağıdakılardır: