MİMTA

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTAAzərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir.[1]

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu
MİMTA
Loqonun şəkli
Növü Fond
Yaranma tarixi 31 yanvar 2005[1]
Rəsmi dili Azərbaycanca
Sədr İcraçı direktoru: Pərviz Əmirov[2]
mimta.az

31 yanvar 2005-ci ildən fəaliyyət göstərən[3] fondun icraçı direktoru Pərviz Əmirovdur.[1][4]

Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir.[1][3][4]

Füyuzat jurnalı
[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Füyuzat jurnalı
Füyuzat jurnalı

1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır.[3][4][5][6][7]

MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur.[4][5][6]

İşıq jurnalı
[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İşıq jurnalı
İşıq jurnalı

1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir.[4][8] MİMTA fondunun mətbu orqanı olan “İşıq-qadın” jurnalı, tarixi “İşıq” qəzetinin varisidir. Nəfis şəkildə çap edilən bu jurnal ailə tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edən məqalələri ilə oxucuların dərin rəğbətini qazanmışdır.[4][7][8]

Jurnalın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır.[4][8]

Cümhuriyyətə işıq saçan qadınlar

CÜMHURİYYƏTƏ İŞIQ SAÇAN QADINLAR: Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil edilən “Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsinə qəbul olunan yazılar toplanıb. Bu yazılar Cünhuriyyətə qədərki yaxın dövrdə, Cümhuriyyət dövründə və Cümhuriyyətin süqutundan sonrakı repressiyalar zamanında öndə olan Azərbaycan qadınlarının həyat və fəaliyyətini işıqlandırır. Ümumilikdə 67 məqaləni əhatə edən bu toplu Azərbaycan qadın hərəkatının araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Elm və İrfan Sərdarları

AZƏRBAYCAN ELM VƏ İRFAN SƏRDARLARI: Kitab müəllifin uzun zamandan bəri “Füyuzat” dərgisində dərc olunan silsilə məqalələrindən tərtib edilmişdir. Müəllif Muxtar Cəfərli bu araşdırmalarda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan, işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan böyüklərindən söz açır. Cənublu-şimallı böyük Azərbaycan torpağından çıxıb bütün İslam coğrafiyasına yayılmış bu şəxsiyyətlər yaşadıqları dövrün ən parlaq simalarından olmuşlar. Müəllif bu şəxsiyyətlərə mənəvi dəyərlər kontekstindən yaxınlaşdığı üçün kitab bu mövzudakı əvvəlki tədqiqatlardan ciddi şəkildə fərqlənir.

"Şəhriyar"

ŞƏHRİYAR: Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında nəşr olunan “Şəhriyar” adlı kitabda XX əsr Azərbaycan poeziyasının korifeyi Məhəmmədhüseyn Şəhriyarın şeirləri və tanınmış miniatür ustası Fəxrəddin Əlinin bu şeirlərə çəkdiyi miniatürlər nəfis şəkildə çap edilmişdir.[4][9]

"Eşq pərvanəsi"

Kitabın audioversiyası kimi Şəhriyarın öz dilindən səsləndirdiyi Azərbaycan dilində şeirləri və müsahibələri də disk şəklində oxuculara təqdim olunur.[4]

Ağıla və qəlbə işıq saçan sözlər

AĞILA VƏ QƏLBƏ İŞIQ SAÇAN SÖZLƏR: Oxuculara dəyərli ərməğan olan bu kitabda insanın mənəvi aləmini, düşüncələrini əhatə edən, qəti və düzgün bir yol seçməkdə yardımçı olan “sehrli” aforizmlər toplanmışdır. Tərtibatçılarının uzun illik axtarışlarının bəhrəsi olan bu fəlsəfi-didaktik fikir mücrüsü mədəniyyət, siyasət və elm aləmində tanınan, ictimai fikir tarixində öz misilsiz xidmətləri ilə seçilən görkəmli şəxsiyyətlərin zəngin irsindən qətrə-qətrə yığılan müdrik söz xəsinəsidir.[4]

EŞQ PƏRVANƏSİ: Müəllifi Muxtar Cəfərli olan bu kitab Mövlana Cəlaləddin Ruminin “Divani-Kəbir”, “Fihi Ma-fih”, “Məcalisi-Səbə”, “Məktubat” və “Məsnəvi” əsərlərindən seçmələrdir. Bu seçmələr fars, ərəbtürk dillərindən tərcümə olunmuşdur.[3][4]

