Bu məqaləni vikiləşdirmək lazımdır. |
Con Meynard Keyns (ing. John Maynard Keynes; 5 iyun 1883[1][2][…], Kembric[3] – 21 aprel 1946[3][1][…]) — İngilis iqtisadçısı. O, xüsusilə 1930-cu illərdəki Böyük Depressiya dövründə iqtisadiyyata dair irəli sürdüyü nəzəriyyələrlə tanınır və müasir makroiqtisadiyyatın əsas yaradıcılarından biri hesab olunur. Onun ən məşhur əsəri İş, Faiz və Pulun Ümumi Nəzəriyyəsi (1936) adlanır və bu əsərdə o, dövlətin iqtisadiyyatda aktiv rol oynamasının zəruriliyini izah edir.
Con Meynard Keyns | |
---|---|
ing. John Maynard Keynes | |
Doğum tarixi | 5 iyun 1883[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1946[3][1][…] (62 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Əsas maraqları | Mikroiqtisadiyyat |
Vikianbarda əlaqəli mediafayllar |
Keynsin əsas ideyası ondan ibarətdir ki, iqtisadi tənəzzül dövrlərində hökumət dövlət xərclərini artıraraq və ya vergiləri azaldaraq ümumi tələbi stimullaşdırmalı və işsizliyi azaltmalıdır. Bu yanaşma "Keynsçilik" adlanır və dünya iqtisadiyyatında çox təsirli olmuşdur. Keynsin fikrincə, sərbəst bazar hər zaman öz-özünə sabitliyə nail ola bilmir və bəzən dövlət müdaxiləsi tələb olunur. Onun ideyaları iqtisadi siyasətlərin inkişafında mühüm təsirə malik olmuş və xüsusilə XX əsrdə bir çox ölkələrdə dövlət müdaxiləsinə əsaslanan iqtisadi modellərin əsasını təşkil etmişdir.
C. Keyns 1883-cü ildə Kembricdə məntiq və iqtisadi nəzəriyyə professoru ailəsində anadan olmuşdur.
Atası Con Nevila Keyns Kembricdə məntiq və iqtisadiyyatdan dərs deyirdi. Kembric Universitetinin nəzdindəki kollecdə 1902–1906-cı illərdə təhsil alan C. Keyns, o dövrün ən məşhur iqtisadçı alimi A. Marşallın mühazirələrini dinləmişdir.[4] Klassik məktəb ənənələrindən olan "Siyasi iqtisad" fənni adı məhz həmin illərdə A. Marşallın təşəbbüsü ilə dəyişdirilərək "İqtisadiyyat" adı ilə əvəz edilmişdir.
1906–1908-ci illərdə müstəmləkə ölkələri üzrə nazirliyin, Hindistan üzrə idarəsində əvvəl hərbi işlərdə, daha sonra gəlirlər, statistika və ticarət şöbəsində işləmişdir. Geniş riyazi və iqtisadi biliyə malik olan C. Keyns 1908-ci ildə A. Marşalın dəvəti ilə Karol kollecinə, iqtisadi problemlər üzrə mühazirə oxumağa dəvət olunur. Müəllimi A. Marşala böyük məhəbbət və ehtiramı ilə o, orada həm iqtisadiyyatdan, həm də riyaziyyatdan mühazirələr oxuyur. Demək olar ki, 1909–1915-ci illər ərzində həmin kollecin daimi işçisi kimi fəaliyyət göstərir.
İlk elmi məqaləsini 1909-cu ildə "İndeks metodu" adı altında dərc etdirir. F. Edjortun redaktoru olduğu "İqtisadiyyat jurnalı"nda, onu 1912-ci ildə bu vəzifədə əvəz edir. Demək olar ki, ömrünün axırına qədər bu vəzifəni özündə saxlayır. 1913–1914-cü illərdə Hindistanın Maliyyə və pul tədavülü üzrə Kral komissiyasının üzvü olur. Həmin bu illərdə Krallığın iqtisadiyyat cəmiyyətinin katibi vəzifəsində təsdiq olunur. Elm aləmində ilk dəfə olaraq ona şöhrət qazandıran 1913-cü ildə dərc etdirmiş olduğu "Hindistanın pul tədavülü və maliyyəsi" əsəri olmuşdur. 1915–1919-cu illərdə Britaniya xəzinədarlığında beynəlxalq maliyyə problemləri ilə məşğul olur.
1919-cu ildə dərc etdirmiş olduğu "Versal sülh müqaviləsinin iqtisadi nəticələri" əsəri ona dünya şöhrəti gətirir.
