Makroiqtisadiyyat

Makroiqtisadiyyat (q.yun. μακρός — "böyük" və q.yun. οἶκος — "ev, təsərrüfat" sözlərindən) — milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir.[1] Makroiqtisadiyyat sözü "macro" böyük, "iqtisadiyyat" sözlərinin birləşməsindən yaranıb. Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir.[2][3]

İqtisadiyyat
Əsas kateqoriyalar
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
İqtisadi metodologiya
Alternativ iqtisadiyyat
Texniki metodlar
Riyazi iqtisadiyyat
Ekonometrika
Təcrübi iqtisadiyyat
Milli Hesablar Sistemi
Sahələr və alt sahələr
Təhsil
Səhiyyə
Əmək
Oyunlar nəzəriyyəsi
Artım
Kənd təsərrüfatı
Təbii ehtiyatlar
Davranış
İqtisadi sistem
Beynəlxalq

Portal:İqtisadiyyat

Bura milli, regional və qlobal iqtisadiyyat daxildir. Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır.

Makroiqtisadiyyat əsas göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM), Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsini, Qiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə, mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.[4]

Makroiqtisadiyyat da simvolik olaraq iki əsas hissəyə bölünür:

  • Qısamüddətli (Short-Run): qısamüddətli dövrdə iqtisadiyyatda başverən hadisələrin səbəbini və nəticəsini öyrənir.
  • Uzunmüddətli (Long-Run): uzunmüddətli dövrdə iqtisadi artımı təmin edəcək komponentlərin və yolların öyrənir.
border=none Əsas məqalə: Makroiqtisadi fikir tarixi

İlk dəfə makroiqtisadiyyat termini Norveç iqtisadçısı Raqnar Friş tərəfindən 14 avqust 1934-cü ildə elmə daxil edilmişdir. Müasir makroiqtisadi nəzəriyyənin banisi isə, 1936-cı ildə "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" (ing. The General Theory of Employment, Interest, and Money) adlı əsərin müəllifi olan ingilis iqtisadçısı Con Meynard Keyns hesab olunur.

Makroiqtisadi fikir tarixində aşağıdakı məktəblər vardır:

Keyns məktəbi — demək olar ki, modern makroiqtisadiyyat Con Menyard Keyns və onun "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabı ilə bağlıdır. Keyns likvid üstünlüklər konsepsiyasını inkişaf etdirib və iqtisadiyyatın necə işlədiyi ilə bağlı ümumi nəzəriyyə formalaşdırıb. Keyns öz nəzəriyyəsində ilk dəfə monetar və real iqtisadi faktorlara toxunub, işsizliyi və iqtisadi sabitliyə çatmanın yollarını izah edib.[5] Bu məktəbin davamçıları Keyns modelinin dəqiq konsepsiyası və mexanizminin yaradılması üzərində çalışıblar. Kenys məktəbinin ortodoksal qolu adlanan bir qrup iqtisadçı Keyns modeli ilə klassiklərin mikroiqtisadi düşünçələrini birləşdirərək "neoklassik sintez" yaradmışdılar. Bu sintez 1940-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər hakim mövqe tutmuşdu. Bu vaxtlar Kensçilərin iki qolu seçilirdi. Bir qrup Keynsin qeyri-tarazlıq ideyası üzərində cəmləşmişdi, digərləri isə keynsin nəzəriyyəsinə fundamentalist mövqedən yanaşırdılar və heterodoks post-Keynsçi ənənəni başlatdılar.

Amerikan iqtisadçısı Milton Fridman Keynsin makroiqtisadi nəzəriyyəsinə alternativ olan nəzəriyyə olan monetarizmi inkişaf etdirdi. Ümumilikdə, monetarizim pulun təklifinin iqtisadiyyata necə təsir etdiyini öyrənir. Monetarizmin ilk yarandığı 1950–60-cı illərdə kensçilər pulun inflyasiyada və biznes tsilklərinə təsirini inkar etdilər, monetaristlər isə birbaşa olaraq bunu müdafiə edirdilər.[2]

Yeni klassik məktəb monetarizmdən formalaşıb və Keyns məktəbinə qarşı yeni iddealar irəli sürüblər.[6] İlk vaxtlar yeni klassiklər özlərini monetarist hesab edirdilər,[7] amma sonra yeni məktəbi formalaşdırdılar.[8] Onlar monetaristlərdən fərqli olaraq monetar siyasətin iqtisadiyyatı sistematik idarə edəcəyinə inanmırdılar və sonda real biznes tsiklləri nəzəriyyəsini yaratdılar.[9]