Mövlana təxəllüsü ilə tanınan Cəlaləddin Rumi orta əsrlər Şərqinin dahi mütəfəkkiri, şairi və Haqq aşiqidir. O, bütün peyğəmbərlərin insanlara çatdırdığı İlahi Kəlamın ən səlahiyyətli nümayəndələrindən biridir. Onun qayəsi insanları mənəvi paklığa çağıran, daxili təkamül yolu ilə sevgini, şəfqəti, qardaşlığı bütün insanlara tövsiyə edən və buna görə də yalnız İslam dinində deyil, bütün dinlər və millətlər tərəfindən təqdir edilən dahi şəxsiyyətdir.[4]

Qəlbimin aynası

QƏLBİMİN AYNASI: Kitabda Elmira Qasımovanın dövri mətbuatdan, xüsusən “Füyuzat” jurnalından oxuculara yaxşı tanış olan elmi-publisistik məqalələri, həmçinin tarix, incəsənət, ədəbiyyat kimi müxtəlif mövzuları əhatə edən yazıları yer almışdır. Əsasən milli şüur, əxlaqi keyfiyyətlər, Qarabağ dərdi, vətən sevgisi və s. dəyərləri təbliğ edən bu qələm məhsulları oxucunu müəllifin zəngin daxili dünyası, incəsənət anlayışı ilə yaxından tanış edir.[4]

Səadət ocağı Ailə

SƏADƏT OCAĞI - AİLƏ: Kitab Ağa Hacıbəylinin bir neçə il ərzində “Füyuzat” jurnalının müxtəlif saylarında dərc edilmiş silsilə məqalələri əsasında tərtib olunmuşdur. Həyat yoldaşı seçimindən ailə qurmağa, ailənin müxtəlif psixoloji, mənəvi məsələlərindən övlad tərbiyəsinə qədər mühüm mövzular kitabda xronoloji ardıcıllıqla verilmişdir. Müəllif münasibət bildirdiyi məsələlərə, müxtəlif ailə problemlərinin çözüm yollarına milli-mənəvi və çağdaş dəyərlər prizmasından yanaşmışdır.[4]

Daşa qazınmış xəyanət

DAŞA QAZINMIŞ XƏYANƏT: Bu əsərdə, yazarın Fransada erməni propaqandaları ilə beyni yuyulmuş fransızlarla olan həyacanverici mübahisəsini oxuyacaqsınız. Bundan əlavə, daşa qazınmış xəyanət bəlgəsiylə üzləşəcək və gözlərinizə inanmayacaqsınız. Orijinalı türkcə olan bu əsəri Şəfəq Sultan Əlixanlı Azərbaycan türkcəsinə uyğunlaşdırmışdır.

Dünya siyasəti

DÜNYA SİYASƏTİ: Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu dərslikdə dünya siyasətinin inkişaf istiqamətləri açıqlanır, dünyanın müxtəlif regionlarında cərəyan edən hadisə və proseslər müasirlik işığında təhlil edilir.[4] Kitabın müəllifi Ağalar Abbasbəylidir.

Şəhidlərə kəfən lazım deyil

ŞƏHİDLƏRƏ KƏFƏN LAZIM DEYİL: Atamoğlan Məmmədlinin 2 hissəli, 6 şəkilli bu dram əsərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun ömür yolu canlandırılmış, uşaqlıq, gənclik illəri, düşüncələri və cəbhə yolu yazıçı qələmi ilə işıqlandırılmışdır.[4]

Rind və Zahid

RİND və ZAHİD: Klassik ədəbiyyatımızın parlaq və təkrarolunmaz simalarından olan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin fars dilində qələmə aldığı “Rind və Zahid” müstəqil kitab şəklində ilk dəfədir işıq üzü görür. Hər cümləsində Füzuli zirvəsinin ucalığını, qüdsiyyətini əks etdirən bu əsər insanı bir daha öz həqiqəti haqqında düşünməyə vadar edir. Zahir-batin, ağıl-qəlb, nəfs-ruh qarşıdurmasını Rind və Zahidin dili ilə canlandıran dahi Füzuli bununla, əslində, insanı öz-özü ilə qarşılaşdırır.[4] Qeyd edək ki, kitabın müəllifi Muxtar Cəfərlidir.

