Mazut Konstitusiyası

Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi.

Fəhlə hərəkatının güclənməsi

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı.

1904-cü il dekabrın 12-də "BalaxanıBibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir".

Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular.

Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri"nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.[1]

RSDFP Bakı Komitəsi əvvəldən, qış mövsümü olmasını və dənizdə naviqasiyanın dayandırılmasını nəzərə alaraq, bu tətilin əleyhinə çıxmışdı. Lakin hadisələrin geniş miqyas aldığını görüb tətilə qoşuldu və bu barədə buraxdığı vərəqədə elan etdi: "Tətil başlamışdır. Hazırkı məqamda kapitalistlərə müharibə elan edilməsinə bizim münasibətimiz necə olursa olsun, biz bütün qüvvələrimizi sərf etməliyik ki, qələbə bizim, fəhlələrin olsun. Lakin, yoldaşlar, unutmayın ki, nə qədər ki, bizim başlıca düşmənimiz (çar hökuməti), bizim kapitalistlərin dostu devrilməyibdir, kapitalistlər üzərində bizim heç bir qələbəmiz möhkəm olmayacaq".[2]

Tətil komitəsinin yaradılması və başlıca tələblər

[redaktə | mənbəni redaktə et]

Tətilə rəhbərliyi ələ almaq uğrunda iki təşkilat arasında mübarizə başlandı. Bu zaman Bakı Komitəsi şəhər rayonunda, şendrikovçular isə neft mədənləri və neftayırma zavodlarında üstün mövqeyə malik idilər. Bakı Komitəsi tətilə rəhbərlik etmək üçün A.M.Stopani, P.A.Caparidze və İ.Fioletov başda olmaqla, tətil komitəsi təşkil etdi. Şendrikovçular tətil komitəsinə daxil olmaqdan imtina etdilər.

Bu zaman tətil genişlənməkdə davam edirdi. Neft sənayeçiləri danışıqlara getməyə məcbur oldular. İki həftə əvvəl şendrikovçuların hazırladıqları tələblərin bütöv təkrarı olan bir sıra iqtisadi tələblər ətrafında danışıqlara RSDFP(b) Bakı Komitəsinin nəzarəti altında olan Tətil komitəsi fəhlələrin nümayəndəsi kimi rəhbərlik edirdi.

Danışıqlar bir neçə dəfə pozuldu və nəhayət, dekabrın 21-də tətilin dekabrın 23-də dayandırılacağı barədə razılıq əldə edildi. Lakin tətilin rəhbəri şöhrətini əldən vermək istəməyən şendrikovçular fəhlələri açıqdan-açığa işə çıxmamağa çağırırdılar. Dekabrın 23-də iş başlanmadı, müxtəlif fəhlə qrupları arasındakı toqquşmalar və jandarmların işə müdaxiləsi qan tökülməsinə gətirib çıxardı. Sahibkarlar dekabrın 27-ni işə qayıdış günü elan etdilər. Lakin bolşeviklər vəziyyətdən istifadə edərək, 25 yeni tələb hazırladılar və onları sahibkarlara təqdim etdilər. Bu tələblərin əsasında dekabrın 27-də yeni saziş əldə olundu. Bu saziş 9 saatlıq iş gününə (birinci sazişdə 9,5 saatlıq) əməl olunması, xəstəliyə görə 2 aylıq məzuniyyət verilməsini (birinci sazişdə 1,5 ay), 3 növbəli işin tətbiqini, İran təbəələri və digər millətlərdən olan fəhlələr arasında qeyri-bərabərliyin aradan qaldırılmasını və i.a. nəzərdə tuturdu.[3]

İlk müştərək müqavilənin imzalanması

[redaktə | mənbəni redaktə et]

Tətilin başa çatdırılmasında bolşeviklərin qələbəsinə yol vermək istəməyən şendrikovçular "iqtisadi terrora", yəni neft buruqlarının yandırılmasına əl atdılar. İ.Şendrikov mədənlərdə çıxış edərək, fəhlələri tətili davam etdirməyə çağırır, yeni tələblər hazırladığını bildirirdi. Bu tələblər hazırlandı və dekabrın 30-da "Elektriçeskaya sila" zavodunda, böyük fəhlə kütləsinin əhatəsində Rusiya fəhlə hərəkatı tarixində ilk kollektiv müqavilə imzalandı. "Mazut konstitusiyası" adı ilə məşhur olan bu müqavilə bolşeviklərin dekabrın 27-də imzaladıqları sazişin şərtlərinə əlavə olan aşağıdakı maddələri nəzərdə tuturdu:: tətil günləri üçün fəhlələrə əmək haqqı ödənilməsi; fəhlələrə mənzil, kerosin, neft və su verilməsi; əmək qabiliyyətini itirənlər üçün 3 ay müddətində əmək haqqının yarısının saxlanması; tətilçilərin cəzalandırılmayacağına təminat verilməsi.[4][5]

1904-cü ilin kollektiv müqaviləsi Bakı fəhlələrinin çox böyük nailiyyəti olub, onun maddi vəziyyətini xeyli yaxşılaşdırdı. Neft sənayeçilərindən qoparılmış güzəştlər pulla hər ay 150 min manata və ya fəhlələrin ümumi əmək haqqının 20 faizinə bərabər idi.[6]

  1. Бакинская стачка 1904 г. // Сборник документов. Баку, 1955, səh. 42-43.
  2. "Бакинские известия", 27 декабря 1904 г.
  3. "Бакинские известия", 27 декабря 1904 г
  4. Раевский А. Большевизм и меньшевизм в Баку 1904-1905 гг. Баку, 1930
  5. Багирова И.С. Политические партии Азербайджана в начале XX века. Баку, 1937, səh. 71
  6. 2. "Нефтяное дело", январь, 1905 г.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]