Yeni klassiklər neoklassik sintezi tənqid edirdilər, çünki bu sintez özündə Valrasın mikroiqtisadi bazar tarazlığı modelini, həm də Keynsin makroiqtisadi qeyri-tarazlıq modellərini birləşdirirdi. Yeni kensçilər bu paradoksla tanış idilər, amma yeni klassiklər kensin ideyalarını tənqid edəndən sonra, yeni kensçilərdə Valrasın bazar tarazlığı ideyasından imtina etdilər.[10] 1970–80-ci illərdə yeni kensçilər inhisarçı rəqabət bazarını, yapışqan qiymətləri və digər mikroiqtisadi hadisələrin necə keynsçi makroiqtisadiyyatla uzlaşdığını tədqiq ediblər.[11]

Makroiqtisadiyyat çoxsayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3 mərkəzi kategoriya birləşir. Makroiqtisadiyyat adətən istehsal, işsizlik və inflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər butun iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir.[12]

İstehsal, gəlir və xərclər (ÜDM)

[redaktə | mənbəni redaktə et]

Milli iqtisadiyyatın vəziyyətinin ölçülməsinin ən yaxşı üsulu məyyən müddət ərzində istehsal olunan son əmtəə və xidmətlərin həcminin müəyyən edilməsidir. Bunu ifadə etmək üçün istifadə olunan əsas göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). ÜDM müəyyən dövrdə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının və xidmətlərinin bazar dəyəridir.[13]

ÜDM iki məvhumu eyni anda ölçür: iqtisadiyyatdakı hər kəsin məcmu gəlirini və mal və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri. ÜDM bu xüsusiyyəti məcmu xərclərlə məcmu gəlirlərin bir-birinə bərabər olmasından irəli gəlir. Çünki, iqtisadiyyatda hər bir transaksiya əməliyyatında iki tərəf olur: Alıcı və satıcı. Kiminsə hər hansı məhsul (və ya xidmət) almaq üçün xərclədiyi pul digərinin gəlirinə çevrilir.[14] Dövrü axın modelində bu açıq şəkildə göstərilmişdir.[15]

İqtisadiyyatda işsizliyin həcmi işçi qüvvəsində çalışmayan hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçn ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən edilməlidir:[16]

  • Məşğullar. Bura hər hansı ödənişli işdə çalışanlar, eləcə də müəyyən səbəblərdən (xəstəlik, tətil) işə çıxmayanlar daxildir;
  • İşsizlər. Bu kateqoriyaya hazırda işi olmayan, iş axrarısında olan və işə yaralı şəxslər daxildir. Burada əsas məsələ, şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır;
  • İşçi qüvvəsi. Bura həm işi olanlar, həm də işsizlər daxildir;
  • İşçi qüvvəsinə daxil olmayanlar. Bura pensiyaya çıxanlar, istirahət edənlər, təhsil alan şəxslər, iş tapa bilməyib ruhdan düşmüş işsizlər, işləməyə yararsız olanlar daxildir.

İşsizliyin aşağıdakı formaları var:[17]

  • Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır.
  • Struktur işsizlik. Bəzən şirkətlər yeni texnalogiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnalogiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir.[17]
  • Dövrü(tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.[18]

İşsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan, yaxud artıran faktorlar tarazlıqda olur. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır.

Qiymət indeksləri əsas iki növü var:

  • İstehlakçı Qiymət İndeksi (İnflyasiya);
  • ÜDM deflyatoru. İstehlakçı Qiymət İndeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. Hesablandıqdan sonra yeni index əvvəl dpvrün in deksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır.[19]

İnflyasiya dərəcəsi = (İQİ2014 –İQİ2013)/ İQİ2013*100.

İqtisadçılar indiki qiymətlərlə hesablanmış ÜDM-a nominal ÜDM deyilllər. Bu həmin il ölkə daxilində istehsal olunan bütün son məhsulun dəyərini göstərir. İqtisadi artımı qiymətləndirmək üçün isə bu göstəricini əvvəlki dövrlərlə müqayisə edirlər. Bu zaman bir məsələ ortaya çıxır ki, bəs bütün məhsulların qiyməti 2 dəfə artıbsa, bu da ölkədəki istehsalın 2 dəfə artdığı hesab olunmalıdırmı? İqtisadçıların cavabı "Xeyr"dir. Bunun qarşısın almaq üçün isə Real ÜDM göstəricisindən istifadə olunur. Bu zaman ÜDM indiki yox, baza dövrünün qiymətləri ilə hesablanır. ÜDM deflyatoru isə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirir. ÜDM deflyatoru aşağıdakı kimi hesablanır.[20]