““Füyuzat” və Gənc nəsil”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı 190 saylı məktəb və Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun birgə layihəsi kimi “Füyuzat” və Gənc nəsil” adlı tədbir keçirilmişdir. 17 dekabr 2009-cu ildə keçirilən tədbirdə məqsəd gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, milli, mənəvi dəyərlərimizin tanınması və mənimsənilməsi idi.

““Füyuzat” və Gənc nəsil”

Tədbirdə 190 saylı məktəbin direktoru, respublikanın əməkdar müəllimi Afət xanım Bakıxanova, şair və yazıçılar, müxtəlif ali təhsil müəssisələrindən dəvət olunmuş alimlər, tanınmış ziyalılar, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak etmişlər.

“İşıq-qadın” jurnalının 190 nömrəli məktəblə görüşü

“İşıq-qadın” jurnalının 190 nömrəli məktəblə görüşü

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsis etdiyi "İşıq-qadın" jurnalı və O.Mirzəyev adına 190 saylı tam orta məktəbin kollektivi akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirmişdir.

“İşıq-qadın” jurnalının 190 nömrəli məktəblə görüşü

7 may 2013-cü ildə keçirilən Tədbirdə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, "İşıq-qadın" jurnalının baş redaktoru Sədaqət Qəhrəmanova, 190 saylı məktəbin direktoru Afət Bakıxanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Respublikasının xalq artisti Amaliya Pənahova, həmçinin digər qonaqlar çıxış etmiş, “İşıq-qadın” jurnalının Azərbaycan qadını tarixindəki rolundan danışmışlar.

“Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi

“Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi

18 dekabr 2015-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi əsasında nəşr edilmiş “Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi keçirilmişdir. Tədbirdə KİV nümayəndələri, tanınmış ictimai xadimlər iştirak etmişlər. Çıxış edənlər arasında tədbirin aparıcısı tanınmış diktor, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, professor Cahangir Məmmədli, əməkdar jurnalist Flora Xəlilzadə, tarix elmləri doktoru Nərgiz Əliyeva, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, tədqiqatçı-yazar Füzuli Sabiroğlu, yazıçı-publisist Şəfəq Nasir, filologiya üzrə fəlsəfə doktoru Qənirə Əmircanova və digər elm və mədəniyyət xadimləri kitabın mədəniyyət tariximizə, milli-mənəvi dəyərlərimizə müstəsna bir töhfə olduğunu demişlər.

“Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi

“Şeirin İşığı – İşığın şeiri”

Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun təşkilati dəstəyi ilə keçirilən, “İşıq” jurnalının və BDU-nun Jurnalistika fakültəsinin birgə layihəsi olan "Şeirin işığı - İşığın şeiri" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

30 noyabr 2016-cı ildə keçirilən müsabiqədə Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı, şair Baba Vəziroğlu, Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun icraçı direktoru Pərviz Əmirov və "İşıq" jurnalın məsul katibi Əsəd Aslanoğlu münsif, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini və "İşıq" jurnalının baş redaktoru Sədaqət Qəhrəmanova, o cümlədən tanınmış jurnalist Flora Xəlilzadə isə qonaq qismində iştirak edib tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişlər.

"Vətənin vətəndaşı, bir işıq da sən yandır”

MİMTA fondu və Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş “Vətənin vətəndaşı, bir işıq da sən yandır” adlı esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. 27 aprel 2017-ci ildə keçirilən tədbirdə BDU-nun rektoru akademik Abel Məhərrəmov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, o cümlədən bir sıra nüfuzlu qonaqlar, millət vəkilləri, tanınmış ziyalılar, media nümayəndələri və universitetin pedaqoji heyəti iştirak etmişlər.[10]

Münsiflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müəyyən olunmuş qaliblər “Füyuzat” jurnalı tərəfindən fəxri diplomlar, mükafatlarla təltif olunmuşdur.[10]

Tələbələrin hazırladığı bədii hissə - “Füyuzat”ın səhifələrindən oxunan bədii qiraət, həzin musiqinin müşayiətilə söylənilən şeirlər, səhnəciklər isə tədbirdə iştirak edən bütün qonaqlar tərəfindən böyük coşqu ilə qarşılanmışdır.[10]

“Könlüm keçir Qarabağdan”

“Füyuzat” jurnalı şagirdlər arasında vətənpərvərlik hissinin yüksəldilməsi üçün və yenidən nəşrinin 10 illik yubileyi ilə bağlı “Könlüm keçir Qarabağdan” adlı inşa müsabiqəsi təşkil etmişdir.