Qələbə çalmış ölkələrin iqtisadi siyasəti ilə razılaşmayan C. Keyns hər cür iqtisadi blokadanın əleyhinə çıxır. Xüsusən də Sovet Rusiyasına qarşı tətbiq olunan iqtisadi blokada ilə əlaqədar Paris sülh konfransındakı çıxışında qeyd etmişdir ki, "biz o qədər Rusiyanı deyil, daha çox özümüzü blokadaya salırıq".
Dövlət idarələrində müvəqqəti işlərini dayandıran Keyns, Kembric Universitetində müəllimlik fəaliyyətini gücləndirir. Bunun nəticəsində o, bir-birinin ardınca tutarlı əsərlər dərc etdirir. 1921-ci ildə "Ehtimal haqqında traktat", 1923-cü ildə "Pul islahatı haqqında traktat", 1926-cı ildə "Azad sahibkarlığın sonu", 1930-cu ildə "Pul haqqında traktat" əsərlərini dərc etdirir və nəhayət, özünün ən məşhur əsərini 1936-cı ildə yazır.
C. Keyns aktiv ictimai–siyasi həyata 1929-cu ildə qayıdır və elə həmin ildən hökumətin maliyyə və sənaye komitəsinin üzvü təyin edilir. İkinci dünya müharibəsi ərəfəsində Britaniya xəzinəsinin məsləhətçisi təyin edilir. O, 1942-ci ildə İngilis banklarının birinin direktoru təyin olunur. 1944-cü ildə Bretton-Vuddakı valyuta konfransında Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Bərpa və İnkişaf Bankının yaradılması planının hazırlanması işində öz ölkəsinin baş nümayəndəsi təyin edilir.
1945-ci ildə o yenidən ingilis maliyyə işinə rəhbərlik edir. C. Keynsin bu qısa xronoloji tərcümeyi-halına diqqət yetirərkən aydın olur ki, onun irəli sürdüyü ideyalar XX əsrin iqtisad elmində böyük irəliləyişlər etdi və o hazırda bir sıra ölkələrin iqtisadi siyasətinin müəyyən edilməsində əvəzsiz rol oynamışdır. Özünün qeyd etdiyi kimi "mütəfəkkir iqtisadçıların və siyasətçilərin ideyaları, onların səhv və düz olmasından asılı olmayaraq düşündükdən daha çox böyük əhəmiyyətə malikdir. Həqiqətən dünyanı idarə edən yalnız onlardır.
C. Keynsin iqtisadi fikrinin ən dəyərli cəhəti ondan ibarətdir ki, bazar iqtisadiyyatına sırf təkmilləşən, özü-özünə tənzimlənən bir mexanizm kimi baxmamış, əksinə onun təbiətinə vaxtaşırı xronoloji böhran törədici elementlərlə əhatə olunduğunu sübut etmişdir. Kapitalist iqtisadiyyatının sərbəstliyini, o çatışmaz cəhəti kimi qeyd etmiş və onun mütləq dövlət tərəfindən idarə olunması zəruriliyini sübuta yetirmişdir. İlk dəfə olaraq yüz ildən yuxarı davam edən A. Smitin "İqtisadi sistemi"ndə mühüm yer tutan "azad bazar" ideyasının "tənzimlənən bazar" ideyası ilə əvəz olunması oldu. Digər tərəfdən, əgər 30-cu illərdə Kapital dünyası asılmaq təhlükəsi altında idisə, C. Keyns özünün "səmərəli tələb" nəzəriyyəsi qayçısı ilə onu xilas etdi. Ölkə iqtisadiyyatının artım səviyyəsini və maksimum məşğulluğa nail olunması mənbəyini dövlət müdaxiləsində görən Keyns ideyasının zənginliyi, bu günlər yeni iqtisadi sistem quran müstəqil dövlətlər üçün, o cümlədən Azərbaycan Respublikası üçün müstəsna əhəmiyyəti vardır.