ÜDM Deflyatoru = Nominal ÜDM/Real ÜDM

AD-AS modeli (ing. agregative demand (məcmu tələb)-agregative supply (məcmu təklif) model) makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir.[21] Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir.[22] Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir:[22]

  • Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır.
  • Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir. Investisiya imkanları genişləndiyi üçün istehsal artır.
  • Xalis ixrac effekti. Hansı ölkədə ki, qiymətlər qalxırsa, onun məhsulları xarici məhsullar qarşısında daha az rəqabət qabiliyyətli olur və ixrac azalır. Daha az ixrac edən müəsisə daha az istehsal edir. Qiymətlər düşdükdə isə əksinə. Məcmu təklif əyrisi isə aşağı istehsal səviyyələrində üfüqi (elastik) və bütün istehsal amillərinin tam istifadə olunduğu potensial istehsal nöktəsindən etibarən isə şaquli (qeyri-elastik) olur.[23] Nə qədər ki, istehsal öz potensial səviyyəsinə çatmayıb, Məcmu Tələbin genişlənməsi özü ilə daha yüksək qiymət və istehsal səviyyəsi gətirəcək. AD-AS diaqramı inflayasiya ilə bağlı müxtəlif makroiqtisadi hadisələri izah etmək üçün də istifadə edirlir. Həmçinin bu model müxtəlif makroiqtisadi siyasətlərin effektlərini izah etmək üçün geniş pedaqoji əhəmiyyətə malikdir.

Əsas makroiqtisadi modellərdən biri də IS-LM modelidir. IS-LM modeli faiz dərəcəsinin və istehsalın həcminin əmtəə və pul bazarlarındakı tarazlığını əks etdirir.[24] Bu modelin adı 2 əsas iqtisadi tarazlığın birləşməsindən əmələ gəlir: İqtisadiyyatdakı investisiyalar (I) yığıma (S), pula olan tələb(L) isə pul təklifinə (M) bərabər olmalıdır. Bu model əmtəə və pul bazarlarının tarazlıqda olduğunu göstərir.[25] IS-LM modeli 1937-ci ildə nobel mükafatı laureatı Con Hiks tərəfindən yaradılıb. O,Con Menyard Keynsin 1936-cı ildə yazdığı "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabındakı fikirləri grafik olaraq təsvir edib.[26]

"IS" əyrisində investisiya (faiz dərəcəsi kimi verilən) yığıma (istehsal kimi verilən) bərabərdir Əmtəə bazarında faiz dərəcəsi və istehsal arasında tərs-mütənasiblik olduğundan "IS" əyrisi aşağı meyillidir. Çünki, istehsal artdıqca daha çox pul yığıma yönəlir, investisiyaların yığıma bərabər olması üçün faiz dərəcəsi aşağı düşür. Pul bazarında faiz dərəcəsi və istehsal düz mütənasib olduğu üçün "LM" əyrisi isə yuxarı meyllidir. Çünki, istehsal artdıqca pula olan tələb artır və buda faiz dərəcəsin artırır.[27]

Robert Solounun "Neoklassik Artım Modeli" uzunmüddətli dövrdə artımı izah edən ən uyğun modellərdən biridir. Bu model istehsalın onun iki tərkib hissəsi olan kapital və işçi qüvvəsindən aslılığını əks etdirən istehsal funksiyası ilə başlayır. Solou modelində güman edilir ki, işçi qüvvəsi və kapital sabit dərəcədə istifadə edilir. Yəni işsizlik dərəcəsində tərəddüdlər olmur və kapitalın istifadəsindəki faydalılıq sabit qalır. İstehsaldakı artım yalnız əlavə kapital ehtiyatları və daha çox əhali ya da məhsuldarlığı artıran yeni texnoloji üstünlüklər hesabına ola bilər.[28]

Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədilə istifadə edilir.[29]

Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yerirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini artırır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsin tənzimləyirlər. Mərkəzi bankların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir.