Qaçqın və məcburi köçkün övladlarının təhsil aldığı Ağdam rayon 33 nömrəli orta məktəbi, Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi, Füzuli rayon 50 saylı tam orta məktəbi və Xocavənd rayonu Nərimanlı kənd tam orta məktəbləri arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimində bir sıra ictimai xadimlər, adıçəkilən rayonların səlahiyyətli nümayəndələri, rayon təhsil şöbəsinin müdirləri, şair və yazıçılar, o cümlədən millət vəkili Qənirə Paşayeva, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli və Cəbrayıl rayon icra başçısının müavini Fəridə İbayeva iştirak etmişlər. Müsabiqə 22 may 2017-ci il tarixində keçirilmişdir.

“Cümhuriyyətə İşıq Saçan Qadınlar”

Cümhuriyyətə İşıq Saçan Qadınlar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YAP Qadınlar Şurası, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalının birgə təşkil etdiyi “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsi keçirilmişdir.[11][12][13][14][15]

Cümhuriyyətə İşıq Saçan Qadınlar

Cümhuriyyətin 100 illik yubileyinə və Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin sədr müavini Bahar Muradova, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkili Hadı Rəcəbli, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkili Aqiyə Naxçıvanlı, professor Cahangir Məmmədli və başqaları Azərbaycan dövlətinin prioritet istiqamətə çevirdiyi qadın siyasətindən danışmış, Azərbaycan qadınlarının keçdiyi tarixi yola nəzər salaraq onların fədakarlıqlarını yüksək qiymətləndirmişlər.[11][12][13][14][15]

Tədbirdə Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı filmi də nümayiş olunmuşdur.[12][15]

Daha sonra münsiflər heyətinin üzvlərinə mükafatlar təqdim olunmuş, qaliblərin adı açıqlanmışdır.[12][15]

Tədbir 7 may 2018-ci ildə keçirilmişdir.[12][15]

“Müasir jurnalistikamızın inkişaf xüsusiyyətləri və problemləri”

“Müasir jurnalistikamızın inkişaf xüsusiyyətləri və problemləri” mövzusunda keçirilən seminarda BDU-nun jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru, filologiya elmləri doktoru Alxan Məmmədov mühazirə oxumuşdur. Seminarda müxtəlif universitetlərin tələbələri, müəllimlər, fondun əməkdaşları və digər qonaqlar dinləyici qismində iştirak etmişlər.

“Ermənilərin mənşəyi”

Ermənilərin mənşəyi

“Ermənilərin mənşəyi” mövzusunda keçirilən bu seminarda BDU-nun dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli mühazirə oxumuş, Fondun əməkdaşları, o cümlədən müəlllim və tələbələr iştirak etmişlər.

"Osmanlı dövləti və ermənilər"

MİMTA Fondunun təşkilatçılığı ilə BDU-nun dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədlinin növbəti seminarı keçirilmişdir. "Osmanlı dövləti və ermənilər" mövzusunda keçirilən bu seminarda fondun əməkdaşları, müəllim və tələbələr, eləcə də digər qonaqlar dinləyici qismində iştirak etmişlər.

"Jurnal Tipologiyası"

Jurnal Tipologiyası

MİMTA Fondunda keçirilmiş növbəti seminarda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədli "jurnal tipologiyası" mövzusu ilə çıxış etmiş və seminar iştirakçılarının suallarını cavablandırmışdır.