C. Keynsin iqtisadi təliminin metodoloji əhəmiyyəti ondan ibarətdir ki, o cəmiyyətdəki bütün iqtisadi hadisələrini mikroiqtisadi yanaşma ilə makroiqtisadi təhlil edərək ilk dəfə kapitalist iqtisadiyyatının makroiqtisadi təhlilini vermişdir. İqtisadi təfəkkür tərzinin formalaşmasında psixoloji qanunların rolunu üzə çıxarmışdır. Xüsusən "səmərəli tələb"in əmələ gəlməsində dövlətin stimullaşdırıcı imkanlarını göstərmişdir. İşsizliyin aradan qaldırılmasına görə hər cür əmək haqqının azaldılması metodlarının əleyhinə çıxmışdır. Müəyyən işsizlik səviyyəsini saxlamaqla, tam məşğuliyyətin həyata keçirilməsi istiqamətlərini müəyyən etmişdir. İstehsal miqyası ilə istehlakın miqyası arasındakı birbaşa əlaqəni izah etməklə, gəlirlərin artım səviyyəsini göstərmişdir. İstehlak səviyyəsi ilə gəlirlərin səviyyəsi arasındakı fərqin, ümumi işsizliyin azalması nəticəsində psixoloji qanunların təsiri nəticəsində sonuncunun xeyrinə dəyişildiyi istiqamətini əsaslandırmışdır.
İnvestitsiyanın artımı ilə gəlirlərin artımı arasındakı birbaşa əlaqənin mahiyyətinin əsaslandırılması C. Keyns nəzəriyyəsinin ən incə və tutarlı istiqamətlərindəndir.
Con Meynard Keynsin (1883–1946-cı illər) ideyası altında formalaşmış makroiqtisadi nəzəriyyə, məhz bu baxımdan əhəmiyyətlidir. Kembric məktəbinin ən böyük nümayəndələri olan A. Marşallın və A. Piqunun tələbəsi və davamçısı olmuşdur. Lakin Keynsin elmi dünyagörüşü, iqtisadi sxemləri o qədər əhatəli və zəngin idi ki, o, öz sələflərindən uzaqlaşıb, tamamilə yeni bir nəzəriyyə yaratdı.
Göstərmək lazımdır ki, elə bir nəzəriyyəçi tapmaq olmaz ki, istər Keynsə qədər, istərsə də ondan sonra həyatda onun qədər mübahisəyə səbəb olan müxtəlif istiqamətli ideyaları olsun.
Keynsin nəzəriyyəsi, gələcək tədqiqatların həm mənbəyi, həm də istiqamətləndiricisi olub. Təsadüfi deyil ki, Keynsin makroiqtisadi təhlilini əsas göstərməklə iqtisadi tənzimlənməni həyata keçirmək üçün milli hesablar sisteminin işlənib hazırlanması zəruriliyi meydana gəlmişdir.
Keynsin nəzəriyyəsindən asılı olaraq, iqtisadi artım, iqtisadi tsikl, iqtisadi müvazinət nəzəriyyələri formalaşmış, antiinflyasiya, defisitli maliyyələşmə kompensasiyaları öz tətbiqi sferalarını tapmışdır.
XX əsrin 20-ci illərinin sonu, 30-cu illərin əvvəllərində Qərbi Avropa ölkələrini, ABŞ-nin, eləcə də bütün kapitalist dünyasını bürümüş böhranlar, bu ölkə iqtisadçılarını bir növ şok vəziyyətinə salmışdır. Belə ki, ölkələrin iqtisadiyyatı elə bir vəziyyətə düşmüşdür ki, təkcə istehsal olunmuş məhsulların reallaşmaması ilə yanaşı, işsizlik sürətlənmiş, inflyasiya səviyyəsi görünməmiş dərəcədə qalxmışdır. Ən aparıcı kapitalist ölkələri hesab olunan ABŞ-də, Böyük Britaniyada, Almaniyada istehsalın səviyyəsi sürətlə aşağı enmiş, işsizlərin sayı gündən-günə çoxalmışdı.
Klassik nəzəriyyəni rəhbər tutmuş iqtisadçıların əksəriyyəti mövcud vəziyyətin müvəqqəti xarakter daşıdığını göstərirdilər. İqtisadiyyatın böhranlı vəziyyətə düşməsinin, "Böyük tənəzzül"ün əsl səbəblərini izah edə bilmirdilər. Belə ki, bəzi iqtisadçılar bunun səbəbini tələbin səviyyəsinin həddindən aşağı düşməsi ilə, bəziləri ifrat istehsalın baş verməsi ilə, digərləri kapital qoyuluşunun həcminin aşağı düşməsi ilə, eləcə də, vergi-kredit sisteminin mütərəqqi rolunun azalması ilə izah edirdilər. Cəmiyyətin aparıcı işgüzar adamları, sahibkarlar, biznesmenlər vəziyyətin çıxış yolu barədə aramsız düşünürdülər. Çünki ən fəlakətli cəhət bu idi ki, kapitalist dünyasını işsizlik tamam bürümüşdür. Halbuki, bu dövrlərdə sosialist sisteminin aparıcı dövləti olan SSRİ-də işsizlik tamamilə aradan qaldırılmışdı. Əslində böhran iqtisadi sferadan çıxıb ölkələrin siyasi, ideoloji, sosial sahələrini də bürüyürdü. Belə bir şəraitdə elə bir nəzəriyyəyə ehtiyac duyulurdu ki, o iqtisadi böhranların aradan qaldırılması yollarını göstərməklə, ölkələrdə mövcud olan bazar sisteminin daha əsaslanmış şəkildə fəaliyyət göstərməsinə imkan yaratmalı idi.