Monetar siyasət likvidlik tələsində effektsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda, Mərkəzi bank ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır.[30]

Fiskal siyasət hökumətin dövlət büdcəsinin gəlir və xərclərindən istifadə edərək iqtisadiyyata təsir etməsidir. Bu zaman istifadə edilən iqtisadi alətlərə xərclər, vergilər, borc misal ola bilər. Məsələn, istehsal potensial səviyyəsindən aşağı olduğu zaman dövlət xərcləri boş dayanmış resursların istifadəsinə yönəldilir. Dövlət xərcləri istehsaldakı bütün boşluğu doldurmamalıdır. Çünki multiplikativ effekt hesabına dövlət xərcləri iqtisadiyyata xərcləndiyindən daha çox təsir göstərir. Belə ki, əgər dövlət yol və körpü tikintisinə vəsait ayırırsa, bu istehsalı yalnız körpünün dəyəri qədər artırmır, həm də tikintidə çalışan işçilər öz istehlaklarını (və ya investisiyalarını) çoxaldır və istehsaldakı boşluğu doldurur.

Fiskal siyasət sıxışdırıb çıxarma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.

Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə fiskal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətlərin ümumi həcmi artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar.[30]

İqtisadçılar adətən monetar siyasəti fiskal siyasətdən üstün tuturlar. Burada əsas iki səbəb var:[31]

  • Monetar siyasətin müstəqil mərkəzi banklar tərəfindən həyata keçirilməsi;
  • Mərkəzi Bankların iqtisadiyyatda baş verən dəyişikliklərə fiskal siyasətə nisbətən daha çevik reaksiya verməsi.
  • Andrew B. Abel , Ben S. Bernanke, Dean Croushore. Macroeconomics, 6th ed. 2008.
  • Blanchard, Olivier (2011). Macroeconomics Updated (5th ed.). Englewood Cliffs: Prentice Hall 32
  • Mankiw, N. Gregory, Principles of Economics. 7th ed. 2014.
  • Mankiw, N. Gregory, Macroeconomics. 8th ed. 2013.
  • Samuelson A. P., Nordhaus D. W. Macroeconomics. 9th ed. 2010.
  • Atakişiyev M. C., Mikro və Makroiqtisadiyyat. Bakı,2010.
  1. Andrew B. Abel , Ben S. Bernanke, Dean Croushore. Macroeconomics, 6th ed. 2008. Səh 2.
  2. Blaug, Mark (1985), Economic theory in retrospect, Cambridge, UK: Cambridge University Press, ISBN 0-521-31644-8
  3. Sullivan, Arthur; Steven M. Sheffrin (2003), Economics: Principles in action, Upper Saddle River, New Jersey 07458: Pearson Prentice Hall, p. 57, ISBN 0-13-063085-3
  4. "Arxivlənmiş surət". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
  5. Patinkin, 2008
  6. Mankiw, 2006. səh. 5
  7. Snowdon, Vane, 2005. səh. 222
  8. Froyen, 1990. səh. 333
  9. Fischer, 2008
  10. Romer, 1993. səh. 6
  11. Mankiw, 2006. səh. 36
  12. Blanchard, Olivier (2011). Macroeconomics Updated (5th ed.). Englewood Cliffs: Prentice Hall 32
  13. Mankiw, N. Gregory (2014), Principles of Economics, səh 496
  14. Mankiw,2014 . səh 494
  15. Mankiw,2014. səh 495
  16. Samuelson A. P., Nordhaus D. W. Macroeconomics. 2010. Səh 309
  17. 1 2 Samuelson, 2010. Səh 310
  18. Atakişiyev M. C., Mikro və Makroiqtisadiyyat. Bakı,2010. səh 392
  19. Mankiw,2014.səh 512–515
  20. Mankiw G. Macroeconomics. 8th ed. 2013. Səh 24–25
  21. Healey, Nigel M. (2002). "AD-AS model". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. pp. 11–18. səh 12
  22. 1 2 Healey, Nigel M. 2002. səh 13
  23. Healey, Nigel M. 2002. səh 12
  24. Durlauf, Steven N.; Hester, Donald D. (2008). "IS–LM". In Durlauf, Lawrence E.; Blume. The New Palgrave Dictionary of Economics (Second ed.). Palgrave Macmillan. Retrieved 5 June 2012
  25. Andrew B. Abel , Ben S. Bernanke, Dean Croushore. Macroeconomics, 6th ed. səh 310
  26. Andrew B. Abel. 2008. səh 310
  27. Peston, Maurice (2002). "IS-LM model: closed economy". In Snowdon, Brian; Vane, Howard R. An Encyclopedia of Macroeconomics. Edward Elgar. Peston 2002, p. 387
  28. Solow, Robert (2002). "Neoclassical growth model". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. 518–519
  29. Mayer, Thomas (2002). "Monetary polic: role of". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. Səh 495
  30. 1 2 "Arxivlənmiş surət". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
  31. Mayer, Thomas (2002). "Monetary polic: role of". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. pp. 495–499. ISBN 978-1-84542-180-9. 495