“Qloballaşma və milli kimlik”

MİMTA Fondunun təşkilatçılığı ilə BDU Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, dosent Vüqar Zifəroğlunun “Qloballaşma və milli kimlik” mövzusunda seminarı keçirilmişdir. Seminarçı öz geniş mühazirəsində qloballaşmada mədəniyyətlərin bir-birinə təsiri şəraitində milli dəyərlərə sahib çıxmağın önəmindən danışmış, eyni zamanda dünyaya inteqrasiyanın müsbət tərəflərinə toxunmuşdur. Seminarda dinləyici qismində Fondun əməkdaşları, o cümlədən müxtəlif ali təhsil ocaqlarının müəlllim və tələbələri iştirak etmişlər.

“Klassik “Füyuzat”dan müasir “Füyuzat”a”

MİMTA Fondunun 100 il sonra təsis etdiyi “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunusun “Klassik “Füyuzat”dan müasir “Füyuzat”a” mövzusunda verdiyi bu seminarda milli düşüncə tariximizdə önəmli yeri olmuş klassik “Füyuzat”ın keçdiyi tarixi yola işıq salınmış, müasir “Füyuzat”ın öz sələfinin layiqli davamçısı kimi müasir Azərbaycanda özünəməxsus roluna, üslubuna toxunulmuşdur. Mühazirəçi əsasən tələbələrdən ibarət olan dinləyicilərin çoxsaylı suallarını geniş cavablandırmışdır.

“Azərbaycan qadınının taleyində və mətbuat tarixində “İşıq”ın rolu”

MİMTA Fondunda “İşıq” jurnalının məsul redaktoru Əsəd Aslanoğlunun milli mətbuatımızda və Azərbaycan qadınının taleyində “İşıq” qəzetinin rolundan bəhs edən seminarı keçirilmişdir. Azərbaycan mətbuatına ilk qadın mətbu orqanı kimi düşmüş “İşıq” qəzetinin qısa müddətli, lakin geniş və səmərəli fəaliyyətinə toxunan mühazirəçi, qəzetin 100 il sonra jurnal formatında bərpa edilməsinin önəmindən danışmış, müasir “İşıq” jurnalının kontentinə ətraflı şərh vermişdir.

  1. 1 2 3 4 "HAQQIMIZDA" (az.)). mimta.az. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  2. Pərviz Əmirov. "MİMTA Fondunun 2017-cı il üçün HESABATI" (az.)). informator.az. 2018-03-30. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  3. 1 2 3 4 Əmirov P. "Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu" (az.)). Respublika. 2008-03-30. 2008-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Nurlan Səlim. ""İki mətbu orqanı yaşatmaq həm çətin, həm də məsuliyyətli işdir"" (az.)). 525.az. 2014-11-06. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  5. 1 2 "FÜYUZAT" (az.)). mimta.az. 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  6. 1 2 "BDU-da "Füyuzat" jurnalının 110, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib" (az.)). bsu.edu.az. 2017-04-27. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  7. 1 2 Nurlan Ağa. ""Əkinçi"dən başlayan yolumuz" (az.)). kaspi.az. 2017-10-12. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  8. 1 2 3 "İŞIQ" (az.)). mimta.az. 2017-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  9. ""Şəhriyar" kitabı nəşr olunub - FOTO" (az.)). apa.az. 2011-06-15. İstifadə tarixi: 2018-08-14.[ölü keçid]
  10. 1 2 3 Şəfəq Nasir. "BİR İŞIQ DA SƏN YANDIR..." (az.)). respublica-news.az. 2017-05-11. İstifadə tarixi: 2018-08-14.[ölü keçid]
  11. 1 2 ""Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma-yazı Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçiriləcək" (az.)). scfwca.gov.az. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  12. 1 2 3 4 5 "Rafiq Səfərovun "Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma-yazı müsabiqəsinə təqdim etdiyi yazı münsiflər tərəfindən qaliblər sirasında 3-cü yerə layiq görülmüşdür" (az.)). milliarxiv.gov.az. 2017-05-07. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  13. 1 2 ""Cümhuriyyətə işıq saçan qadınlar" müsabiqəsi başa çatdı" (az.)). parafr.az. 2018-05-10. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  14. 1 2 "Nizami Muzeyinin əməkdaşı "Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma-yazı müsabiqəsində ikinci yerə layiq görülüb" (az.)). nizamimuseum.az. 2018-05-21. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  15. 1 2 3 4 5 Xəyalə Məmmədova. ""Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma-yazı müsabiqəsinə yekun vurulub VİDEO" (az.)). azertag.az. 2018-05-07. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]