Belə bir vaxtda görkəmli ingilis iqtisadçısı Con Meynard Keynsin 1936-cı ildə Londonda dərc etdirmiş olduğu "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" əsəri sözün əsl mənasında iqtisad elmində böyük inqilab etmiş oldu. Bu əsər ona böyük şöhrət gətirməklə ilk dəfə olaraq Qərbi Avropa ölkələrində, eləcə də ABŞ-də dövlət səviyyəsində iqtisadiyyatın sabitləşməsinin nəzəri-metodoloji əsasını qoydu.
Lap gənc yaşlarından birja oyunlarından böyük qazanc əldə edən C. Keyns, eyni zamanda Böyük Britaniya hökumətinin tərkibində məsləhətçi idi. O, bir sıra praktiki əhəmiyyətli iqtisadi siyasət sahəsində əməli tövsiyələri ilə də böyük müvəffəqiyyətlər əldə etmişdir. Fitri istedadı, dərin elmi məntiqi, nəzəri-metodoloji hazırlığı ilə seçilən C. Keyns alim – iqtisadçılar arasında ilk Lord titulunu almışdır ki, bu da ona Londonda parlamentin yuxarı palatasının iclaslarında iştirak etmək huququ verirdi.
Keyns haqqında dünyanın görkəmli iqtisadçı alimlərinin söylədikləri:
"Keyns hərtərəfli istedadlı adam olub, riyaziyyat, fəlsəfə və ədəbiyyat sahəsində məşhur idi. O elə iqtisadçı idi ki, həm özü üçün, həm də Kembric Kral kolleci üçün qazanmağı bacarırdı. Onun 1936-cı ildə dərc olunmuş "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyələri" əsəri bizim yüz illiyin iqtisadi fikrinə güclü təkan verdi və güman ki, klassik əsər kimi uzun müdət yaşayacaqdır".
"Keyns iqtisadi nəzəriyyənin skeletini yaradıb. Başqalarına ora qan əlavə eləmək qalıb və bu proses bizim günlərdə də yüksək sürətlə artmaqda davam edir".
"Müasir iqtisadi ideyalar tarixində Keynsin "Ümumi nəzəriyyə"si təkcə makroiqtisadiyyatda etdiyi inqilabi yeniliyi ilə deyil, eləcə də tənqid və diskussiya ilə onun inkişafını müşahidə edən "əfsanəvi proses" kimi əhəmiyyətlidir".
"Keyns klassik nəzəriyyəni tənqid etməklə iqtisadi təlimdə makroiqtisadi məsələlərə dair böyük inqilab etdi. Keyns müasir məşğulluq nəzəriyyəsinin ilkin banisidir".
"Keyns inqilabına, onun ideyasının paradoksal təbliğinə diqqət yetirəndə aydın olur ki, məhz bunun sayəsində Qərb iqtisadiyyatı öz yönümünü köklü olaraq dəyişə bilib".
"Keynsin ideyaları, şübhəsiz ki, iqtisadi siyasəti müəyyən edənlərə daha çox təsir göstərmişdir. Əgər sosial inkişaf əsas yaratmasaydı, siyasətçiləri Keynsin təkliflərinə müraciət etdirməyi məcbur etməsəydi, onun elmi ideyaları da bu qədər güclü təsirə malik olmazdı".
"Keynsin ideyalarını, qiymətləndirərkən, onların bəzilərini qəbul etmək olar, bəzilərini isə yox, lakin sərbəst bazar iqtisadiyyatının tam məşğulluğa tam nail olunmaq qabiliyyətinə malik olmadığı ideyasını birmənalı qəbul etmək lazımdır. Çünki Keyns nəzəriyyəsinin əsas dərsi, əmək haqqının çevik olmaması iqtisadi deyil, siyasi fenomendir".