Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri.
Müdafiə Partiyası | |
---|---|
Qurucu | İbrahim Vəkilov |
Quruluş tarixi | May 1907 |
Dağılma tarixi | 1909 |
Sələfi | Difai Partiyası |
1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər.
Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı.
Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Lakin üzvlərinin azlığı və polis tərəfindən təzyiqlərə məruz qalması üzündən Müdafiə, müəyyən təbliğatçılıq fəaliyyəti istisna edilməklə, əməli fəaliyyət göstərə bilmədi və 1908-ci ildə fəaliyyətini dayandırdı. Bəzi mənbələrə görə, Müdafiənin fəaliyyəti 1909-cu ilə qədər davam etmişdi.[1]